Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:11

Azərbaycan ofşor şirkətlərdən necə vergi alacaq?


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Ölkədə müdafiə sənayesinin inkişafı, dövlət büdcəsinin icra olunmaması, dövlət vəsaitlərinin talanması səbəbləri, ofşor zonalardakı şirkətlərin vergiyə cəlb edilə bilməsi mümkünlüyü bu günkü medianın aparıcı mövzusudur.

“Müdafiə sənayesi inkişaf edir”

“Azərbaycan” qəzeti “Azərbaycanın müdafiə sənayesi ən müasir, modern və təkmil inkişaf səviyyəsindədir” sərlövhəli məqaləsində müdafiə sənayesi sahəsindəki durumu dəyərləndirir.

Məqalədə vurğulanır ki, bu sahənin inkişafına sübut kimi bu il aprelin 2-5-də Qarabağ cəbhəsində baş vermiş hərbi əməliyyatlarda yerli istehsal olan vasitələrdən istifadə edilməsini göstərmək mümkündür:

“Digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də islahatlar aprılır, Silahlı Qüvvələrin maddi- texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Bu gün Azərbaycan Ordusu regionda ən güclü ordular sırasındadır”.

Yazıda göstərilir ki, müdaiə təyinatlı məmulatların həcmində 1,6 dəfə, çeşid sayında isə 1,8 dəfə artım var.

“Bu münasibət tənəzzülü böyüdəcək”

“Azadlıqinfo” saytı “Təsdiqlədiyi büdcəni icra edə bilməyən hökumət” sərlövhəli məqaləsində büdcənin icrası ilə bağlı ekspert Nemət Əliyev-dən rəy alıb.

Ekspert noyabr ayında dövlət büdcəsi gəlirlərinin 57 faiz azaldığını deyib. O bildirib ki, oktyabr ayında büdcəyə 2 milyard daxil olduğu halda, noyabrda bu göstərici 862 milyon manata düşüb:

İqtisadçı ekspert Nemət Əliyev, 2013
İqtisadçı ekspert Nemət Əliyev, 2013

“Sonuncu göstərici büdcə qanunu ilə nəzərdə tutulan orta aylıq normadan da 39 faiz azdır. Büdcəyə daxilolmaların 11 aylıq həcmi isə proqnoz göstəricidən 2,5 milyard manat və ya 16 faiz az olub”.

Nemət Əliyev dövlət büdcəsi hesabına hökumətin 3 milyard manatlıq maliyyələşməni həyata keçirə bilmədiyini vurğulayır. Onun fikrincə, “yanvar-noyabr” dövründə nəzərdə tutulan maliyyələşmənin 18 faiz kəsirdə qalmasının səbəbi də budur.

Ekspert bildiri ki, itkilər bununla yuvarlaqlaşmayb, belə ki, manatın nisbətən yaxşı alıcılıq qabiliyyəti göstərdiyi aprel-iyul aylarında Neft Fondu dövlət büdcəsinə 2,4 milyard manatlıq ödəmələri həyata keçirməyib:

“Aprel ayının ödəmə öhdəliyi sentyabr və oktyabr aylarında icra olunsa da, sonrakı 3 ayın ödənişləri hələ də qalmaqdadır. Vaxtında ödənilməmiş bu pul kütləsi sonrakı aylarda manatın ucuzlaşmasının təsiri ilə təxminən 200 milyon dollarla ölçülən zərər yaradıb”.

“Saxta tenderlər, talan edilən vəsaitlər”

“Novoye Vremya” qəzetində isə diqqəti “Dövlət vəsaitlərinin talan edilməsini necə önləməli?” sərlövhəli məqalə cəlb edir.

Müəllif deyir ki, büdcə vəsaitlərinin talan edilməsi, sistemli korrupsiya, rüşvətxorluq təhlükəli miqyasa çatıb və bütün bunlara səbəb kimi ölkədə normal, sivil tender keçirilməməsini göstərir.

Rabitə nazirliyinin internet səhifəsi
Rabitə nazirliyinin internet səhifəsi

Müəllif tenderlərin formal keçirilməsini hazırda məhkəmə prosesi gedən Rabitə və Yüksək Texnologiyalar Nazrilyinin bir qrup yüksək vəzifəli əməkdaşının etiraf etdiyini bildirir.

Məqalədə məhkəmə prosesində müttəhim Elxan Əliyev-ə istinadən deyilir:

“Tenderdə iştirak edəcək firmalar öncədən müəyyən olunur, tenderlər formal keçirilir və tenderlərin keçirilməsilə bağlı göstəriş baş idarədən verilirdi”.

Yazı müəllifi E.Əliyevin tenderlə bağlı məhkəmədə dediklərini çoxdan hamıya məlum olan məsələnin faktlaşdıırılması kimi dəyərləndirir və bu formal tenderlərdə həmişə hansısa yüksək rütbəli məmura yaxın firmanın qalib gəldiyinin elan olunduğunu bildirir.

Müəllif hesab edir ki, mənzil, körpü, asfaltlaşdırma və s. obyektlər tikintisi kölgə iqtisadiyyatı və korrupsiya üçün daimi “yem yeri”dir, həm də burada söhbət 10, hətta 100 milyonlarla dövlət vəsaitindən gedir.

“Amerikanın edə bilmədiyini...”

“Yeni Müsavat” qəzeti “Ofşor şirkətlər vergiyə necə cəlb olunacaq” sərlövhəli məqalədə bu problemi ekspertlərlə araşdırır.

Məsələni aktuallaşdıran səbəb isə ofşor şirkətlərin vergiyə cəlb edilməsilə bağlı Azərbaycanda rəsmi qaydada səslənən bəyanatlardır. Belə ki, vergilər naziri Fazil Məmmədov parlament komitəsinin iclasında bu kateqoriyadan olan şirkətlərin vergiyə cəlb edilməsini bildirib.

Deputat Vahid Əhmədov, Baku, 18 oktyabr 2011
Deputat Vahid Əhmədov, Baku, 18 oktyabr 2011

Deputat Vahid Əhmədov ofşor şirkətlərin vergiyə cəlb olunması üçün səyləri mühüm məsələ kimi dəyərləndirir:

“Ofşor zonalardakı şirkətlərin vergiyə cəlb olunması çox ciddi məsələdir. Bu vaxta qədər bu məsələnin üzərində müəyyən qədər müzakirə gedirdi, amma konkret bir addım atılmırdı”.

İqtisadçı ekspert Natiq Cəfərli isə ofşor zonalarda yaradılan şirkətlərlə həyata keçirilən əməliyyatların vergiyə cəlb olunmasını mümkünsüz sayır:

“Hələ ki, ofşor şirkətlərdən vergi almağı heç Amerika da bacarmır. Ofşor şirkətin məğzi də qanunvericilik çərçivəsində, ofşor şirkətlər vasitəsilə əməliyyatlar həyata keçirilməsi və daha az vergi ödənilməsi prinsipinə əsaslanır”.

Ekspert hesab edir ki, əgər ofşor şirkətlərdən belə asanlıqla vergi almaq mümkün olsaydı, heç dünyada ofşor zonalar olmazdı, onlara ehtiyac da qalmazdı.

XS
SM
MD
LG