Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:29

Almaniyadan deportasiya edilən daha bir azərbaycanlıya 8 il həbs istəndi


Samir Aşurov
Samir Aşurov

Almaniyadan deportasiya olunub Bakıya göndəriləndən az sonra həbs edilən siyasi fəal Samir Aşurova 8 il həbs cəzası tələb edilib. Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təklifi irəli sürüb.

Prokurorun iddiasına görə, S.Aşurovun metronun “Neftçilər” stansiyasının yaxınlığında Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirdiyi məhkəmədə sübuta yetirilib.

Təqsirləndirilən siyasi fəal bu ittihamla razılaşmır və iddia edir ki, zərərçəkmiş qismində tanınan E.Nəbiyev polislərlə əməkdaşlıq edir və şərlənməsində həmin adamdan istifadə olunub. S.Aşurovun sözlərinə görə, E.Nəbiyevin özü-özünə xəsarət yetirib.

Dekabrın 4-də məhkəmədə prokurorun çıxışından öncə S.Aşurovun vəkili Elçin Sadıqov zərərçəkmişin polislərlə əlaqədə olub-olmadığının araşdırılmasından ötrü vəsatətlər qaldırıb.

O, E.Nəbiyevin hadisə baş verən ərəfədə polislərlə bağlantısını araşdırmaq məqsədilə 2021-ci il aprelin 18-dən 20-nədək onun mobil telefonuyla bağlı anten bilgilərinin alınmasını istəyib.

“Elşən Nəbiyev iddia edir ki, hadisədən sonra əməliyyat olunub. Amma videogörüntüdə onun bədənində əməliyyat izi görünmür. Aydındır ki, bütün cərrahiyyə əməliyyatlarının videosu çəkilir. Xahiş edirik, o əməliyyat edilibsə, həmin xəstəxanadan əməliyyatın görüntüsü alınsın”, - vəkilin daha bir vəsatəti bu məzmundadır.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Ardından hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib və məhkəmədə çıxışlar mərhələsi başlanıb.

Prokuror çıxışında S.Aşurovun Cinayət Məcəlləsinin həm 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), həm də 221-ci (xuliqanlıq) maddəsilə təqsirli sayılıb cəzalandırılmasını istəyib.

S.Aşurovun vəkili müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Ona dekabrın 18-nədək vaxt verilib.

S.Aşurov 2021-ci il aprelin 19-dan həbsdədir. İttihama görə, həmin gün axşam saat 21.15 radələrində küçədə telefonuna baxa-baxa gedərkən, üzbəüz gələn E.Nəbiyevə çiyni ilə toxunub. Nəbiyev buna görə ona irad bildirib. Bu üzdən, S.Aşurov onu yerə yıxaraq, bıçaqla qarın boşluğundan iki zərbə vurub.

“Hərəsi bir kolun dalında gizlənibmiş”

Siyasi fəal bu ittihamın uydurma, hadisəninsə öncədən planlaşdırılmış təxribat olduğunu deyir. Onun sözlərinə görə, Almaniyada yaşadığı dövrdə orada Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq keçirilən aksiyalara qatıldığına, sosial şəbəkələrdə tənqidi paylaşımlarına görə cəzalandırılıb:

“Axşam evə gedirdim. Bir nəfər qışqıra-qışqıra üstümə gəldi. Təxribat olduğunu anlayıb, qaçmağa başladım. Qaçanda ətrafdakı ağacların altından polislər çıxdı. Sən demə, əvvəldən hərəsi bir kolun altında gizlənibmiş...”

S.Aşurov heç kimə bıçaqla xəsarət yetirmədiyini də vurğulayıb. O iddia edir ki, E.Nəbiyevin bədənində illər öncədən olan çapıq izi var və onu yeni yara kimi qələmə verirlər:

“O adam Nizami rayonundakı polis idarəsində qarnındakı yara yerini göstərdi. Qətiyyən yeni yara yeri deyildi. Bir neçə il əvvəlki yaranın yeri idi, təzə yara kimi göstərirdi. Saxtakarlıq eləyirdi. Hamı bilir ki, bu, məni həbs eləmək üçün bir oyundur, mən kimisə vurmamışam. Mənim üstümdə bıçaq olmayıb...”

Son 2 il ərzində Almaniyadan deportasiya olunanlardan 6 nəfər Azərbaycana qayıdandan sonra həbs edilib və onlara qarşı narkotik və başqa ittihamlar irəli sürülüb. Amma heç biri ittihamı qəbul etmir, Almaniyadaykən, Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq keçirilən aksiyalara qatıldığına, hökumətin ünvanına səsləndirdiyi tənqidlərə görə şərləndiyini bildirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaların əsassız olduğunu deyib:

“Bu cür fikirlər qətiyyən həqiqətə uyğun deyil. Konkret faktlar əsasında saxlanılıblar”.

XS
SM
MD
LG