Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:59

Avropa Rusiya qazı olmadan yaşaya bilərmi


İllüstrativ foto
İllüstrativ foto

İşğal başlayandan Rusiyanın Avropaya neft-qaz ixracından gəliri son illərin orta həddindən iki dəfə artaraq 95 milyard dollara çatıb

Bu il Avropa evləri isti, sənayeni ayaqda saxlamaqda çətinliklə üzləşə bilər. Çünki Rusiya Avropanın enerji zavodlarında, elektrik hasilatında, evlərin qızdırılmasında istifadə olunan təbii qazın həcmini azaltmağa başlayıb. 10 günlük təmirə dayandırılmış Şimal axını-1 kəməri yenidən açılsa da, gücünün 30 faizi qaz nəql edir. Almaniya rəsmiləri bu kəmərin heç açılmayacağından ehtiyatlanırdılar. Onların mövqeyincə, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar Avropa İttifaqı ilə qarşıdurmasında enerjidən siyasi təzyiq kimi istifadə edir.

Hələ Ukraynanın işğalı başlamamışdan Rusiya qazı qısamüddətli təchizat bazarına çıxarmırdı. Aİ Rusiya bankları və şirkətlərinə sanksiyalar tətbiq edəndən və Ukraynaya silah göndərməyə başlayandan sonra Rusiya altı ölkəyə qaz tədarükünü kəsdi, daha altısına təchizatı azaltdı.

Anbarların 65 faizi doludur

Aİ-nin 27 üzvü qış qabağı qaz anbarını doldurmağa çalışır. Hazırda blokun məqsədi qazı indi daha az işlətmək, ehtiyat yığmaqdır. Avropanın qaz ehtiyatlarının 65 faizi doludur. Halbuki noyabrın 1-cən hədəf 80 faizdir.

Müharibədən öncə Rusiya Avropanın təbii qazının 40 faizini verirdi. İndi 15 faizə düşüb, qiymətlər kəlləçarxa çıxıb, enerjiyə əsaslanan sənayelərdə gərginlik yaranıb.

Qaz çox adamın görmədiyi proseslərdə işlənir – avtomobillər üçün polad, şüşə butulkalar hazırlanmasında, süd və pendirin pasterizə edilməsində.

Enerjinin bahalanması artıq Avropada resessiya təhlükəsi yaradıb. Ərzaq, yanacaq, kommunal xidmətlər bahalanır, istehlakçıların xərcləməyə pulu azalır.

Kəmərlər

Hazırda Şimal axını-1-dən savayı Rusiya qazını Avropaya daha üç kəmər də çatdırır. Ancaq Polşa və Belarusdan keçən kəmər bağlanıb. Ukrayna və Slovakiya ərazisindən keçən az da olsa qaz nəql edir. Digər kəmər Türkiyə və Bolqarıstandan keçir.

Avropaya Norveç, Şimali Afrika və Azərbaycandan da qaz gedir. Aİ Azərbaycandan idxal edilən qazı 2027-ci iləcən ilə 20 milyard kubmetrə çatdırılması üzrə saziş imzalayıb.

“AP” Beynəlxalq Enerji Agentliyinə (BEA) istinadla yazır ki, qiymətlərin qalxması Putinin gəlirlərini artırıb, baxmayaraq ki, Rusiyanın neft-qaz ixracatçıları daha az məhsul satırlar.

İşğal başlayandan Rusiyanın Avropaya neft-qaz ixracından gəliri son illərin orta həddindən iki dəfə artaraq 95 milyard dollara çatıb.

Putinin oyunu

Putinin əlində nağd pul var və ağrılı kommunal xərclərin Avropada Ukraynaya ictimai dəstəyə zərbə vuracağına, münaqişənin onun xeyrinə danışıqlar yoluyla həllinə dəstəyi artıracağına ümid bəsləyə bilər.

“Son bir ildə gördüyümüzə əsasən deyə bilərik ki, Rusiya Avropaya qaz ixracı gəlirindən siyasi təzyiq naminə imtina edə bilər”, – BEA-nın İcraçı direktoru Fatih Birol deyib.

Bu arada Aİ daha bahalı mayeləşdirilmiş təbii qaza (LNG) üz tutub. Bu qaz ABŞ və Qətərdən gəmiylə daşınır. Almaniya LNG idxalı terminallarının tikintisini sürətləndirib. İlk dörd terminal bu ilin sonuna işə düşməlidir.

Ancaq tək LNG də boşluğu doldura bilməyəcək. Dünyadakı LNG ixracı obyektləri tam gücüylə işləyir.

A-Live: Avropaya qaz satışı Azərbaycan vətəndaşlarını qazsız qoya bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Qənaət

Aİ çərşənbə günü üzv ölkələrə təklif edib ki, gələn aylarda könüllü olaraq qazdan istifadəni 15 faiz azaltsınlar.

Blok üzvləri gələn həftə bu məsələni müzakirə edəcəklər.

İtaliya, Fransa, Aİ liderləri bu həftə Əlcəzair, Azərbaycan, BƏƏ ilə sazişlər imzalayıblar.

BEA Avropa ölkələrinə tövsiyə edir ki, adamların evdə qaza qənaət etməsi, fövqəladə hallarda qazı paylaşması üçün kampaniya aparsınlar. “AP” vaxtın daraldığını yazır.

Birol bu qışın Avropa həmrəyliyi üçün tarixi sınaq olacağını, təsirlərin enerji sektorunu aşacağını deyib.

XS
SM
MD
LG