Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:56

'İmkansızlıqdan evin xalçasını 50 manata satmışdı...'


Şahin Hacıyev
Şahin Hacıyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şöbəsinin həbsdə olan üzvü Şahin Hacıyev deyir ki, işgəncə altında ona aidiyyəti olmayan narkotiklə bağlı etiraf ifadəsinə imza atıb. Onun sözlərinə görə, videoçəkilişdəki etiraf da işgəncənin nəticəsidir. Cəbhəçi fəal martın 15-də Gəncə Ağır Cinayətlər Məhkəməsində bu haqda danışıb.

Onun məhkəməsində partiyadan yoldaşları Bəxtiyar YusibovRazi Alışov əlavə şahid kimi dindirilib. Onların dindirilməsini Hacıyevin vəkili istəmişdi, bu barədə məhkəmədə vəsatət qaldırmışdı. Çünki cinayət işinin materiallarında onun Gəncədə yolda getdiyi yerdə əməliyyat əsasında saxlandığı, üstündən narkotik tapıldığı yazılıb. Özü isə deyir ki, onu polislər gəlib yaşadığı evdən aparıblar. Qonşuluqda yaşayan Alışov, həmin vaxt onlara gələn Yusibov da bunu görüb.

"Qəfildən mülkigeyimli polislər gəldilər"

AXCP-nin Gəncə şöbəsinin sədri olan Bəxtiyar Yusibov deyir ki, Hacıyev tutulduğu gün onlara getmişdi: "Mən çatanda gördüm ki, Şahin əlində xalça, qonşuya gedir. İmkansızlıqdan evin xalçasını 50 manata satmışdı, onu verməyə gedirdi. Qəfildən mülkigeyimli polislər gəldilər...".

Yusibovun sözlərinə görə, polislər həm Hacıyevə, həm də onun özünə qarşı zor tətbiq ediblər. Cəbhəçi fəal deyir ki, əvvəl onu da saxlamaq istəyiblər, lakin telefon zəngindən sonra buraxıblar: "Şahini isə götürüb apardılar. Məni də hədələdilər ki, "burada gördüklərini xəbər versən, incimə". Olanları görüb susmağa vicdanım yol vermir axı...".

Qonşuluqda yaşayan Alışov da şahidi olduqlarını məhkəmədə danışıb.

Prokuror vəsatət qaldırıb ki, istintaqı aparmış müstəntiq də məhkəmədə dindirilsin. Məhkəmə bu vəsatəti də təmin edib. Müstəntiq martın 17-də keçiriləcək növbəti məhkəmə iclasında dindiriləcək.

AXCP üzvü Şahin Hacıyev noyabrın 26-da həbs edilib. Onun üzərindən 18 qram narkotik maddə tapıldığı iddia olunur. Hacıyevə CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham verilib. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cəzalandırılıb?

Üzvü olduğu partiya Hacıyevin narkotik və başqa pis vərdişlərdən uzaq olduğunu, onun Facebook hesabında yazdığı statusa görə cəzalandırıldığını bəyan edib. O, həbsindən iki gün öncə sosial media hesabından paylaşımında Prezident İlham Əliyevi Liviyanın keçmiş lideri Muəmmər Qəddafi ilə müqayisə etmişdi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, Şahin Hacıyev Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat qrupu tərəfindən, konkret fakt əsasında saxlanılıb. DİN rəsmisinin sözlərinə görə, Hacıyevin həbsində siyasi motivdən söhbət gedə bilməz.

AXCP üzvü Gəncədə şahmat müəllimi kimi fəaliyyət göstərirdi.

Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiya onların siyasi sifarişlə şərləndiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi sifarişlə həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG