Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:28

Avropanın Şərq Tərəfdaşlığı sənədində ‘dırnaq işarələri’ nə deməkdir?


Avropa diplomatları arasında iki həftə davam edən danışıqlardan sonra blokun 27 üzvü “şərqdəki qonşuların” Avropa İttifaqı üzvlüyü “gözləntiləri” və iqtisadi “inteqrasiyası” barədə razılığa gəlib.

AzadlıqRadiosunun tanış olduğu bu sənəd 27 üzv ölkə tərəfindən mayın 5-də imzalanıb.

Avropa Komissiyasının Şərq Tərəfdaşlığı barədə bəyannaməsi ötən martda təqdim olunmuşdu.

Sənədin qarşıdan gələn günlərdə rəsmən açıqlanacağı gözlənilir.

2009-cu ildən başlanan Şərq Tərəfdaşlığı proqramına keçmiş sovet respublikalarından Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Bu proqramın məramnaməsində qrupun gələcəyi barədə heç nə deyilmir.

O vaxtdan bəri, Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqı ilə azad ticarət razılaşması da daxil Assosiasiya Sazişləri imzalayıblar.

Ermənistan Rusiyanın təzyiqi altında belə bir saziş imzalaya bilməmişdi. Buna görə də Ermənistanla Avropa İttifaqı arasında geniş əməkdaşlığa dair ayrıca saziş imzalanıb.

Avropa İttifaqı və Azərbaycan arasında da belə bir saziş mətninin müzakirəsi uzun müddətdir ki, davam edir.

“Təhlükəsizlik” sözü ixtisar edilib

Avropa Komissiyasının yeni sənədində Şərq Tərtəfdaşlığının 2017-ci il sammitində qəbul etdiyi bəyannamənin mətnindən istifadə edilib.

Bu sənəddə deyilir ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Avropa gözləntilərini “tanıyır”.

Sənəddə habelə qeyd olunur ki, Şərq Tərəfdaşlığı ölkələrinin Avropa İttifaqının “daxili bazarına davamlı şəkildə yaxınlaşması” və onların tədrici iqtisadi inteqrasiyası “mühüm əhəmiyyətə malikdir”.

Beləliklə yeni sənəddəki bu iki cümlənin mətni Avropa İttifaqının bundan əvvəlki sənədlərinin mətninə xeyli oxşardır.

Bir neçə Avropa rəsmisi AzadlıqRadiosuna deyib ki, Fransa və onu dəstəkləyən bəzi cənubi Avropa ölkələri mətnin bu hissəsinin dırnaq arasında verilməsində israr ediblər.

Diplomatik dildə bu, həmin müddəaların bütün üzv ölkələr arasında hələ də razılaşdırılmadığını ifadə edir.

Sənədin başqa hissələri isə bir xeyli yumşaldılıb.

Məsələn, “Avropa Şurası bu ölkələrlə ortaq demokratiya, firavanlıq və stabillik zonasının yaradılmasına tərəfdar olduğunu təsdiqləyir” cümləsindən “təhlükəsizlik” sözü ixtisar edilib.

XS
SM
MD
LG