Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:32

Zərərçəkmiş ittiham olunana: 'Sizin həyat yoldaşınız kimdir?'


Məhkəmədə adı hallanan "Amay Abdulla"
Məhkəmədə adı hallanan "Amay Abdulla"

Rəsmi sənədlə onun övladının anası dəmir barmaqlıqlar arasındadır; qadın özünü MTN polkovniki kimi təqdim etməklə dələduzluqda suçlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü MTN polkovniki kimi təqdim edib, adamları aldatmaqda, onların pulunu ələ keçirməkdə suçlanan Aygün Akimovanın mühakiməsi başlayıb. Onun işində altı zərərçəkən var. İttihama görə, onların arasında ən çox ziyan görən Afət Hüseynovadır. Özünün də məhkəmədə dediyinə görə, Akimova ona təxminən 800 min manat ziyan vurub.

Buna da bax:​ Polkovnik: 'Pulları verdiyim adam özünü asdı'

“EVDƏ QORXARAQ YAŞAYIRDIM”

İş materiallarında yazılıb ki, Aygün Akimova MTN polkovniki olduğunu deyərək, Afət Hüseynovaya təzyiq göstərib, mağazasını satdırıb. Mağaza 2015-ci ildə 1 milyon 750 min manata satılıb. Həmin pulun bir hissəsi Afət Hüseynovanın həyat yoldaşına qalıb. Qalan pulun 386 minini Akimova yeni iş qurmaq üçün Hüseynovadan alıb. Ancaq şərikli iş alınmayıb. Akimova bundan əlavə Hüseynovadan 170 min manat alaraq ona MTN əməkdaşlarının yaşadığı binadan ev verəcəyini vəd edib. Bundan başqa isə 55 min manat dəyərində avtomobilini ələ keçirib. Son olaraq isə Akimova Hüseynovanın satılan mağazasından qalan 180 min manatlıq geyim əşyalarını ələ keçirib. İş materiallarında belə deyilir.

Məhkəmədə Afət Hüseynova təsdiqləyib ki, Akimovanın vasitəsi ilə 170 minə ev alıb: "Bu ev mənim başıma bəla oldu. Sonradan həmin evdə qorxaraq yaşayırdım. Deyirdi ki, bizi izləyirlər. Aygün qızının da, özünün də izlənildiyini, evin dinlənildiyini bildirirdi. Özünü MTN polkovniki kimi təqdim edirdi. Guya özü də vəzifəli şəxsin arvadı idi, Azərbaycanın ən gənc polkovniki idi. Məni elə əmin etmişdilər ki, inanırdım. Bir dəfə vəsiqəsinə baxmaq istəyəndə dedi ki, "nə danışırsan, göstərə bilmərəm". Ona görə də onun dediklərinin həqiqiliyini yoxlaya bilməzdim".

Buna da bax: 'MTN işi'ndə zərərçəkənlər prezidentdən kömək istəyir

“800-900 MANATLIQ ALVER ELƏDİM”

Mağazasındakı mallarının, evinin, maşınının və yeni mağaza almaq üçün pullarının ələ keçirildiyini deyən zərərçəkən ona dəymiş təxminən 800 min manatlıq ziyanın ödənilməsini tələb edir.

Akimova isə Afət Hüseynovanın yalan danışdığını deyir: "Bunların hamısı ağ yalandır. Mən Afətgilin mağazasına getmişəm, oradan 800-900 manatlıq alver elədim. Onlar bizi yaxşı müştəri kimi qeyd edib, mobil nömrəmi götürdülər, zəng eləyib yeni mallarının gəldiyini deyirdilər. Mağazaya gedib-gəldikcə Afətlə münasibətimiz yarandı. Mağazanın satılmasından xəbərim olmayıb. Onun maşınını əlindən almamışam. Banklara olan borclarını ödəmək üçün məndən pul almışdı. Sonra həmin borcu qaytarmaq üçün maşını notariusla mənim adıma keçirdi. Digər zərərçəkmişləri də Afət bir yerə yığıb, işi dramatikləşdiriblər. Guya mən bunları MTN adı ilə hədələmişəm. Afət özündən bu işləri düzüb-qoşdu. Ora-bura yazmağa başladı. Alverçi adamdı, elə alverçilərin axırı da jurnalist olur".

Buna da bax:​ "AMAY Abdulla"nın cəzası qüvvədə saxlanıldı

DEYİR, HEÇ YERDƏ İŞLƏMƏYİB

Akimova prokurorun suallarını cavablandırarkən söyləyib ki, heç yerdə işləməyib, dolanışığını da uşaqlarının atası qarşılayıb. Amma uşaqlarının atasının kim olduğunu deməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsinin müdiri vəzifəsinə düzəlmək vədi ilə aldanıb 51 min manatının alındığını deyən zərərçəkən Elçin Axundzadə məhkəmədə ifadəsində deyib ki, Aygün Akimova "həyat yoldaşım" deyəndə Abdulla Abdullayevi nəzərdə tuturdu.

Söhbət "AMAY" ticarət mərkəzinin sahibi, iki ilə qədər həbsdə saxlandıqdan sonra azadlığa buraxılan iş adamı Abdulla Abdullayevdən gedir.

Buna da bax: 'MTN işi'ndə İranla bağlı transmilli cinayətkarlıq ittihamları müzakirə edilir

“HƏYAT YOLDAŞINIZ KİMDİR?”

Məhkəmədə zərərçəkən Axundzadə Aygün Akimovaya bu haqda da sual verib: "İfadənizdə deyirsiniz ki, imkanlı şəxs olmusunuz, ehriyaclarınızı həyat yoldaşınız ödəyib. Sizin həyat yoldaşınız kimdir?"

Akimova zərərçəkənə etiraz edib: "Sizə dəxli yoxdur ki, mənim həyat yoldaşım kimdir. Bu, sizi maraqlandırmır".

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, bu iş üzrə istintaqda "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayev də şahid qismində dindirilib. O, Aygün Akimova ilə rəsmi nikahlarının olmadığını desə də, Akimovanın övladlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını təsdiqləyib.

Buna da bax:​ «AMAY Abdulla»nın əmlakını kimlər ələ keçirmək istəyir?

Məhkəmə davam edir.

İki il əvvəl dələduzluqda və daha bir neçə cinayətdə təqsirləndirilən işadamı Abdulla Abdullayevə Bakı Ağır Cinayətlər Məhkəməsi 13 il həbs cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvəsində saxlayıb. O, sonradan Ali Məhkəmənin qərarı ilə, 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılıb.

XS
SM
MD
LG