Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:58

Avropa Parlamentində dinləmələr: 'Bu gün İlham Əliyev də Brüsseldədir'


Foto arxiv
Foto arxiv

Avropa Parlamentində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı dinləmələr keçirilir.

Dinləmələr bir qədər qalmış, saat 16:15 radələrində Bakıdan məruzəçi kimi “Skype”la müzakirələrə qoşulmalı olan jurnalist Xədicə İsmayılın İnterneti və elektrik xətti kəsilib.

Bu barədə fevralın 6-da jurnalist özünün Facebook səhifəsində yazıb.

Dinləmələr Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri fonunda keçirilir.

Buna da bax:​ Dinləmələr öncəsi Xədicə İsmayılın işığı söndürülüb, amma...

Qeyd edək ki, AzadlıqRadioisunun araşdırmaçı jurnalisti Xədicə İsmayıl qadağaya görə Azərbaycanı tərk edə bilmir.

Jurnalist 2014-cü il dekabrın 5-də həbs olunmuş və vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

Amma o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu təkid edirdi.

Xədicə İsmayıl bu il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb.

Ancaq hakimiyyət onun ölkədən çıxışına icazə vermir.

Buna da bax: Xədicə İsmayıl: 'Geri çəkiləcəyimdən qorxurdum'

* * *

Emin Milli: “Azərbaycandan 40 milyard dollar çıxarılıb ”

“İkili standartlar Avropanı dərin böhranlara gətirib. Rusiya Ukraynanın bir hissəsini işğal etdiyi kimi, Ermənistan da 90-cı illərdə Rusiyanın köməyi ilə Azərbaycanın bir hissəsini işğal edib. Ermənistan prezidenti Serj Sarkisyan öz çıxışlarında dəfələrlə Azərbaycana qarşı hansı əməllər törətməsindən danışıb. Bu tip siyasətçilər kimliyindən asılı olmayaraq, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara məruz qalmalıdır”.

Emin Milli
Emin Milli

Avropa Parlamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı keçirilən dinləmələrdə Meydan TV-nin rəhbəri Emin Milli belə deyib.

E.Milli çıxışının əsas hissəsini isə Azərbaycan hökumətinin yürütdüyü siyasətə həsr edib.

Ermənistana pulsuz qaz verənlər,...

“Əliyevlər hökuməti burda keçirilən bu dinləmələri ermənipərəstlərin tədbiri kimi təqdim etmək istəyir. Bu kədərlidir. Bu gün İlham Əliyevin özü də Brüsseldədir, o da müxtəlif siyasilərlə, müxtəlif düşüncəli insanlarla görüşür. İlham Əliyev ildə bir neçə dəfə Ermənistan prezidenti ilə də görüşür. Heydər Əliyev Fondu soyqırımı iddialarını tanıyan Fransada kilsələri maliyyələşdirir. SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstandakı erməni kilsəsini pulsuz qazla təmin etdiklərini təsdiqləyir. Bunlar ermənipərəst siyasət deyil, ancaq bizim mövqe bildirməyimiz ermənipərəstlikdir?”, deyə Emin Milli sual edib.

Buna da bax:​ FPC azərbaycanlı fəalların xaricdə də təqib edildiyini yazır

O, çıxışında bir neçə dəfə İlham Əliyevin ədalətli, demokratik seçkilərlə seçilmədiyini vurğulayıb.

“Əliyevlər və hökumətdəki digər məmurlar ölkədən 40 milyard dollar pul çıxarıblar. Bu pullar bir çox avropalı siyasətçilərin ələ alınmasına sərf olunub”, deyən Emin Milli Avropa Şurası parlament Assambleyasında (AŞPA) keçmiş deputat Luka Volontenin ələ alınması ilə bağlı iddialardan danışıb.

“Azərbaycanın Avropa Birliyindəki keçmiş səfiri Arif Məmmədov bildirib ki, əslində Avropa Şurası Parlament Assambleyasının deputatları arasında paylamaq üçün Strasburqa 30 milyon pul gətirilibmiş”.

