Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:02

Amnesty: ‘Çinin azlıqlar üçün yaratdığı çıxılmaz cəhənnəm’


"Pələng" stul
"Pələng" stul

Beynəlxalq insan haqları təşkilatı Amnesty International Çinin muxtar Sintzyan regionunda Çin hakimiyyət orqanlarının müsəlman azlıqlara verdiyi iztirablar barədə hesabat dərc edib.

Bu azlıqların arasında qazaxlar, uyğurlar, qırğızlar və başqa millətlərin nümayəndələri var.

Əslində belə etnik qrupların təqib edilməsi, onların nümayəndələrinin “təkrar tərbiyələndirmə” düşərgələrinə salınması, orada kommunist təbliğatının təsirinə məruz qoyulması artıq bir neçə ildir ki, məlumdur.

Çin hakimiyyət orqanları əvvəllər belə “tərbiyələndirmə düşərgələrinin” olmasını israrla danırdı, lakin bunları daha danmaq mümkün olmayanda, Pekin bu düşərgələrdə işgəncələrin verilməsini və məqsədli şəkildə etnik azlıqların təqibə məruz qoyulmasını inkar etməyə başladı.

Lakin Amnesty International hesab edir ki, Çinin milli azlıqlarla rəftarı insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir.

ABŞ hökuməti ötən il azlıqlarla belə rəftarı soyqırım adlandırıb.

Türkmənşəli müsəlmanlar hədəflənir

Amnesty təşkilatının iyunun 11-də açıqladığı hesabatı “tərbiyələndirmə düşərgələrindən” keçmiş 50 şəxsin ifadə və şəhadətlərinin təhlili əsasında tərtib edilib.

Onlar bildirirlər ki, belə düşərgələrə bir qayda olaraq türkmənşəli müsəlmanlar göndərilir. Bu düşərgələrdə onları yalnız çin dilində danışmağa məcbur edirlər.

Bundan başqa məhbuslar güclü təbliğata məruz qoyulur, onlara kommunist partiyasına sədaqət aşılanır.

Amnesty International təşkilatının baş katibi Aqnes Kallamar deyir ki, “terrorizmlə” mübarizə pərdəsi altında minlərlə müsəlman kişi və qadın məhbus edilir və işgəncələrə məruz qalır. Düşərgələrdən kənarda olan milyonlarla insan isə sistematik və kütləvi şəkildə izlənir.

Kallamarın fikrincə bütün bunlar “Sintzyanda görünməmiş miqyaslarda çıxılmaz cəhənnəmin yaradılması” məqsədini güdür.

Qadına-kişiyə baxmadan

Hesabat qəhrəmanlarının sözlərinə görə, onları əvvəlcə, məsələn dini mövzulu fotoları saxladıqlarına, xaricdə kiminlə isə əlaqələrinə və ya sadəcə polisə şübhəli göründüklərinə görə həbs edirlər.

Bundan sonra adamları polis məntəqələrinə aparırırlar. Orada dindirmə zamanı onları “pələng” adlandırılan xüsusi stullara oturdurlar. Bu stulların əl və ayaqlar üçün qandalları olur. Belə stullarda saatlarla oturmağın özü böyük işgəncədir.

Amnesty International təşkilatının böhranlı vəziyyətlər üzrə müşaviri Conatan Leb deyir ki, məhbuslar qida və su çatışmazlığından, antisanitariyadan, təmiz hava və gün işığının olmamasından əzab çəkirlər.

Onun sözlərinə görə, belə düşərgələrdə heç kimin şəxsi guşəsi olmur və insanlar daim kameraların nəzarəti altında olurlar.

Kameralar yalnız bir halda, bu adamlar nəzarətçilər tərəfindən dindirilərkən olmur:

“Hətta ayaqyoluna getməyə də sərt məhdudiyyətlər qoyulub. Məhbuslara təbii ehtiyacları üçün adətən kameranın bir küncündə saxlanan vedrələr verilir...”

Lebin sözlərinə görə hətta ayaqyolunda da qadına-kişiyə baxmadan hamı müşahidə altındadır.

İslam adətlərinin və türkmənşəli mədəniyyətin kökünü kəsmək

Hesabatda ayrıca olaraq Çində dini azadlıqların məhdudlaşdırılmasından bəhs olunur.

Sintzyan müsəlmanları açıq şəkildə ibadət edə bilmirlər, çünki müsəlmanların dini və adət-ənənələri “ekstremist” hesab olunur.

Bu vilayətdə müsəlman məscidlərini, müqəddəs yerləri və mədəni obyektləri sadəcə olaraq dağıdırlar.

Amnesty bildirir ki, müsəlman məhbusların dediklərini? özləri düşərgələrdə saxlanmış bəzi etnik çinlilər və keçmiş Çin rəsmiləri də təsdiq edirlər.

Bu rəsmilərdən ikisi təşkilata müsəlmanların evlərinə necə göndərilmələrindən, orada rəflərdəki Quranları yığışdırmalarından, məsçidlərin divarlarından Çin bayraqları və prezident Si Tsinpinin portretlərini asmalarından danışıblar.

Keçmiş rəsmilər bildiriblər bütün dövlət kampaniyası İslam mərasimlərinin və türkmənşəli etnik mədəniyyətin kökünün kəsilməsinə yönəldilib.

XS
SM
MD
LG