Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:45

Altay Göyüşov: 'Özlərindən din yaratmaq istəyirlər'


Altay Göyüşov
Altay Göyüşov

►“Bir də dövlətin nə işinə qalıb, vətəndaş bayramını nə vaxt keçirir? Nə zaman istəyir, bayramını keçirsin də. Dövlətə bütün bunların nə dəxli?”

“Mübariz Qurbanlı sovet ziyalısıdır, məsələyə “Mübariz allahsızlar cəmiyyəti” və ya “Bilik” cəmiyyətinin ateist “propaqandası” çərçivəsindən baxır”

İslam ölkələrində dini bayramlar eyni gündə keçiriləcək. İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı belə deyib. Onun sözlərinə görə, bununla bağlı Türkiyədə keçirilən bir beynəlxalq toplantıda ilkin qərar verilib.

*73 min nəfər Youtube Kanalımıza abunədir və hər gün yeni video izləyir. Siz də abunə olun

Dini məsələlər üzrə ekspert, tarixçi Altay Göyüşov isə bunumümkünsüz sayır, bu istəyi, sadəcə, “nağıl” adlandırır. O, AzadlıqRadiosuna deyir:

– Nağıl danışırlar. Nəzəri olaraq, bu mümkündür, ancaq faktiki, bunu reallaşdırmaq mümkün deyil. Çünki müsəlman ölkələrində, belə deyək, katolik papası yoxdur ki, bir qərar versin. Onu zorla bəlkə də tətbiq etmək olacaq, ancaq alınmayacaq. Hər il şeyxülislamlıq bayramla bağlı qərar verir, amma hamı altdan bayramını öz dini qaydalarına uyğun qeyd edir. Dediyim kimi, formal mümkündür, de fakto nəyəsə təsir göstərmək imkanları yoxdur. Çünki arxasında o mənəvi qüvvə yoxdur. Ümumiyyətlə, Mübariz Qurbanlı Komitəyə sədr gələndən sovet təbliğatına bənzər bəyanatlar verir. Amma təəssüf ki, reallıqla əlaqəsi yoxdur. Problemi həll etmirlər, həll edilmiş görüntüsü yaradırlar. Problem konservasiya olunur ta o vaxta kimi ki, yenidən od təki püskürüb meydana çıxmağa şərait axtarır. Halbuki normal demokratik ölkədə problem tədricən, təmasla, islahat aparmaqla, maarifçiliklə həll olunur, kəskinlik aradan götürülür.

____________________________________________________________

Bunlara da bax:
Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)
A.Merkel: “Ümid edirəm, alman fondları yenə Azərbaycanda işləyəcək”

____________________________________________________________

– Amma Komitə rəsmiləri bununla bağlı bölgələrdə görüşlər keçirdiklərini, müzakirələr apardıqlarını bildirirlər.

– Bizim Komitənin siyasəti sovet siyasətidir. Sovet dövründə “Mübariz allahsızlar cəmiyyəti” var idi. Onun aylıq mətbu orqanı “makulatura” kimi yığılıb qalırdı, heç kim heç nə başa düşmürdü. Yaxud da “Bilik” cəmiyyətinin adı ilə alimləri yığıb aparırdılar ateizm təbliğatı aparmağa, kolxozçular qarşısında boş-boş çıxışlar edirdilər, sonra da yüz-yüz vurub qayıdırdılar. Sovetlər dağılan kimi də biz problemlərlə üzləşdik. Sekulyar cəmiyyətlə həmin konservasiya edilmiş, sıxılmış, repressiya edilmiş dini düşüncə arasında konflikt yarandı. Bunun da həlli demokratik cəmiyyətdə gerçək müzakirələrdən, gerçək təmaslardan keçir. Mübariz Qurbanlı sovet ziyalısıdır, məsələyə “Mübariz allahsızlar cəmiyyəti” və ya “Bilik” cəmiyyətinin ateist “propaqandası” çərçivəsindən baxır, baxmayaraq ki, sovetlər 25 ildir dağılıb, dünya dəyişib.

– Bu bayramların eyni gündə keçirilib-keçirilməməsinin bir önəmi varmı? Niyə bu məsələ son illərdə belə qabardılır? Bir məqam da, Azərbaycan bu məsələdə Türkiyədən daha çox İrana meyllənir elə bil.

– Söhbət İrana meyllənməkdən getmir. Azərbaycanda əksəriyyət şiələrdir. Şiəlik məzhəbində də hər bir kəs öz mərcai-təqlidinin fətvasına uymalıdır. İnqilabdan sonra İranda dini başçı var, şiə camaatı onun fətvası ilə hərəkət edir. Son rəqəmləri bilməsəm də, 2010-cu illərin əvvəllərində aparılan müşahidələr göstərir ki, Azərbaycan şiələrinin əksəriyyəti dini avtoritet kimi Xamneyini qəbul edir, bir qismi də Nəcəfdə Sistanini. Bizim Qafqaz Müsəlmanları İdarəsi açıq deməsə də, görünən odur ki, Xamneyini təqlid edir. Hərçənd Şeyx bir dəfə “Xamneyi” deyir, bir dəfə də “Sistani”, baş açmaq olmur ondan. Ölkədəki sünni müsəlmanlarsa müxtəlif qruplara bölünür, onların da bəzisinin dini mərkəzi Misirdədir, Səudiyyədədir, Türkiyədədir. Mübariz Qurbanlının dediyi bilirsiz nəyə oxşayır? Elə bil provaslavla katolikə deyirsən ki, “bayramını eyni gündə keçirəcəksən”. Dövlət başçısı, sekulyar dövlət qurumu dini prosesləri idarə etməyə qalxırsa, deməli, onun ümumiyyətlə, dindən başı çıxmır. Və ya bunu süni şəkildə həyata keçirmək istəyir, elə bilir, rəsmi qərarla bunu tənzimləmək olar. Təcrübə göstərir ki, bu mümkün deyil. Maksimum nə baş verir, camaat dövlətdən qorxmağa başlayır, üzdə deyir, “qəbul edirəm”, altda eləmir. Bu da bayaq dediyim konservasiya məsələsidir.

– Komitə rəsmisi bildirib ki, Ramazan ayı boyunca monitorinq aparacaqlar və QMİ-nin təqvimindən çıxanlar cəzalandırılacaq. “Bu, dövlətin dinə müdaxiləsidir” demək olarmı?

– Basqıyla, hücumla qərar qəbul etdirmək olmur. Bir də dövlətin nə işinə qalıb, vətəndaş bayramını nə vaxt keçirir? Nə zaman istəyir, bayramını keçirsin də. Dövlət niyə bu dərəcədə aktivdir? Dini icmadır, qoy keçirsin də, dövlətin tərkibi deyil və ya biz islam dövləti deyilik. Dövlətə bütün bunların nə dəxli? Mənə çatmır. Bəli, dövlət bayramı uyğunlaşdıra bilər, 3 gün bayram elan edər. Kim istər, namazı birinci gün qılar, kim istər, üçüncü gün. Yoxsa süni şəkildə dini qaydalara müdaxilə edirlər, sanki özlərindən yeni din yaratmaq istəyirlər. Bu, alınan iş deyil.

XS
SM
MD
LG