Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:43

Xarici investorların Azərbaycan İnvestisiya Şirkətinə marağı azdır


Azərbaycan İnvestisiya Şirkətinin rəsmi saytında qurumun 2023-cü ili uğurla başa vurduğu bildirilir.
Azərbaycan İnvestisiya Şirkətinin rəsmi saytında qurumun 2023-cü ili uğurla başa vurduğu bildirilir.

Hökumətin Azərbaycanda neftdənkənar sektorun inkişafı baxımından atdığı addımlardan biri Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) yaradılması idi. 2006-cı ildə bu şirkət təsis edilərkən açıqlanmışdı ki, Azərbaycan İnvestisiya Şirkətinin qurulmasının məqsədi iqtisadiyyatın qeyri-neft sahələrini gəlişdirmək üçün ölkəiçi və ya xaricində gerçəkləşdirilən investisiya yatırımlarının icrasıdır. Artıq AİŞ-nin təsisindən 20 ilə yaxın zaman ötüb. Bu dövr ərzində ölkə iqtisadiyyatının enerji asılılığının aradan qalxmaması əslində bu şirkətin məqsədlərinə tam çatmamasının əsas göstəricisidir. Ancaq Hesablama Palatasının Azərbaycan İnvestisiya Şirkətində apardığı audit qurumda bir çox digər nöqsanları da üzə çıxarıb.

Hesablama Palatasının ötənilki auditi AİŞ-nin 2021-2022-ci ildəki fəaliyyətini əhatə edib. Hesablama Palatasının açıqlamasında o da bildirilib ki, Azərbaycan İnvestisiya Şirkətinin özünün portfel şirkətlərinə aid bilgiləri üçüncü şəxslərə açıqlamamaq öhdəliyi var. Bu üzdən AİŞ həmin şirkətlərlə bağlı sənədləri Hesablama Palatasına verməkdən imtina edib.

İcra edilə bilinməyən layihələr

Hesablama Palatasının Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) fəaliyyəti ilə bağlı diqqət çəkdiyi ilk məqam şirkətin ölkəyə investor cəlbində səmərəsinin azlığıdır. Buna misal olaraq göstərilir ki, auditin əhatə etdiyi dövrdə aktiv olan 12 layihədən altısının investoru eyni şirkətdir. Bu baxımdan, həmin şirkətlə bağlı yarana biləcək risklər AİŞ-nin bütün fəaliyyətinə risk törədə bilər. O da var ki, layihələrə xarici investorların marağının və digər xarici amillərin düzgün qiymətləndirilməməsinə görə 2021-ci ildə AİŞ-nin Müşahidə Şurası tərəfindən təsdiqlənən iki layihənin icrası təmin edilə bilməyib və həmin layihələrdə iştiraka dair qərarlar ləğv edilib.

Hesablama Palatasının auditi üzə çıxarıb ki, AİŞ öz strateji hədəflərindən kənara çıxıb. Belə ki, "AİŞ-nin strategiya sənədi"ndə müəyyən edilmiş strateji sənaye sahələrində qurumun iştirakı tam təmin olunmadan üç kənar sahədə layihə reallaşdırılıb. Eyni zamanda, layihəyə daxil olmadığı əsas gətirilərək AİŞ-nin iştirakı nəzərdə tutulan sahələrdə layihə icra edilməyib.

İlham Əliyev: Gəlin Azərbaycanda biznes qurun
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

AİŞ-nin investisiya yatırdığı bəzi layihələrin bazar dəyəri azaldığından onların ədalətli dəyəri qurumun eyni layihələrə yatırdığı investisiyaların nominal dəyərlərindən aşağı olub. Məsələn, 2020-ci ildə AİŞ həmin layihələrə 64.2 milyon manat yatırdığı halda, həmin layihələrin ədalətli bazar dəyəri yatırılan vəsaitlə müqayisədə iki dəfə az - 30.6 milyon manat olub. AİŞ-nin 2021-ci ildə yatırım etdiyi layihələrin nominal dəyəri 65.7 milyon manat, ədalətli dəyəri isə 50 milyon manatdır. 2022-ci ildəki layihələr üzrə isə nominal dəyər 70.1 milyon manat, real dəyər 62 milyon manat olub. Deməli, bu üç il ərzində yatırım edilən layihələrin nominal və ədalətli dəyəri arasında 58 milyon manata yaxın fərq var.