Əliyevlərə, onların ailə üzvlərinə sanksiya tələbi

Emin Milli vurğulayıb ki, Azərbaycandakı hakimiyyət meylli media bu həqiqətləri çatdırmaq istəyənləri xain, satılmış kimi təqdim edir.

Buna da bax: Ilham Əliyev Emin Milli və Emin Hüseynovdan danışdı (Yenilənib)

O, Avropa qurumlarına xitabən bildirib ki, “avropalı siyasətçilər anlamalıdır ki, bu pullarla siyasətçilərin alınması yalnız Azərbaycanın problemi deyil.

“Bir dəfə alınmış siyasətçi gözükölgəlidir və onlar elə Avropa qurumlarına qarşı Rusiya kimi rejimlər tərəfindən istifadə oluna bilər. Onların fəaliyyəti araşdırılmalıdır”.

Emin Milli bildirib ki, Azərbaycan hökumətinin ölkədən çıxardığı 40 milyard pul tapılmalı, dondurulmalıdır.

“Azərbaycanda normal, demokratik seçkilərlə gələn hökumətin zamanında həmin pullar geri qaytarılmalıdır. Əliyevlərdən bu pulları Azərbaycan xalqı geri almalıdır”.

Emin Milli deyib ki, azad seçki, demokratiya məsələsi Azərbaycanda zamanında həllini tapsaydı, həmin o 40 milyard elə Azərbaycanda qalardı”

O, hökumətin Azərbaycan xalqını kölə vəziyyətində saxladığını vurğulayıb.

Buna da bax:​ Mehman Əliyev: 'Hər şey Qərbin mövqeyindən asılı olacaq'

O, korporasiya məsələlərinə görə, Əliyevlərə, nazirlərə, onların ailə üzvlərinə qarşı sanksiyaların qoyulmalı olduğunu vurğulayıb.

* * *

Xədicə İsmayıl dinləmələrdə çıxış edə bilib

Bu gün, fevralın 6-sı Avropa Parlamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələrə internet üzərindən qatılan jurnalist Xədicə İsmayıl internetinin və işığının kəsilməsinin detallarını bölüşüb.

“Əvvəl evdəki internet kəsildi. Sonra işıqlar kəsildi. Sonra Azercell və Bakcell-in interneti də kəsildi”, deyən jurnalistin sözlərinə görə, yaşadığı evin yaxınlığında radarlı bir maşın dayanıbmış.

X.İsmayıl taksi çağırdığını, antenaları dəyişməklə dinləmələrə qatılmaq üçün xətdə qalmağa çalışdığını deyib.

“Taksidə tunelə girməmək üçün maşını saxlatdırdım. Az sonra polislər gəldilər. Dövlət Yol Polisinin 3 maşını və bir neçə mülki geyimli şəxs maşını saxlatdırdı. Sürücü onlarla danışırdı. Mən isə artıq çıxışımı bitirdim, sualları gözləyirdim”, jurnalist deyib.

Buna da bax:​ İlham Əliyevin övladlarının London mülkləri də əldən çıxa bilər [video]

Onun sözlərinə görə, yol polisi əməkdaşları taksini heç bir səbəb olmadan cərimə meydançasına aparıblar.

Jurnalistin evində internet və işığın kəsilməsi ilə bağlı əlaqəli qurumlardan şərh almaq mümkün olmayıb.

“Azərişiq” ASC, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə edilən müraciətlər nəticəsiz qalıb. Taksinin cərimə meydançasına aparılmasına da Bakı şəhər Yol Polisindən, hələlik, münasibət almaq mümkün olmayıb.

* * *

İlham Əliyevlə Donald Tuskun görüşü

“Avropa Birliyi ilə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək verdiyini bir daha ifadə edir”.

Donald Tusk və İlham Əliyev. 06fev2017
Donald Tusk və İlham Əliyev. 06fev2017

Bu sözləri fevralın 6-da Brüsseldə prezident İlham Əliyevlə görüşdən sonra keçirilən brifinqdə Avropa Birliyinin Şurasının prezidenti Donald Tusk deyib.

