Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:54

Nazirlik təmsilçisi: 'Bizim tədbirdən sonra əksinə, saytların izləyicilərinin sayı artıb...'


Bəxtiyar Məmmədov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi. 19dek2017
Bəxtiyar Məmmədov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi. 19dek2017

Azərbaycanda AzadlıqRadiosu-nun "azadliq.org", "Azadlıq" qəzetinin "azadliq.info", "Meydan TV"nin, "Turan TV"nin və "Azərbaycan saatı" televiziya proqramının saytlarına girişi məhdudlaşdıran məhkəmə qərarı qüvvədə saxlanıldı.

Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində Abiddin Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

Məhkəmə "Azadlıq" radiosu və "Azadlıq" qəzetinin apellyasiya şikayətlərinə baxıb.

Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

Radionun nümayəndəsi Adil İsmayılov "azadliq.org"un işinə ayrıca icraatda baxılmasını istəyib: "Meydan TV"nin, yaxud "Azadlıq" qəzetinin saytında yazılanların mənim təmsil etdiyim quruma nə aidiyyəti var? Belə çıxır ki, bank bütün borclu müştəriləri birləşdirib, onlara qarşı bir iddia qaldırmalıdır?"

"Azadliq.info"nun nümayəndələri Səməd Rəhimli Təzəxan Mirələmli də vəsatəti müdafiə edib. Deyiblər ki, hər sayta qarşı iddiaya ayrıca baxılmalıdır.

NƏZƏRƏ ALACAQLAR

Heç iddiaçı tərəf - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov da etiraz etməyib. Vəsatətlə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxıb. Deyib ki, qanunvericiliyə dəyişiklik edib, onlara saytlara girişi məhdudlaşdırmaq səlahiyyəti veriləndən sonra bu, ilk işləri idi. Gələcəkdə bu məsələni nəzərə alacaqlar.

Buna da bax: Fuad Ağayev: "Saytlarımızı bloklayıblar"

"Həm də biz Baş Prokurorluğun müraciəti əsasında məhkəmədə iddia qaldırmışıq. Həmin müraciətdə də saytların adları, yayımlanmış məqalələr ümumiləşdirilmiş formada göstərilmişdi. Ona görə biz də bu şəkildə iddia qaldırmışıq", – Məmmədovun sözləridir.

Məhkəmə vəsatəti təmin etməyib.

Adil İsmayılovun daha bir vəsatəti prokurorluğun üçüncü şəxs qismində prosesə cəlb edilməsi haqda olub. Vəkil vəsatətini əsaslandırarkən deyib ki, nazirlik təmsilçisi istər birinci instansiya məhkəməsində, istərsə də indi yalnız prokurorluğun müraciətinə istinad edir.

Buna da bax: 'Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin təqibinə başlanıla bilər'

azadliq.org blok olunub. 29 mart 2017
azadliq.org blok olunub. 29 mart 2017

B.Məmmədov təkrarlayıb ki, özləri araşdırma aparmayıblar, prokurorluğun müraciəti ilə kifayətləniblər: "Prokurorluq bizə məktub göndərmişdi ki, bu saytlarla bağlı təxirəsalınmaz məhdudlaşdırıcı tədbirlər görülsün".

Buna da bax: 'Nazirliyin 'get filan saytları blokla' demək hüququ yoxdur'

Hüquqşünas Səməd Rəhimli də bildirib ki, prokurorluq müəyyən məqalələri qeyd edib, amma həmin yazılarda qanunun hansı tələbinin pozulmasını əsaslandırmayıb. Ona görə də prokurorluğun nümayəndəsi məhkəməyə gəlib, yazdıqlarını əsaslandırmalıdır.

"Azadliq.info"nun təmsilçisi yada salıb ki, iş materiallarında prokurorluğun martın 27-də saytlara girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərdiyi qeyd olunub. Amma həmin məktubda elə məqalələrin adları çəkilir ki, onlar martın 27-dən sonra yayımlanıb: "Prokurorluq bu məsələyə aydınlıq gətirməlidir".

Buna da bax: AzadlıqRadiosu belə doğuldu (AUDİO)

Bu vəsatət də təmin olunmayıb.

“YAZILARIN HANSINDA ÇAĞIRIŞ VAR?”

Bundan sonra çıxışlar başlayıb.

