Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:01

Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşularsa, xeyir, yoxsa ziyan görər...


Bişkekdə Ali Avrasiya İqtisadi Şurasının iclası
Bişkekdə Ali Avrasiya İqtisadi Şurasının iclası

Rəsmi Bakı Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük planının olmadığını söyləsə də, bu qurumla bağlı birdəfəlik "yox" kəlməsini də dilə gətirmir.

Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda deyib: "Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik. Əks halda, bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir".

AİB 2014-cü ildə yaradılıb. Quruma, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

"Hakimiyyət vaxt qazanmağa çalışır"

Mövzu ilə bağlı AzadlıqRadiosuna danışan AXCP Rəyasət Heyəti üzvü Fuad Qəhrəmanlı deyir ki, bu birlik ölkələrinin nə texnologiya, nə də investisiya sahəsində Azərbaycanın inkişafına zəmin yaratmaq potensialı var. Onun fikrincə, AİB daha çox Rusiyanın keçmiş postsovet ölkələrində iqtisadi təsir mexanizmini həyata keçirən qurumdur: "Rusiya SSRİ-nin çöküşündən sonra bir çox qurumları postsovet ölkələrini nəzarətdə saxlamaq üçün yaratdı. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə hərbi təsir mexanizmini formalaşdırır. Azərbaycanın bugünə qədər Avrasiya İqtisadi Birliyinə daxil olmaması onunla bağlı idi ki, bu qurum çərçivəsində hər hansı mənfəətdən söz getmirdi. Əgər belə bir mənfəət və yaxud iqtisadi əhəmiyyəti olsaydı, o zaman sual yaranırdı, niyə indiyə qədər məsələ dəyərləndirilmədi, məhz bu gün ortaya çıxdı? Ona görə bu, daha çox siyasi məqsədlə verilən bəyanatdır".

Amma Qəhrəmanlı güman edir ki, Əliyevin Putin ilə apardığı danışıqlarda Bakıdan belə bir istək dilə gətirilib: "Amma hakimiyyət də beynəlxalq konyunkturanı nəzərə alaraq bu istiqamətdə addım atmağa tərəddüd edir. Ukraynaya ayrılan nəhəng hərbi yardımdan (ABŞ-ın 60 milyard dollardan çox yardımından söhbət gedir) sonra Rusiyanın aqibətinin necə olacağı naməlum qaldığına görə hakimiyyət həm konkret imtina cavabı vermir, həm də bu cür bəyanatla Putinin təklifindən imtina etmədiyini, sadəcə dəyərləndirmə mərhələsində olduğunu ifadə etməklə vaxt qazanmağa çalışır. Əgər Rusiyanın Ukraynada məğlub olmadığına şübhələri qalmasa, hakimiyyət bu istiqamətdə hansısa addımlar atar".

Vahid Əhmədov
Vahid Əhmədov

"Hələ Rusiya-Ukrayna müharibəsini gözləyək"

Milli Məclisdə İqtisadi siyasət daimi komitəsinin üzvü Vahid Əhmədov da düşünmür ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olsun: "Dünyada ciddi proseslər gedir, hələ Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini gözləyək. Ukraynaya ciddi yardımlar olduğundan vəziyyət dəyişə bilər".

Amma Əhmədov AİB-in iqtisadi baxımdan faydası olacağını da kənara qoymur: "Bununla belə, mən ikitərəfli əlaqələrə üstünlük verirəm".

Əhmədov prezident Əliyevin söylədikləri ilə isə tam razılaşır: "Bəli, tamamilə razıyam. Gələcəkdə bu məsələyə baxmaq olar, ancaq indi ehtiyac yoxdur. Fikir verin, Orta Asiya və Qafqaz dövlətləri arasında ciddi problemlər yaşanır. Bu problemlər həll edilməlidir, hər kəs öz yerində oturmalıdır. Hazırda dünyada çoxları Azərbaycanın əldə etdiyi uğurları qəbul edə bilmir".