Bu haqda Avropa Parlamentinin saytı xəbər verir.

Donald Tusk Avropa Birliyi (AB) ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişinin hazırlandığını bildirib.

“Avropa Birliyi ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişinin razılaşdırılması ilə bağlı danışıqlar sabah (7 fevral) başlayacaq”, D.Tusk bildirib.

Buna da bax:​ Əcaib siyasət: Avropa Şurası, futbol və kürü diplomatiyası

İnsan haqları məsələsi...

“AB-nın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, bizim qurumun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə necə kömək edə biləcəyi cənab İlham Əliyevlə görüşümüzün əsas fokuslarından oldu”, deyən D.Tusk insan haqlarının durumunun da diqqət mərkəzində olduğunu ifadə edib.

“Avropa Birliyi hər zaman ifadə azadlığı da daxil olmaqla fundamental insan hüquq və azadlıqlarının əhəmiyyətini vurğulayıb. Avropa Birliyi açıq cəmiyyətlər, sabitlik və rifah üçün ən yaxşı təminatçıdır”, o, vurğulayıb. AB Şurası prezidenti əlavə edib ki, qurum Azərbaycanla olan münasibətlərini fevralın 7-də başlayacaq danışıqlar çərçivəsində genişləndirmək niyyətindədir.

Buna da bax:​ Leyla Yunus: 'Mən deyərdim ki, İlham Əliyev qaçdı...'

Dağlıq Qarabağ münaqişəsi

Donald Tusk rəhbərlik etdiyi qurumun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə prinsipial mövqeyini təkrarlayıb.

“Status-kvo qəbuledilməzdir. AB beynəlxalq hüquqa əsaslanan siyasi həll yolunu dəstəkləyir. Bu münaqişənin hərbi yolla həlli yoxdur”.

İlham Əliyev: Yeni strateji mərhələnin başlamasından ötrü tələsmək lazımdır

Prezident İlham Əliyev isə brifinq zamanı D.Tusk-a Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial dəstəklərindən dolayı təşəkkür edib.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi'nə dəstək

Prezident AB-Azərbaycan əməkdaşlığında yeni fəslin açıldığını qeyd edib.

Bunu alqışladığını deyən İlham Əliyev yeni strateji mərhələnin başlamasından ötrü vaxt itirməmək, tələsmək lazım olduğunu ifadə edib.

Brüsseldə səfərdə olan prezident İlham Əliyevin fevralın 6-da Avropa Parlamentinin yeni sədri Antonio Tajani ilə planlaşdırılan görüşünü ləğv etdiyi bildirilir.

Buna da bax:​ İlham Əliyev Avropa Parlamenti rəhbəri ilə görüşməyib, səbəbi...

İlham Əliyev günün birinci hissəsi Avropa Birliyinin ali təmsilçisi Federika Mogherini, ardınca qurumun enerji komissarı Maros Sevcovic ilə görüşmüşdü.

* * *

İlham Əliyev Jan-Klod Yunker ilə görüşüb

Brüsseldə səfərdə olan prezident İlham Əliyev bu gün, fevralın 6-da Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşüb.

Bu haqda ölkə başçısının mətbuat xidməti xəbər verir.

Buna da bax:​ 'Hökumətin 'anti-böhran tədbiri' narazıları nəzarətdə saxlamaqdır'

Prezident İlham Əliyevin fevralın 6-da Avropa Birliyinin ali təmsilçisi Federika Mogherini, ardınca qurumun enerji komissarı Maros Sevcovic ilə görüşmüşdü.

Ölkə başçısının Avropa Parlamentinin yeni sədri Antonio Tajani ilə planlaşdırılan görüşünü ləğv etdiyi bildirilirdi.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Buna da bax:​ Bilet, sığorta və yaşayış yeri sənədi ilə Avropaya... [video]

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bundan sonra isə tərəflər arasında çərçivə sazişi imzalanmalıdır.

XS
SM
MD
LG