Mənfəət olmasa da, zərər azalıb

Hesablama Palatasının AİŞ-nin portfel şirkətlərinin maliyyə durumu barədə vurğuladığı məqamlar hansısa mənfəət artımı ilə bağlı deyil, burada müsbət hal kimi sadəcə zərərin azalması qeyd edilir. Belə ki, 2021-ci ildə AİŞ-nin portfel şirkətləri üzrə zərəri 72 milyon manat olsa da, 2022-ci ildə bu rəqəm 4.6 milyon manata enib. Zərərin azalmasının əsas səbəbi Bakı Gəmiqayırma Zavodunda zərərin 2021-ci illə müqayisədə 2022-ci ildə 63 milyon manatdan 13 milyon manata enməsidir.

2022-ci ildə Azərbaycan İnvestisiya Şirkətinə məxsus şirkətlərdən Xəzər Beynəlxalq İnvestisiya Şirkəti 2 milyon 420 min manat, "Azərsun" İstehsalat və Logistika Mərkəzi 2 milyon 109 min manat, "Balxurma" MMC 1 milyon 799 min manat zərər edib. "Səba ASC"də 14 milyon manat, "Diamed Co" şirkətində 2 milyon 177 min manat mənfəət qeydə alınıb. AİŞ portfelinə daxil olan şirkətlərdən yalnız birində - "Diamed Co" şirkətində divident ödənişi həyata keçirilib. Digər şirkətlərdə səhmdarlar divident əldə edə bilməyib. Divident ödəyən şirkətlə bağlı diqqətçəkən məqamsa odur ki, bu şirkət divident ödədikdən qısa bir müddət sonra özü 2 milyon manat dəyərində kredit götürüb. Sənaye məhəllələri istisna olmaqla AİŞ-nin saxlanma xərcləri 2021-ci ildə bir layihə üzrə 378 min manatdan 2022-ci ildə 414 min manata yüksəlib.

Naxçıvanda çalışmış türkiyəli sahibkar: 'Azərbaycandan küsüb ayrılmaq məcburiyyətində qaldıq'
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

AİŞ-nin fəaliyyəti ilə bağlı risklər

Hesablama Palatası Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinə aid bəzi risk amillərini də müəyyənləşdirib. Bunlardan biri Bakı Gəmiqayırma Zavodu ilə bağlıdır. Belə ki, AİŞ-nin zavoda qoyduğu investisiyaların həcmi qurumun nizamnamə kapitalının təxminən 65 faizi qədərdir. Portfelin böyük bölümünün sadəcə bir layihəyə yatırılması şirkətə əlavə risklər yaradır. Onu da unutmaq olmaz ki, Bakı Gəmiqayırma Zavodunun son üç ildəki maliyyə göstəriciləri qənaətbəxş deyil.

2022-ci ildə AİŞ-nin xərclədiyi vəsaitin həcmi həmin ilə şirkətin Müşahidə Şurasının təsdiqlədiyi xərc smetası ilə müqayisədə daha yüksək olub. Hesablama Palatasının fikrincə, xərclərin təsdiqlənən həddi aşması AİŞ-nin xərcləri barədə dolğun məlumat əldə etməyə, vəsaitlərin icrasında şəffaflığın təmin olunmasına və xərclərin həqiqiliyinə tam əminlik yaratmır və bu, riskdir. AİŞ-nin şəffaflığına təsir göstərən daha bir amil də odur ki, qaydalara əsasən, şirkətin büdcəsi il başlayandan ən çox iki ay içində təsdiqlənməli olsa da, praktikada bu müddət üç-beş ayadək uzanır. Eyni zamanda, 2020-2021-ci illərdə AİŞ-nin gerçəkləşdirdiyi satınalmaların 77 faizə yaxını bir mənbədən satınalma hesabına təmin edilib. Araşdırma nəticəsində bu satınalmaların icrası zamanı bir çox qaydaya əməl edilmədiyi üzə çıxıb. Satınalma prosedurları ilə yanaşı, AİŞ-nin bu satınalmalarda qənaətlilik tələbini pozduğu da aşkara çıxıb.

AİŞ əməkdaşlarının fəaliyyət sahələri üzrə peşəkar sertifikatlarının olmaması, AİŞ-nin layihə və riskləri qiymətləndirməməsi layihələrin idarəedilməsi baxımından da risk amili kimi qeyd edilib. Daha bir ciddi nöqsan odur ki, AİŞ-nin yatırdığı investisiyaların ölkə iqtisadiyyatına verdiyi töhfələr qiymətləndirilmir.

XS
SM
MD
LG