Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:07

Avropa qaçqınlara sərt üzünü çevirdi


Almaniya qəzetləri yazırlar ki, öz ölkəsinə 1 milyonadək qaçqının gəlişini salamlayan Angela Merkelin səbir kasası dolub

Almaniyanın Köln şəhərində polis antimiqrant etirazçılara qarşı suvuranlardan istifadə edib.

Baş vermiş iğtişaşlarda antimüsəlman Pegida təşkilatının fəalları ilə polis arasında zorakı toqquşmalar olub.

Yeni il bayramı gecəsində almaniyalı qadınlara qarşı kütləvi cinsi təcavüz edildiyi barədə xəbərlərin ardınca antimüsəlman Pegida təşkilatı Köln şəhərində toplanış keçirib.

Şəhərə yüzlərlə polis qüvvəsi yeridilib.

Polis mənbələrindən verilən məlumatlara görə, qadınlara cinsi təcavüzdə bulunanların əksəriyyəti Şimali Afrika və ərəb görünüşlü olub

Şəhərin başqa bir hissəsində miqrantları dəstəkləyən yürüş keçirilib. Daha bir etiraz yürüşünü qadın haqları təşkilatları keçiriblər.

Etirazların qızışmasına səbəb Yeni il bayramı axşamında qadınlara edilmiş hücumların bəzi təfərrüatlarının açıqlanması olub.

Polis mənbələrindən verilən məlumatlara görə, qadınlara cinsi təcavüzdə bulunanların əksəriyyəti Şimali Afrika və ərəb görünüşlü olub.

Təcavüzə məruz qalmış qadınlar tükürpədən ifadələr veriblər. Onlar gənclərdən ibarət dəstələr tərəfindən seksual zorakılıqlara və qarətə məruz qaldıqlarını deyiblər.

Gərginliyin eskalasiyası siyasətçiləri çətin duruma salıb.

Merkelin səbir kasası

Avropaya gələn qaçqınların qızğın müdafiəçisi və hamisi kimi tanınan Almaniya kansleri Merkel indi öz mövqeyini 180 dərəcə dəyişib.

Xanım Merkel özünün Xristian Demokrat Partiasının rəhbərliyi ilə Mayntz şəhərində iclas keçirərkən miqrantlara qarşı qaydaların kəskin sərtləşdiriləcəyini elan edib.

Angela Merkel partiyadaşlarına hesabat verib
Angela Merkel partiyadaşlarına hesabat verib

Yeni təkliflərə görə vətəndaşlar üzərinə hücumlara görə ittiham olunanlar barədə deportasiya mexanizmi son dərəcə asanlaşdırılacaq.

Deportasiyaya, üzərində ittiham olmayan, lakin şübhəli qismində saxlanmış şəxslər də məruz qalacaqlar.

Mövcud qanunlara görə, Almaniyada sığınacaq istəyən şəxslər, yalnız barələrində 3 ildən artıq həbsxana cəzası hökmü çıxarılarsa deportasiya oluna bilərlər.

Yeni qaydalar miqrantların sadəcə polis tərəfindən saxlanması faktına görə ölkədən çıxarılmasını nəzərdə tutur.

Merkelin son təklifləri parlament tərəfindən qəbul edilməlidir, lakin təhlilçilərin fikrincə, hazırkı şəraitdə onların təsdiqi heç bir problem yaratmayacaq.

Hətta BMT-nin Miqrasiya üzrə xüsusi nümayəndəsi Peter Sutherland da xanım Merkelin təkliflərinin ədalətli olduğunu təsdiqləyib.

Almaniya qəzetləri yazırlar ki, öz ölkəsinə 1 milyonadək qaçqının gəlişini salamlayan Angela Merkelin səbir kasası dolub. Xanım Merkel işarə edib ki, Almaniya tolerantlığının da sərhədləri var.

Avropanın namus məsələsi

Bu arada Köln polisinə müraciət etmiş təcavüz qurbanlarının sayı 379 nəfərə çatıb. Bu təcavüzlərin 40 faizi seksual xarakter daşıyır.

Köln şəhərində qadınlar seksual təcavüzə etiraz edirlər
Köln şəhərində qadınlar seksual təcavüzə etiraz edirlər

Federal hakimiyyət orqanlarının verdiyi məlumata görə polis 30-dək şübhəlinin arasından artıq 18 nəfərə qarşı ittiham irəli sürüb. Şübhəlilərdən 9-u əlcəzairli, 8-i mərakeşli, 4-ü suriyalı, 5-i iranlı, ikisi alman və hər ölkədən bir nəfər olmaqla, İraq, Serbiya və ABŞ-dandır.

Seksual təvaüzdə 21 nəfər şübhəli bilinir. Cinsi təcavüz hallarının arasında zorlamalar da var.

Bu arada bəzi Britaniya qəzetləri yazır ki, Yeni il gecəsi ekstremistlər Finlandiyada da belə kütləvi hücum planlaşdırırmışlar, lakin bu, baş verməyib.

Şərqi Avropa ölkələrinin bir çoxu Avropaya ümumiyyətlə qaçqın buraxılmasına qarşıdırlar.

Təhlilçilərin fikrincə, Köln hadisələrindən sonra bu ölkələrin mövqeyi daha da möhkəmlənmiş olacaq.

Avropa İttifaqı yaranmış vəziyyətlə əlaqədar təcili sammit keçirməyi planlaşdırır.

XS
SM
MD
LG