Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:55

Azərbaycanlılar niyə Rusiya vətəndaşlığını qəbul edirlər


Rusiya pasportu
Rusiya pasportu

Əslən Bərdədən olan Kəmalə Məmmədova 20 ildir Rusiya paytaxtı Moskvada yaşayır. Artıq 15 ildən çoxdur bu ölkənin vətəndaşlığını qəbul edib.

"Yoldaşım Rusiya vətəndaşı idi deyə, mən də qəbul etdim. Azərbaycanda işimiz, evimiz yox idi, hər şeyi burda sıfırdan başlamışıq. İndi burda işimiz, evimiz, üç uşağımız var. Oğullarım burda hərbi xidmət keçiblər. Biri aviasiyada oxuyur, o biri universiteti bitirib, işləyir. Qızımsa orta məktəbdə oxuyur. O da ali məktəbə girsin, iş tapsın, bəlkə ondan sonra Azərbaycana qayıdarıq", – söyləyib uca səslə gülür, sonra da "biz çətin qayıdaq" deyə əlavə edir: "Biz buralı olduq. 20 ildə cəmi iki dəfə Azərbaycanda olmuşam, bir böyük oğlum dünyaya gələndə, bir də atam rəhmətə gedəndə. Daha yolumuzu gözləyən yoxdur...".

53-yaşlı K.Məmmədovanın sözlərinə görə, ilk illərdə Azərbaycana qayıtmağı düşünsələr də, dost-tanışın aqibətini görüb fikirlərindən daşınıblar: "Müflis olanlar vardı. Dözməyib xəstəliyə düşən, hər cür əziyyət çəkənlər oldu. Elə biri bacım. Burda yoldaşı işləyirdi. Bakıya qayıdandan sonra sıfıra düşdülər. Toparlanmaqları illər çəkdi. Qızını oxutmaq üçün bir neçə dəfə kredit götürdü, sonradan birtəhər ev aldılar. İndi həmin əziyyətləri orta məktəbdə oxuyan oğlu üçün çəkməlidir, repetitor tutmalıdır, təhsil verməlidir...".

Son 4 ildə 50 min azərbaycanlı Rusiya vətəndaşı olub

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, son illərdə Rusiya vətəndaşlığı alanların sayı getdikcə artır. Məsələn, 2019-cu ildə bu say 497.8 min nəfər olubsa, bu ilin ilk rübündə 161 mindən çox şəxsin Rusiya vətəndaşlığını aldığı, bunun da keçən ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə çox olduğu bildirilir.

2016-cı ilin əvvəlindən 2020-ci ilin birinci rübünə qədər 49.7 min Azərbaycan vətəndaşının Rusiya vətəndaşlığını aldığı deyilir.

"Rusiya vətəndaşı olaraq yaşamaq daha asandır"

Uzun zamandır Peterburqda yaşayan Şahnaz Kamal özü Rusiya vətəndaşlığını qəbul etməsə də, bu addımı atanların rəsmi imtiyazlardan yararlanmaq istədiklərini söyləyir: "Burda imtiyazlar çoxdur. Başlayaq uşaqlardan. Rusiyada doğulan hər uşağa xüsusi məbləğ təyin olunur və o, ananın hesabına keçirilir. Bundan başqa, onların kiçik xərclərini qarşılamaqdan ötrü də dövlət pul verir. Üç və daha artıq uşaq olanda məktəb bufetində pulsuz qidalanmaq imkanı var və s".

Ş.Kamal təqaüdçülərə müəyyən diqqətin ayrıldığını, məsələn, nəqliyyatdan pulsuz istifadə etdiklərini, bütün vətəndaşların tibbi sığortadan yararlanmaq imkanı olduğunu da vurğulayır.

O, koronavirus pandemiyası dövründə prezident Vladimir Putinin göstərişi ilə 3 yaşınadək uşaqlara 5 min, 3-16 yaş arası uşaqlara 10 min rubl birdəfəlik yardım edildiyini deyir: "Bununla yanaşı, federal büdcədən həm təqaüdçülərə, həm azyaşlılara, həm də əlillərə pul ayrıldı. Məsələn, təqaüdçülərə maska və əlcək almaq üçün 700 rubl yardım edildi. Bu yardım pensiya kartlarına oturduldu".

Ş.Kamalın söylədiyinə görə, məhz bu cür imtiyazlara görə Azərbaycandan gələnlər vətəndaşlıq almaq istəyirlər.

"Məsələn, bizim ipoteka götürmək, bir çox dövlət işlərində işləmək imkanımız yoxdur. 3-5 il yaşam hüququ alıb işləmək imkanı olsa da, imtiyazlardan məhrumdurlar. Burda Rusiya vətəndaşı olaraq yaşamaq daha asandır", –Ş.Kamal izah edir.

"Yeni qanunlara tab gətirə bilməyənlər..."

Azərbaycanın Yurddaş Partiyasının sədri Mais Səfərli azərbaycanlıların Rusiya vətəndaşlığı almaq səbəbini miqrasiya qanunlarının sərtləşdirilməsində görür. Hesab edir ki, yeni qanunlara tab gətirə bilməyənlər vətəndaşlığı qəbul etdilər:


"Bunun kökü 1990-cı illərə gedib çıxır. O vaxtlar Azərbaycan yenicə müstəqillik əldə etmişdi. Ölkədə çox sayda zavod-fabriklərin fəaliyyəti dayanmışdı. Ona görə Azərbaycan insanı iş tapmaq, çörəkpulu qazanmaq üçün müxtəlif ölkələrə üz tuturdu. Ən çox da Rusiya Federasiyasına gedirdilər. O vaxtdan çoxu orda qalıb. Düzdür, onların çoxu vətəndaşlıq almamışdı. Amma son vaxtlar miqrantlarla bağlı yeni qanunların qəbulu, bəzi tədbirlərin həyata keçirilməsi sərtləşdirildi. Buna görə də Rusiya vətəndaşı olmayanlar ya ölkəni tərk etməliydilər, ya da müddətli şəkildə qalmağa məcburuydular. Odur ki, bəzi azərbaycanlılar vətəndaşlıq almağa meylləndilər, onların sayı ildən ilə artır".

M.Səfərli Azərbaycandan Rusiyaya, Türkiyəyə və ya Avropaya miqrasiyanı normal proses sayır. Bu səbəbdən son illər təxminən 50 min azərbaycanlının Rusiyada vətəndaşlıq aldığını qeyd edir. Ancaq partiya sədri bunu da vurğulayır ki, son illər ölkədə vəziyyət düzəldikcə, xüsusən də ABŞ-ın, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra iqtisadi durum ağırlaşdıqca, Azərbaycana qayıdanlar da var.

Ötən ilin sonlarında Rusiyada səfərdə olan prezident İlham Əliyev deyib ki, Azərbaycan əsilli vətəndaşların Rusiyada sayı təqribən 700 minə yaxındır. Burada işləməyə, yaxud da ki, ezamiyyətə gələn Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Amma dövlət başçısı işləməyə gedənlərin sayı haqda heç nə deməyib.

Qeyri-rəsmi məlumatlarda qonşu ölkədə 1-1.5 milyon Azərbaycan vətəndaşının işlədiyi iddia olunur.

XS
SM
MD
LG