Astara şəhərində peşə məktəbi 20 il bundan əvvəl bağlanıb. Məktəbin üç ikimərtəbəli inzibati binası yaşayış üçün uyğunlaşdırılaraq 22 evsiz ailəyə verilib.
Sakinlərdən Gülüstan Mahmudqızı deyir ki, binaların damı dəyişdirilib, amma qaz yoxdur: "Həyat yoldaşım 300 manat maaş alır. O, pulu oduna versin, yoxsa çörəyə?! Ailələrin hamısında azyaşlı uşaq var. Mənim də üç nəvəm var, kiçiyi üç yaşındadır. Burunlarından su axır, öskürürlər. Qaz olmadığına görə otaqları qızdıra bilmirik".
"Evdə uşaqları qalın paltarla yatızdırırıq"
G.Mahmudqızının qonşusu Xatirə Məmmədova söhbətə qoşulur: "Burada yaşlı adamlar, körpələr, məktəbli uşaqlar yaşayır. Qocalmışıq, hələ qaz görməmişik. Bu binalarda iki nəfər müharibə veteranı yaşayır. Evdə uşaqları qalın paltarla yatızdırırıq. Nə qədər belə olar?!".
"İşıqlarımız da tez-tez sönür"
Təqaüdçü Mahmud Mirzəyev deyir ki, qazın olmamasından sakinlərin çoxu xəstədir: "Odun bahadır, çoxumuz ala bilmirik. İşıqlarımız da tez-tez sönür. İşıq dirəkləri çürüyüb. 290 manat mənə pensiya verir. Mən onu oduna verim, yeməyə verim, dərmana verim? Qazla bağlı müxtəlif yerlərə müraciət etmişik, nəticə yoxdur. İstəyirik ki, bununla bağlı prezidentə müraciət edək. Qaz xətti ilə binaların arası 10 metrdir. Bu binalarda yaşayanlar kasıb ailələrdir, günəmuzd fəhləlik edirlər".
"Qışı keçirtmək üçün oduna 300-400 manat..."
Sakinlərdən biri həyətdə yığdığı odunları göstərib bildirir ki, bir kubmetrdən də azdır: "Buna 8 manat vermişəm. Qənaətlə işlətsəm, üç gün gedər. Qışı keçirtmək üçün oduna 300-400 manat verməliyik. Qalmışıq elektrik enerjisinin ümidinə. Hər ay 60-70 manat işıqpulu veririk".
İcra nümayəndəsi: "Bizdən asılı deyil"
Astara rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şahverən Cavad binalarda qazsız qalan ailələrə görə narahatçılıq keçirdiklərini deyir: "Narahatıq. Üç dəfə qazın çəkilişi ilə bağlı müraciət olunub. Dənizkənarı parkda "Azəriqaz" İstehsalat Birliyi "Açıq mikrofon" marafonu keçirtdi. Bu məsələni orda qaldırdılar. Dedilər ki, həll edərik. Yaxınlarda ərazidə rayon icra hakimiyyəti başçısının sakinlərlə görüşü oldu. Orada da problem barədə danışdılar. Qaz işçiləri dedilər ki, məsələ həll olunacaq. Bizdən asılı deyil".
"Onlar orada sənədsiz yaşayırlar"
Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara rayon xidmət sahəsinin rəisi Füzuli Məmmədov da problemin həllinin onlardan asılı olmadığını dilə gətirir: "Onlar orada sənədsiz yaşayırlar. Qaz çəkmək üçün yaşayış yerin sənədi olmalıdır. Buna görə də orada yaşayanları qazla təmin edə bilmirik".
Binanın sakini M.Mirzəyev isə rəsmilərin dedikləri ilə razılaşmır: "Bizi burada qanunla yerləşdiriblər, özbaşına burada yerləşməmişik. Ölkə vətəndaşıyıq, biz də qaz istəyirik. Bu binada yaşayıb pensiyaya çıxmışam".
Astara şəhər icra nümayəndəsi Şahverən Cavad da binaya aid sənədlərin təqdim edilməsində problemin olmadığını bildirir: "Hansı sənədi istəyirlər, təqdim edək. Təki sakinlərə təbii qaz versinlər".