Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:49

Avropa Parlamenti Ukraynaya namizəd statusu verməyə çağırdı


Avropa Birliyi və Ukrayna bayraqları, Strasburq-Avropa Parlamenti, 7 mart 2022
Avropa Birliyi və Ukrayna bayraqları, Strasburq-Avropa Parlamenti, 7 mart 2022

Məlumatda deyilir ki, deputatlar həmçinin Avropa hökumətlərini dərhal “Ukraynaya lazımi silahlar" verməyə çağırıblar.

Avropa Parlamentinin deputatları Ukraynaya, Avropa İttifaqının üzvlüyünə namizəd statusu verməyə çağıran qətnamə qəbul ediblər.

Avropa Komissiyası və Avropa İttifaqı Şurasına ünvanlanan bu sənəddə deyilir: “Ukrayna xalqı ilə həmrəyliyin aydın siyasi əlaməti kimi Ukraynaya namizəd statusu verin”.

Azadlıq Radiosu “Nastoyaşie Vremya” TV proqramının “Deutsche Welle”-ə istinadla verdiyi məlumata görə, 438 deputat qətnamənin lehinə, 65 deputat əleyhinə səs verib, 94 deputat isə bitərəf qalıb.

Məlumatda deyilir ki, deputatlar həmçinin Avropa hökumətlərini dərhal “Ukraynaya lazımi silahlar verməyə, hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin yenidən qurulmasına maksimum töhfə verməyə hazır olmağa və Ukraynanın bərpası və ona dəymiş ziyanın kompensasiyası üçün, Rusiyaya məxsus dondurulmuş aktiv və vəsaitlərin müsadirə edilməsi üçün hüquqi mexanizm yaratmağa çağırıblar.

Mənbə yazır ki, Avropa Parlamentinin deputatları həmçinin BMT-nin xüsusi tribunalının çağırılması da daxil olmaqla, “Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin” araşdırılmasına dəstək olmağı tövsiyə ediblər.

Qətnamədə həmçinin Moldova ilə Gürcüstanın Avropa Birliyinə qoşulmaq səyləri də qeyd olunur. Amma təqdim olunan sənəddə hələlik onlara namizəd statusunun verilməsi ilə bağlı tövsiyə olmadığı bildirilir. Məlumatda qeyd olunur ki, bu ölkələr Avropa Birliyi üzvlüyünə namizədlik ərizəsini Ukraynadan sonra veriblər.

Mənbə yazır ki, Ukrayna, bu il fevralın 24-də Rusiyanın hücumundan dərhal sonra, üzvlüklə bağlı Aİ-na müraciət edib, mayın 9-da isə ölkə namizəd statusu almaq üçün sonuncu rəsmi anketi təqdim edib.

Xatırlatma

Qeyd edək ki, Azərbaycan da Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı (Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan, Ermənistan və Belarus) keçmiş sovet respublikasının Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı hələlik dəqiq bəlli deyil.

Şərq Tərəfdaşlığı şərçivəsində Belarusla əməkdaşlıq isə dayandırılıb.

Sözü gedən bəyannamənin 11-ci maddəsində Belarusun Şərq Tərəfdaşlığındakı iştirakını dayandırmasından təəssüf ifadə olunur və bildirilir ki, bu ölkədə demokratik keçid zəruri şəraiti yaratdıqdan sonra Minsklə əməkdaşlıq bərpa oluna bilər.

XS
SM
MD
LG