Adil İsmayılov saytlara Azərbaycan ərazisindən girişin məhdudlaşdırılması haqda Səbail Rayon Məhkəməsinin qərarından bir hissəni hakimlərin nəzərinə çatdırıb. Orada yazılıb ki, bu saytlarda "Azərbaycan Respublikası dövlətinin hökuməti və hökumətinin nümayəndələri haqda müxtəlif informasiyalar yer alıb". Vəkilin sözlərinə görə, bu bir cümlə saytların bloklanmasının əsl səbəbini ortaya qoyur:

Məhkəmə qərarından çıxarış
Məhkəmə qərarından çıxarış

"Bu, biabırçılıqdır. Biz dediyimiz məsələni təsdiqləyirlər ki, hökumət və hökumət nümayəndələri haqda yazılara görə bu saytlara giriş məhdudlaşdırılıb. Əsaslandırılmayıb ki, yazıların hansı birində zorakılıq və dini ekstremizmə çağırış var? Hansı yazıda dini, milli, irqi nifrətdən bəhs olunur? Bu yazılarda dövlətin konstitusion quruluşunu dəyişməyə, hakimiyyəti zorla ələ keçirməyə çağırış harda var? Məhkəmənin qərarında bunların heç biri əsaslandırılmayıb. İddiaçı tərəf “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13.3.3. maddəsinə istinad edərək bildirir ki, prokurorluğun müraciəti əsasında dərhal, təxirəsalınmaz tədbir görülüb, saytlar bloklanıb. Həmin maddədə yazılıb ki, “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu halda təxirəsalınmaz tədbir görülür, internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır”. Bizdə isə bu halların heç biri yoxdur. Amma məhkəmə qərarı olmadan, saytlara xəbərdarlıq edilmədən giriş məhdudlaşdırılıb”.

“REKLAM OLUB ONLAR ÜÇÜN”

Hüquqşünas Səməd Rəhimli deyir ki, bu cür işlərə baxılması üçün qanun beş gün müddət müəyyən edib. Amma birinci instansiya məhkəməsi işə baxarkən qanunun bu tələbi pozulub. S.Rəhimli də iddia ərizəsində istinad olunan yazılarda hansı qanun pozuntusuna yol verilməsinin əsaslandırılmadığını deyir: “Yazıları əlavə edib, qanundan çıxarışları iddia ərizəsinə köçürməkdən başqa heç bir iş görülməyib. Həmin yazılar da əsasən ictimai maraqdan irəli gələn, siyasi debat xarakterli məqalələrdir. Hətta həmin yazılarda problem olsaydı belə, daimi bloklanma olmamalıydı. Bütün bunlar göstərir ki, bu saytlara girişin məhdudlaşdırılması xoş məramdan yox, bəd niyyətlə həyata keçirilib. Məqsəd də tənqid edən saytları susdurmaqdır”.

Buna da bax:

Müstəqil saytların bloklanması barədə nə düşünürsüz?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Hər iki saytın təmsilçiləri Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qərarının ləğv olunmasını istəyib.

İddiaçının nümayəndəsi Bəxtiyar Məmmədov isə əksinə, qətnamənin ləğvinə əsas olmadığını söyləyib, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş edib.

“Bu saytlara Azərbaycan ərazisindən giriş məhdudlaşdırılsa da, yenə mümkündür. Mənim bildiyimə görə, bizim gördüyümüz tədbirdən sonra əksinə, həmin saytların izləyicilərinin sayı artıb. Bəlkə də bizim addımımız reklam olub onlar üçün...

Prokurorluğun məktubunda təxirəsalınmaz tədbir görülməsi istənilirdi, biz də bu səbəbdən həmin addımı ataraq, saytlara girişi məhdudlaşdırmışıq”, – Bəxtiyar Məmmədovun sözləridir.

Hakimlər qısa müşavirədən sonra apellyasiya şikayətlərinin təmin olunmadığını, qərarın dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.

Birinci instansiya məhkəməsinin qərarı. 12may2017
Birinci instansiya məhkəməsinin qərarı. 12may2017

XATIRLATMA

Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil sayta giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciətilə belə bir addım atılıb.

Mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla bir neçə müstəqil sayt bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bundan əvvəl AzadlıqRadiosu-nun saytının bloklanmasına gizli cəhdlər olarkən Azad Avropa və Azadlıq Radioları korporasiyasının prezidenti Tomas Kent bu addımı pisləmiş, bunu hakimiyyətdən sui-istifadə edərək AzadlıqRadiosu-nun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirmişdi.

XS
SM
MD
LG