Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:49

Moskva Bakı ilə sülh danışıqlarını Yerevanın pozduğunu deyir


Ermənistan müxalifəti: 'Paşinyan Qarabağ məsələsindən əl çəkdi'
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Ermənistan müxalifəti: 'Paşinyan Qarabağ məsələsindən əl çəkdi'

Rusiya Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının pozulmasına görə Yerevanı ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 12-də keçirdiyi brifinqdə iki tərəf arasında danışıqların pozulmasına görə Yerevanı günahlandırıb və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırıb:

"Eyni bir məsələ barədə rəsmi bəyanatları bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyinə görə Yerevanın mövqeyini qiymətləndirmək çox çətindir”.

Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 11-də keçirdiyi mətbuat konfransına toxunaraq əlavə edib:

“Sözü gedən mətbuat konfransı zamanı Ermənistanın baş naziri Rusiyanın təklifləri əsasında hazırlanmış sənədi imzalamaq niyyətindən danışıb, amma eyni zamanda Qərbin münaqişənin hansısa “kompleks həlli” barədə təklifinin üstünlüyündən söz açıb”.

“Sxolastika ilə məşğul olmaqdansa”

Rusiya XİN-in nümayəndəsi xatırladıb ki, Yerevanın Bakı ilə sülh müqaviləsinin işlənməsində 1991-ci il Almatı bəyannaməsinə əsaslanmasına razılıq verməsi “danışıqlar prosesinin məntiqini kökündən dəyişib”.

Zaxarova xatırladıb ki, Yerevanın bu razılığı 2022-ci il Praqa sammitinin nəticələrində də öz əksini tapıb.

Sözçü bildirib ki, Almatı bəyannaməsi Sovet İttifaqı zamanında respublikalar arasında mövcud olmuş sərhədlərin toxunulmazlığını təsdiq edir və həmin dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkib hissəsi olub:

“Bakı və Yerevan arasında sülh prosesində bu məqamı nəzərə almamaq son dərəcə mürəkkəbdir”.

Zaxarova xatırladıb ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ötən il dekabrın 23-də Moskvada keçirilən üçtərəfli görüşə gəlməkdən imtina etməsi təkcə sülh müqaviləsinin deyil, Laçın dəhlizi ətrafındakı vəziyyət də daxil başqa mühüm məsələlərin müzakirəsinə mane olub:

“Əgər erməni partnyorlar müəyyən edilmiş problemlərin yüksək səviyyədə əldə olunmuş üçtərəfli bəyanatların əsasında kompleks reallaşdırılmasında həqiqətən də maraqlıdırlarsa, onda sxolastika ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır”.

Zaxarova bəyan edib ki, Moskvanın Bakı ilə Yerevan arasında sülh müqaviləsi üzrə danışıqlara meydan vermək təklifi qüvvədə qalır.

Amnesty International çağırış edir

Azərbaycan Laçın dəhlizinin blokadasını dayandırmalıdır. Bu çağırışla çıxış edən “Amnesty International” insan haqları təşkilatı yolun bağlanması nəticəsində Qarabağ sakinlərinin ilkin tələbat malları və xidmət çatışmazlığından əziyyət çəkdiyini vurğulayır.

Qurum bildirir ki, hərəkət azadlığı, iqtisadi və sosial hüquqlarının müdafiəsi təmin olunmalıdır.

Özünü ekofəallar adlandıran azərbaycanlılar dekabrın 12-dən Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dəhlizində aksiya keçirir, Qarabağdakı filiz yataqlarının qanunsuz istismarına, bunun ekoloji fəsadlarına etiraz etdiklərini deyirlər.

Ermənistan Qarabağın blokadada qaldığını bildirsə də, Azərbaycan yolun humanitar məqsədlər üçün açıq olduğunu deyir.

Azərbaycan 2020-ci il müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

“Hərbi eskalasiya hazırlayanlar üçün...”

Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyir ki, Qarabağla Azərbaycan arasında siyasi dialoq başlamalıdır. Paşinyan yanvarın 12-də hökumətin iclasında Laçın dəhlizindəki vəziyyətə toxunub.

“Bizim Dağlıq Qarabağdakı tərəfdaşlarımız heç kəsə imkan verməməlidir ki, onları konstruktiv söhbəti pozmaqda, onu mümkünsüz etməkdə suçlasın”, – Paşinyan vurğulayıb.

Baş nazir Laçın dəhlizinin bağlanmasını provokasiya sayır, məqsədin yeni hərbi eskalasiya olduğunu deyir. “Hərbi eskalasiya hazırlayanlar üçün arzuedilən addımlar reallaşmamalıdır”, – o söyləyib.

Paşinyanın sözlərinə görə, provokasiya və eskalasiyanın məqsədlərindən biri Bakıyla Xankəndi arasında siyasi və rəsmi dialoqun vacibliyini gizlədərək onu gündəmdən çıxarmaqdır.

Paşinyan bundan öncə də Xankəndi ilə Bakı arasında dialoqa çağırıb.

Rəsmi Bakı isə ölkənin ərazi bütövlüyünü təmin etdiyini, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını, belə bir ərazi vahidinin artıq mövcud olmadığını bildirir. Prezident İlham Əliyev Qarabağ erməniləri ilə təmasların olduğunu da deyirdi.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG