Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:47

AXCP üzvü: ‘Ailəmə su kartını və çörəyi çatdırmağa da imkan vermədilər’


“Su kartında balans bitmişdi, ev susuz qalmışdı. Düşüb aşağıda karta balans yüklədim, qayıdanda gördüm ki, həyətdə bir “Prado”, yanında da iki nəfər, mənə tərəf baxırlar. Başa düşdüm. Mənə yaxınlaşanda onlara dedim ki, imkan verin, əlimdəki çörəyi və su sayğacının kartını ailəmə çatdırım, sonra hara deyirsiniz, gedərik. Buna da imkan vermədilər”, - AXCP üzvü Paşa Umudov məhkəmədə danışıb.

Paşa Umudov Xətai Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qərarıyla 15 gün inzibati həbs cəzası alıb.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə ittiham olunub. İddia edilir ki, AXCP üzvü küçədə söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşının tələbinə tabe olmayıb.

Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində həmin qərardan verilmiş şikayətə baxılıb. Paşa Umudov bildirir ki, yalandır, onu elə evinin qarşısında saxlayıb aparıblar, heç kimə də müqavimət göstərməyib:

“Həmin ərəfədə Milli Şura mitinq təyin etmişdi, mən də sosial şəbəkədə bunu paylaşmışdım. Ona görə də su kartına pul yükləyib evə qayıdanda mülki geyimli polisləri görəndə artıq məsələnin nə yerdə olduğunu bildim. Bundan əvvəl də məni yenə siyasi fəaliyyətimə görə eyni maddə ilə həbs eləmişdilər. Kartı və çörəyi ailəmə çatdırmağa da imkan verməyəndən sonra yenə heç bir müqavimət göstərmədən onlara qoşulub getdim”.

Paşa Umudov deyir ki, martın 28-dən 29-na keçən gecə polis idarəsindəki şəraitsiz kamerada, stulun üstündə mürgüləyib, onun yaxınlarına heç bir məlumat verilməyib.

Paşa Umudovun bu dedikləri Xətai Rayon Məhkəməsinin qərarında da onun izahatı kimi əksini tapıb. Amma məhkəmə onları nəzərə almayıb və polisin inzibati xəta protokolunda yazdıqlarını əsas götürüb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulov da həmin qərarı haqlı sayıb və onu dəyişdirmədən qüvvədə saxlayıb.

Xatırlatma

AXCP-nin də daxil olduğu Milli Şura aprelin 6-na mitinq təyin etmişdi. Amma “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya yox” və başqa şüarların səslənəcəyinin gözləndiyi aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müsbət cavab verməyib.

Hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikirlərini qəbul etmirlər. Onlar deyirlər ki, siyası məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Hakimiyyət rəsmiləri korrupsiya ilə bağlı tənqidləri də qəbul etmirlər, ölkədə korrupsiya ilə mübarizədə hakim iradənin olduğunu vurğulayırlar.

XS
SM
MD
LG