Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:19

Peyk görüntüləri iqlim dəyişikliyinin Azərbaycanda ciddi fəsadlar törətdiyini göstərir


Xəzərin səviyyəsi 18 metr düşəcək: Milyonlarla insana təsiri olacaq
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Xəzərin səviyyəsi 18 metr düşəcək: Milyonlarla insana təsiri olacaq

"Azərkosmos" qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirinə dair rəqəmsal iqlim platforması hazırlayıb. Platformada iqlim dəyişikliklərinin kosmik görüntülər əsasında müqayisəli təhlili aparılıb. Təhlillər beş istiqaməti – qar örtüyü və buzlaqları, su ehtiyatlarını, quraq və şoranlaşan yerləri, kənd təsərrüfatı ərazilərini və atmosferin dəyişməsini əhatə edir.

Peyk görüntüləri təməlində aparılan araşdırmanın nəticələri Azərbaycan üçün heç də ürəkaçan deyil. Bəlli olub ki, iqlim dəyişiklikləri bir çox sahələrdə Azərbaycana ciddi təhlükələr törədir. Peyk görüntülərinin təhlilinə əsasən, son yeddi ildə Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında buzlaq sahələrində, ortalama, 18 faiz azalma müşahidə olunub. Həmin görüntülərin təhlili göstərir ki, son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb. Bu azalmanın 1.5 metri son beş ildə qeydə alınıb.

Ölkə üzrə quraqlıq səviyyəsi qiymətləndirilərkən Azərbaycan ərazisinin 15 faizinin çox yüksək quraqlıq riski altında olduğu bilinib. Ölkə ərazisində yanğınların kosmik monitorinq təhlilinə görə, ötən il toplam 10 min 563 hektar ərazinin yandığı müşahidə edilib. Atmosfer tərkibini dəyişdirən zərərli qazlar da ilbəil artıb.

Kür çayı niyə quruyur? (Xronologiya)
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

Suya görə regional rəqabət artacaq

Peyk görüntüləri əsasında aparılan araşdırmanın əsas istiqamətlərindən biri su çatışmazlığı problemidir. Axı temperatur və yağıntı həcmlərində dəyişikliklərin Azərbaycanın kənd təsərrüfatına təsirləri artıq görünməkdədir. Məsələnin bir özəlliyi də budur ki, yerüstü su axımının 70 faizə qədəri ölkəyə qonşu dövlətlərdən gəlir. "Azərkosmos"un fikrincə, yaxın gələcəkdə həmin dövlətlərin də suya tələbatı artacaq və ərazilərindəki su ehtiyatları azalacaq. Beləcə, qıtlaşan su ehtiyatları uğrunda regional rəqabətin artacaq.

"Azərkosmos"un peyk görüntülərinə dayanaraq apardığı hesablamalar göstərir ki, ölkədəki su anbarlarının da çoxunda azalmalar baş verib. Məsələn. 2017-ci ildə ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarının güzgü səthinin sahəsi 48 min 259 hektar idisə, ötən il bu rəqəm 46 min 438 hektara enib. Deməli, 2 min hektara yaxın azalıb. "Azərkosmos"un hesablama apardığı digər su anbarlarından Araz su anbarında bu azalma 1 min 800 hektar, Yenikənd su anbarında 74 hektar, Taxtakörpü su anbarında isə 286 hektar. Göstəriciləri açıqlanan beş su anbarından yalnız Şəmkir su anbarının güzgü səthinin sahəsi 2017-ci ildən bəri artıb və 5 min 650 hektardan 8 min 993 hektara yüksəlib.

İri fermerlərə yaşıl işıq, kiçiklərə köhnə qurğu, susuz sahə
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Kürə dəniz suyu qarışır

"Azərkosmos" peyk görüntüləri ilə ölkənin ən böyük çayı olan Kür çayını da monitorinq edib. Həmin görüntülərin təhlili göstərir ki, 2020-ci ildə Kürün Salyan şəhəri yaxınlığından keçən hissəsində çayın orta eni 101 metr idisə, 2023-cü ilin eyni dövründə bu göstərici 93 metrə enib. Deməli, üç il ərzində Kürün orta eni 8 metr azalıb. Müşahidə aparılan dövrdə Kürün eninin ən az olduğu dövr 2021-ci ilin fevralıymış. Həmin vaxt Kür çayının Salyan şəhəri yaxınlığından keçən hissəsində orta en göstəricisi 68 metrə qədər geriləyib. Başqa deyimlə, 2020-ci illə müqayisədə 33 metr azalıb.

"Azərkosmos"un Kür çayında apardığı bir digər araşdırma çaya dəniz suyunun qarışması ilə bağlıdır. Son illərin bilgilərinə görə, Kür çayında suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi nəticəsində Xəzər dənizinin suyu Kürə qarışıb. Bu ekoloji hadisə Kürün Xəzərə töküldüyü yerdə - çayın mənsəbində hələ də gözə çarpır.

Balıqçı: 'Bax, dəniz burdaydı, indi 15 metr çəkilib, balıq yoxa çıxıb'
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Xəzərin səviyyəsi azalır

"Azərkosmos" peyk görüntülərinə dayanaraq Xəzər dənizində suyun səviyyə dəyişikliklərini də araşdırıb. Bu məqsədlə 1993 və 2023-cü illərə aid peyk görüntülərindən istifadə edilib. 30 illik optik peyk görüntülərinin müqayisəsi göstərir ki, bu müddət ərzində sahil xəttinin müxtəlif yerlərində 500 kvadratkilometr ərazidə dəniz suyu çəkilib. Suyun səviyyəsində ən çox dəyişikliklər Qızılağac qoruğunda, Kür çayının mənsəbində, Giləzi dilimi, Pirallahı və Çilov adaları istiqamətlərində baş verib. Son 30 ildə Xəzərdə suyun səviyyəsi 2 metr enib, bunun da 1.5 metri son beş ildə baş verib. Hesablamalara əsasən müəyyən edilib ki, bu müddətdə Qızılağac qoruğunda su hövzələrinin 40 faizi, bataqlıqlarınsa 52 faizi itirilib.

Bilindiyi kimi, digər araşdırmalar da Xəzərdə ekoloji durumun pisləşdiyini göstərib. Məsələn, Bakının bir müddət öncə yayımlanan Baş planında deyilir ki, Xəzərə axan əsas çaylarda və dənizin özündə müxtəlif zəhərli maddələrin yığılması nərə balıqlarının fiziologiyasında və reproduktiv sistemində dəyişikliklər doğurub. Başqa bir misal: Çirklənmə Xəzərdəki dişi suitilərin bir çoxunda sonsuzluğa gətirib çıxarır. Bu, bütövlükdə suiti populyasiyasına ciddi təhlükə yaradır. Xəzər dənizindəki dişi suitilərin 70 faizinin sonsuz olduğu düşünülür.

XS
SM
MD
LG