Natiq Cəfərli
Natiq Cəfərli

"...Əksinə, problemlər yaradır"

REAL Partiyası Siyasi komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli isə məsələyə rəqəmlərlə yanaşmanın tərəfdarıdır. O deyir ki, Azərbaycanın ixracatının cəmi 5.7 faizi MDB ölkələrinədir: "İdxalda bu pay 27 faizə yaxındır. Amma təkcə Çinin payı 20, Türkiyənin isə 17-18 faizdir. Rəqəmsal baxdıqda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına ciddi səbəb yoxdur. Yeganə üstünlük gömrük və vergi dərəcələri ilə bağlı ümumi qərarların verilməsidir. Bununla da Azərbaycanın Rusiya daxil MDB ölkələri ilə ikitərəfli sazişləri var. O cümlədən, Ukrayna və Gürcüstanla da belə saziş imzalanıb. Belə olduqda Azərbaycanın birliyə üzvlüyü heç bir üstünlük gətirmir, əksinə, problemlər yaradır".

O vurğulayır ki, məhz AİB-ə üzvlüyə görə dolayı sanksiyalarla üzləşmək təhlükəsi yaranıb: "Məsələn, Qazaxıstan və Qırğızıstan "Mir" kredit kartlarının dövriyyəsini və bank əməliyyatlarını qadağan etdi. Amma Azərbaycan birliyə üzv olmadığından belə bir problemi yoxdur".

Rusiya ilə yaxınlaşmağa gəldikdə isə, AXCP təmsilçisi Fuad Qəhrəmanlı hesab edir ki, bu məsələdə Azərbaycan xalqının maraqlarından söhbət getmir: "Bu gün xalqın maraqları azad bazar münasibətlərinin olması, Qərb investisiyalarının yatırılması, texnologiyaların istehsalata tətbiqini tələb edir. Bu baxımdan, Avrasiya İqtisadi Birliyindən əldə edəcəyimiz hər hansı mənfəətimiz yoxdur. Bu, daha çox Azərbaycan hakimiyyətinin Moskvanın tələblərinə reaksiyasıdır".

'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

"Enerjidaşıyıcılar problemi yarananda qaz vermişik"

Vahid Əhmədov isə inanmır ki, hökumət Qərbə yaxınlaşmanı kənara qoyub: "Azərbaycan yenə də Qərblə təmasdadır, hansısa dövlətlər Ermənistanın arxasındadır. Amma Azərbaycanın Avropa ilə ciddi əlaqələri var, enerjidaşıyıcılar problemi yarananda qaz vermişik. Düzdür, arada problemlər olsa da, tam mənada münasibətlərin dayandığına inanmıram. Əvvəla, Rusiya qonşu dövlət olduğundan düşmən olası deyilik. Lakin müstəqil siyasətimizi də aparırıq, ölkə başçısı da dəfələrlə bunu deyib. Bu isə çoxlarının xoşuna gəlmir, bəlkə, Rusiyanın da, İranın da. Ona görə qonşularla yaxşı əlaqələrin olmasına çalışmalıyıq".

"Azərbaycan göbəyindən Qərbə bağlıdır"

Natiq Cəfərli də Azərbaycanın Rusiyaya yaxınlaşması fikrini qəbul etmir: "Azərbaycan bütün iqtisadi layihələrində göbəyindən Qərbə bağlıdır. İnvestisiyaların hər 10 dollardan 8 dollarını Qərb qoyub, ixracatın 51 faizi Avropa Birliyi ölkələrinədir. Faktiki olaraq, enerjidaşıyıcılardan başqa sata biləcəyimiz malımız da yoxdur. Bunlar da Rusiyaya lazım deyil, çünki Rusiya sanksiyalara görə özünün enerji məhsullarını satacaq yer tapa bilmir. Məntiqlə baxdıqda Azərbaycanın iqtisadiyyatı Qərbə o qədər inteqrasiya olub ki, bunun Rusiya ilə əvəz edilməsi nəinki sərfəli, riyazi baxımdan mümkün deyil".

XS
SM
MD
LG