Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:32

Amnesty Azərbaycanı pandemiyadan repressiya üçün istifadədə ittiham edir


Amnesty International təşkilatı bildirir ki, Şərqi Avropa və Mərkəzi Asiyada bir çox hökumətlər koronavirus pandemiyasına insan haqlarının tapdanması üçün “icazə vəsiqəsi” kimi baxırlar.

Təşkilatın Mərkəzi Asiya üzrə müvəkkili Heather McGill aprelin 29-da bəyan edib ki, virusun yayılmasının dayandırılması üçün görülən bütün sərt tədbirlər “müvəqqəti, adekvat və insan haqları standartlarına uyğun” olmalıdır:

"COVID-19 pandemiyası bu regionda yayılmaqda davam etdikcə bir çox hökumətlər ictimai sağlamlığı qorumaqdan daha çox, fərqli düşüncənin üzərinə hücum etməkdə maraqlı olublar”.

Amnesty International təşkilatının bəyanatında deyilir ki, Azərbaycan, Rusiya və başqa ölkələrin hakimiyyətləri tənqidi fikri boğmaq məqsədilə “mütəmadi” olaraq repressiv tədbirlərə əl atırlar:

“Təəccüblü deyildir ki, bu ölkələr pandemiyaya təməl insan haqlarına etinasızlıq göstərməklə reaksiya veriblər”.

Blokların qapıları qaynaqlanıb

Londonda mənzillənmiş təşkilat habelə Qırğızıstan və Qazaxıstanı yaşayış binalarına karantin qoyarkən blokların qapılarını qaynaqlayaraq bağlamaqda və sakinləri evlərində qalmağa məcbur etməkdə günahlandırır.

Bəyanatda bildirilir ki, Ukraynada hərbçilər bir kəndin yeganə yolunu bağlamaqla 150 sakini “ətraf aləmdən təcrid etmiş, onların ərzaq, tibbi və ya hər hansı başqa yardıma çıxışlarını bloklamışlar”.

Bu da deyilir ki, Rusiyanın Şimali Qafqaz regionundakı Çeçenistan respublikasında polis maska taxmayanlara fiziki zor tətbiq edib.

Amnesty bildirir ki, Belarus, Tacikistan və Türkmənistanda siyasi liderlər epidemiyanın ciddiliyini “kiçiltmiş” və “səmərəsi yoxlanmamış müalicə üsullarını” həyata keçirməyə cəhd göstərmişlər.

Tənqid edənlərin məsuliyyətə cəlb edilməsi

Bu da vurğulanır ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunun bir qrup hakimiyyətləri fövqəladə vəziyyətin verdiyi səlahiyyətlərə jurnalistlərin və ya informasiya paylaşmaq istəyən başqalarının qısnanması üçün “qədərindən çox tez-tez” əl atıblar.

Azərbaycan və Rusiya hökumətləri onların COVID-19 epidemiyası ilə bağlı fəaliyyətinlərindəki qüsurları faş edən “sosial media istifadəçilərini, jurnalistləri və tibb peşəkarlarını məsuliyyətə cəlb ediblər”.

Özbəkistan kimi bir sıra başqa ölkələr isə epidemiya barədə “saxta xəbərlərə” görə son dərəcə ağır cərimələr tətbiq ediblər.

Bəyanatda daha sonra deyilir:

"Şərqi Avropa və Mərkəzi Asiyanın xalqları belə bir ağır və çətin zamanda daha yaxşı rəftara layiqdir və hökumətlər insanların sağlamlıq hüququndan istifadəsi üçün bütün mümkün resursları təmin etməli, epidemiyaya reaksiyalarında insan haqlarının pozulmasına yol verməməlidirlər”.

XS
SM
MD
LG