Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:26

Azadlığa buraxılan MTN polkovnikinə qarşı daha bir iddia


Manat
Manat

2015-ci ilin oktyabrında həbs olunmuş sabiq MTN vəzifəlilərindən daha biri – nazirliyin Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş polkovnik Mirəziz Əsgərov da azadlığa çıxıb. Onun haqqındakı cinayət işində zərərçəkmiş qismində tanınan və şikayətçi olan Vidadi Əzizov prosesin bu şəkildə yekunlaşmasından narazıdır. Hesab edir ki, sabiq MTN polkovnikinə verilən cəza törətdiyi əmələ adekvat deyildi, üstəlik, ona dəymiş ziyan da ödənilməyib.

V.Əzizov Ali Məhkəməyə şikayət edib. Onun şikayətinə dekabrın 13-də Əziz Seyidovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Ali Məhkəmə bundan öncə bir dəfə bu məsələyə baxıb. O zaman həm M.Əsgərov kassasiya şikayəti vermişdi, həm də zərərçəkən. Sabiq MTN polkovniki özünü təqsirli bilmir, hətta 3 il həbsi də qanunsuz və əsassız sayaraq, bəraət istəyirdi. Lakin Ali Məhkəmə onun şikayətini təmin etmədi.

Dövlətdən 1 milyon 200 min tələb edir

Zərərçəkən V.Əzizov isə prosesin gedişində şikayətini geri götürmüşdü. O əsasla ki, kassasiya şikayətinə əlavələri var. O zaman hakim İlqar Qılıcov onun vəsatətini təmin edib, işi məhkəmə baxışından çıxarmışdı.

V.Əzizov əlavələrdən sonra bir daha Ali Məhkəməyə üz tutub. O, M.Əzizovun cəzasının ağırlaşdırılmasıyla yanaşı, 1 milyon 393 min manatlıq da mülki iddia qaldırıb və onun təmin edilməsini istəyir. O, bu məbləğin 193 minini keçmiş MTN-çidən, 1 milyon 200 minini isə dövlətdən tələb edir. Deyir ki, M.Əsgərov dövlətin MTN kimi vacib bir qurumunda şöbə rəisi olub. Onu dövlət qulluqçuları qanunsuz həbs edib, dövlət orqanının inzibati binasında saxlayıblar. Orada ona iztirab yaşadıblar. Ona görə də dövlət belə məsul vəzifələri həvalə etdiyi adamların hərəkətlərinə görə məsuliyyət daşımalıdır.

İttihama görə, V.Əzizov həyat yoldaşı ilə birlikdə «Zaminbank»dan pul götürüb çıxanda MTN əməkdaşları onu tutub, nazirliyə gətiriblər. O, İran və başqa ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb. İttihamda yazılıb ki, uzunmüddətli həbsə göndəriləcəyi hədəsiylə ondan bankdan götürdüyü pulun 300 min dolları alınıb.

MTN-dən buraxandan sonra da M.Əsgərov gələcəkdə onun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb edib, amma son nəticədə 40 min manat alıb.

M.Əsgərov isə deyir ki, yalandır, bu adam heç sahibkarlıqla məşğul olmayıb. Keçmiş MTN-çi iddia edir ki, V.Əzizovun başqa ölkələrin xüsusi xidmət orqanlarıyla əməkdaşlığı, İran Qərbin sanksiyaları altında olanda göndərilən çirkli pulların yuyulmasında iştirakını təsdiqləyən əməliyyat məlumatları vardı.

Zərərçəkmiş isə bildirir ki. belə məlumatlar var idisə, o zaman tutandan sonra onu niyə buraxırdılar?

M.Əsgərov CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 311 (rüşvət alma) və 341 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələrinin müxtəlif bəndləriylə ittiham olunurdu. Bakı Hərbi Məhkəməsinin hökmüylə o, 4 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını bir il də azaltdı.

M.Əsgərov həbs olunarkən onun evindən pul götürülmüş, əmlaklarının üzərinə də həbs qoyulmuşdu. Məhkəmə onun pul və daşınmaz əmlakının da qaytarılmasına qərar verdi.

Zərərçəkənin mülki iddiası isə təmin olunmadı.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb və məhkəməyə göndərilib. Onlardan üçünə şərti cəza verilib, qalanları 3 ildən 14 ilə qədər azadlıqdan məhrum edilib.

Generallardan nazirliyin Əməliyyat-Texniki İdarəsinə rəhbərlik etmiş Natəvan Mürvətova da şərti cəza alıb.

Qalan dörd generaldan - Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov və Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyevin hər biri 12 il, Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev 10 il 6 ay, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Sübahir Qurbanov isə 14 il azadlıqdan məhrum edilib.

Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq, özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə suçlanırlar.

Lakin onların heç biri özlərini təqsirli bilmir və adamları hədələyib pullarını almaları, əmlaklarını ələ keçirmələri barədə ittihamda yazılanların uydurma olduğunu bildirirlər.

XS
SM
MD
LG