Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:46

'Elə bələdiyyələr var ki, möhürünü yerli ərazi nümayəndəsi cibində gəzdirir'


Quba rayonunda Hacıheseynli kənd bələdiyyəsi (2013)
Quba rayonunda Hacıheseynli kənd bələdiyyəsi (2013)

Azərbaycanda bələdiyyələrin yaranmasından 25 il keçir. İlk dövrlərdə əksər kəndlərdə bələdiyyələr yaradıldı. Sonradan bəzi kiçik bələdiyyələri birləşdirdilər. Bu il də həmin proses davam edir. Milli Məclisdə qanunvericiliyə edilən dəyişikliklə onların sayı artıq 1606-dən 684-ə endirilib. Bu il keçiriləcək bələdiyyə seçkilərində yeni sayda bələdiyyələr formalaşdırılacaq. Parlamentdəki hakim çoxluq (Yeni Azərbaycan Partiyası) təmsilçiləri hesab edirlər ki, bununla bələdiyyələr gücləndiriləcək.

Zahir Əmənov
Zahir Əmənov

"Ləğv olunacaq bələdiyyələrin işçiləri işlərini itirəcəklər"

Astara-Lənkəran iqtisadi rayonunda isə 167 bələdiyyə vardı. Bu il onların da sayı 68-ə qədər azaldılıb. Masallı rayon Ərkivan qəsəbə sakini, jurnalist Zahir Əmənovun sözlərinə görə, bələdiyyələrin yenidən birləşdirilməsi kəndlərdə mövcud problemlərin həllinə təkan verməyəcək: "Bələdiyyələr icra hakimiyyətlərinin təsiri altından çıxa bilmirlər. Hətta elə bələdiyyələr var ki, onun möhürünü yerli ərazi nümayəndəsi cibində gəzdirir. Elə bələdiyyə üzvü var ki, üzv olduğu bələdiyyədən xəbəri yoxdur. Bələdiyyələrin həm səlahiyyətləri, həm də vəsaitləri azdır. Bu problemlərin həllini bələdiyyələrin birləşməsində görmürəm".

O hesab edir ki, bələdiyyələrin sayını azaltmaq əvəzinə səlahiyyətlərini artırmaq daha yaxşı olardı. Onun sözlərinə görə, bələdiyyələrin əvvəl birləşdirilməsi effekt verməyib.

Z.Əmənovun fikrincə, bu birləşmələrin nəticəsində işsiz qalanlar da olacaq: "Ləğv olunacaq bələdiyyələrin işçiləri işlərini itirəcəklər. Ərazi nümayəndələri də birləşəcək".

Boş qalmış torpaqlar
Boş qalmış torpaqlar

"Kəndlilər ehtiyac üzündən torpaqlarını satırlar"

Adının çəkilməsini istəməyən keçmiş kənd bələdiyyə sədri də deyir ki, növbəti birləşmə onu göstərir ki, ölkədə bələdiyyə nəticə verməyib: "Ölkədə iki orqan seçki yolu ilə formalaşır - Milli Məclis, bir də bələdiyyələr. Bələdiyyələr seçkili orqan olsa da, icra orqanlarına tabedir. Əgər bələdiyyələr hökumətə tabedirsə, onda nə üçün seçkili orqan olmalıdır? Bələdiyyələrin qazanc yeri torpaqdır. Çox sürətlə kəndlilərin də torpaqları əllərindən alınır. Kəndlilər ehtiyac üzündən torpaqlarını satırlar. Kəndlər boşalır. Belə olduqda bələdiyyələr əsas qazanclarından məhrum olacaqlar. Bələdiyyələrə verilən dotasiyanı da icra hakimiyyətləri istifadə edirlər".

"Bələdiyyənin güclənməsini istəyənlər seçkidən başlamalıdırlar"

Astara bələdiyyəsinin sabiq üzvü Tarif Əliyev də deyir ki, son dəyişikliklər kosmetik düzəlişlərdir və problemi başqa yerdə axtarmaq lazımdır: "Birləşməklə yalnız forma dəyişikliyi yaranacaq. Bələdiyyələrin səlahiyyət çərçivəsi çox məhduddur. Maliyyə imkanları çox aşağıdır. İşlək orqan deyil, maketdir. Bu onu göstərir ki, bələdiyyələrin güclənməsini istəmirlər. Bələdiyyələrin sayı az olanda nəzarət etmək də asan olur. Bələdiyyənin güclənməsini istəyənlər seçkidən başlamalıdırlar. Bələdiyyələrə bacarıqlı insanlar gəlməlidir".

Astara rayon Artupa sakini Vidadi Abbasov da şikayətlənir ki, kənd bələdiyyəsindən heç bir kömək görməyib: "Torpaqla bağlı problemim var idi, bələdiyyəyə müraciət etdim. Heç bir iş görə bilmədi. Kəndin elə ara yolları var ki, uşaqlar məktəbə gedərkən çətinlik çəkirlər. Bələdiyyə bu illər ərzində elə bir ciddi iş görməyib. Kimi istəyirlər, onu seçirlər. Özləri də idarə edirlər. Torpaqlarımız əkilməmiş qalır. Hansı bələdiyyə bunu müzakirə edib?! Heç biri".

Artupa kəndində ara yol
Artupa kəndində ara yol

"Bəs günahkar kimdir?"

Astara rayonunda faktiki fəaliyyət göstərən bələdiyyələr isə tənqidləri qəbul etmirlər. Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev isə gördükləri işlərdən sosial şəbəkələrdə də bəhs edir. O, öz açıqlamalarında bildirir ki, 2023-cü ildə bələdiyyənin büdcəsinə 5 min manatdan çox vəsait daxil olmuşdu. Bu ildə də gözləntilər var: "Torpaq vergisi, torpaq icarə haqqı, mehmanxana, sanatoriya-kurort, turizm xidmətindən bələdiyyəyə vəsait daxil olub. Eyni zamanda 1970 manat dotasiya almışıq. İşlər də görülüb. İdman meydançası, körpü salınıb, kənd ara yollarında hamarlanma işləri görmüşük. Müəyyən olunmuş vaxtda hesabat veririk və sosial şəbəkələrdə yayırıq. Biz dağ ərazisində yaşayırıq. Buranın relyefi çətindir".

O, bələdiyyələrin ünvanına deyilən tənqidi fikirlərlə razılaşmır: "Deyirlər ki, bələdiyyələrə nümunəvi ştat vermək lazımdır. Belə görünür ki, bələdiyyələrin ştat açmaq səlahiyyətləri də əlindən alınır. Hay salırlar ki, bələdiyyələr özlərini doğrultmayıblar, buna görə saylarını azaldırlar. Özünü doğrultmaq məsələsinə gəldikdə haqlıdırlar. Bəs günahkar kimdir? Qanunları onlar qəbul edir".

Yazıda səslənən fikirlərə, icra hakimiyyəti orqanlarından münasibət almaq mümkün olunmayıb. Amma onlar, bir qayda olaraq, bələdiyyələrin işinə müdaxilə etmələri ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

Bundan əvvəl də Azərbaycanda bələdiyyələr birləşdirilib.

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı yenə aşağı salınıb.

Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu il gözlənir.

Azərbaycanda bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur. O, Azərbaycan Konstitusiyası və qanun ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etməlidir.

XS
SM
MD
LG