Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:07

Nazir deyir, Azərbaycan zərərli qazları azaltmaq hədəfinə çatacaq. Rəqəmlər nə deyir?


Muxtar Babayev
Muxtar Babayev

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 dayanıqlı biznes forumu"nda çıxış edib. O, çıxışında bildirib ki, ölkə 2030-cu ilədək atmosferə atılan zərərli qazları 40 faiz azaldacaq. Nazir onu da deyib ki, iqlim dəyişiklikləri müxtəlif ölkələrdə böyük fəsadlar yaradır və biznesin, bütövlükdə iqtisadiyyatın inkişafının önünü kəsir.

Azərbaycan iqlim dəyişikliyinə dair Paris Sazişini imzalasa da, hələ üzərinə ölkə üzrə emissiyaların tam sıfır səviyyəsinə çatdırılması ilə bağlı hər hansı öhdəlik götürməyib. Bununla belə, ölkə 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35 faiz, 2050-ci ilədəksə 40 faiz azaltmağa dair milli hədəflər müəyyənləşdirib. Paris Sazişi atmosferdəki karbon dioksidi azaldacaq tədbirləri tənzimləyən bir razılaşmadır.

Azərbaycan hədəflədiyi göstəricilərə nə qədər yaxındır?

Dünya Bankının hazırladığı "Azərbaycanın iqliminə və inkişafına dair Hesabat"da bildirilir ki, karbonsuzlaşdırma öhdəliklərini gücləndirsə də, ölkə hələ də öz milli hədəflərinə çatmaq yoluna qədəm qoymayıb. Dünya Bankının hesablamaları göstərir ki, indiki durum sürərsə, Azərbaycan 2035 və 2050-ci ilədək hədəflədiyi göstəricilərə çata bilməyəcək. Sənəddə bildirilir ki, Azərbaycan 1990-cı illə müqayisədə istixana qazının zəhərli tullantılarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmaqla proqnozdan geridə qalır. Belə ki, 1990-cı illə müqayisədə enerji ilə əlaqədar və sənaye proseslərindən yaranan zəhərli tullantılar 2030-cu ilədək yalnız 28 faiz, 2050-ci ildə isə 30 faiz daha az olacaq.

Paris Sazişinə görə etalon il kimi qəbul edilən 1990-cı ildə Azərbaycanda atmosferə atılıb istilik effekti yaradan qazların həcmi 78.9 milyon ton olub. Sonrakı illərdə bu göstərici 50 milyon tonun altına enib. 2010-cu illərin əvvəllərindən sonra bu göstərici yenidən 50 milyon tonu ötüb və 50-55 milyon ton arasında dəyişib. Dövlət Statistika Komitəsinin Azərbaycanda atmosferə atılıb istilik effekti yaradan qazların həcmi ilə bağlı açıqladığı sonuncu göstərici 2021-ci ilə aiddir. Həmin il Azərbaycanda atmosferə atılıb istilik effekti yaradan qazların həcmi 58.1 milyon ton olub. Bu da o deməkdir ki, 1990-cı illə müqayisədə Azərbaycanda atmosferə atılan zərərli qazların həcmi 26 faiz azalıb. Ölkənin istilik effekti yaradan qazların emissiyasını 1990-cı illə müqayisədə 35 faiz azaldıb milli hədəfini gerçəkləşməsi üçün 2030-cu ildə istilik effekti yaradan qazların emissiyası 51.3 milyon tona geriləməlidir. Başqa deyimlə, 2021-ci ildə qeydə alınan nəticə ilə müqayisədə 12 faizə yaxın azalma tələb edilir.

Göstəriciyə təsir edən amillər

Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən bəlli olur ki, Azərbaycanda istilik effekti yaradan qazların emissiyası, əsasən, enerji sektoru ilə bağlıdır. 2021-ci ildə ölkədə enerji sektorunda atmosfer havasına atılan istixana qazları toplam istixana qazı emissiyalarının 81.2 faizi qədər olub. Dünya Bankının hesabatında da Azərbaycan iqtisadiyyatının enerji sektorundan yüksək asılılığı ayrıca vurğulanır. Hesabatda bildirilir ki, Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) təxminən üçdə biri, ixracınsa 90 faizi enerji sektorundan asılıdır. Qurumun hesablamalarına görə, Azərbaycanın mövcud neft ehtiyatları qarşıdakı 25 ildə ölkənin tələbatlarının ödənilməsinə yetəcək. Dünya Bankının fikrincə, belə bir ortamda kompleks və effektiv dekarbonizasiya səyləri ilə iqtisadiyyatı şaxələndirməyə və yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə ehtiyac var. Deməli, Azərbaycanın dekarbonizasiya hədəflərinə çata bilməməsinin əsas səbəblərindən biri milli iqtisadiyyatın strukturu ilə bağlıdır. Axı dəqiq dekarbonizasiya kursunun müəyyənləşdirilməsi və gerçəkləşdirilməsi üçün iqtisadi diversifikasiya və daha dinamik özəl sektor tələb olunur. Azərbaycanda isə bu sahədə uzun illərdir önəmli dəyişikliklər qeydə alınmayıb. Ölkənin neftdənkənar sektorun inkişafına nail ola bilməməsi onun iqlim hədəfləri ilə bağlı hədəflərini reallaşdırmasını çətinləşdirir.

İqlim dəyişikliklərinin Azərbaycana təsirləri

Dünya Bankının "Azərbaycanın iqliminə və inkişafına dair Hesabat"ında deyilir ki, hazırda Azərbaycan ciddi iqlim riskləri ilə üz-üzədir. Hesabatda bildirilir ki, ölkənin bütün ərazisi əslində həm quraqlığa, həm də su qıtlığına məruz qalır. Ekstremal hava şəraiti üzündən quraqlığın tezlik və intensivliyinin artacağı gözlənilir. Üstəlik, ölkənin təbii sərvətləri torpağın deqradasiyası, səhralaşma və ifrat otarılma nəticəsində zədələnir və bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Azərbaycanda neft-qaz hasilatı da torpağın aşınmasına və su ehtiyatlarının çirklənməsinə təsir göstərib.

Azərbaycanda iqlim dəyişikliklərinin ən çox risk yaratdığı sahələrdən biri də kənd təsərrüfatıdır. Bu da ölkədə həm ərzaq təhlükəsizliyi, həm də məşğulluq baxımından çağırışlar doğurur. Dünya Bankının Azərbaycanda kənd təsərrüfatına dair diqqət çəkdiyi digər bir məqam su çatışmazlığı və müasir suvarma sistemlərinin məhdudluğudur. Qurumun analitikləri düşünür ki, məhsuldarlığı artırmaq və iqlim dəyişmələrinə qarşı dayanıqlılıq yaratmaq üçün özəlliklə kiçik və orta fermerlərin bacarıqları gəlişdirilməli, bundan ötrü onlara dəstək verilməlidir. Fermerlərə dəstəklə yanaşı, çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş tədbirlər üçün kadr və maliyyə resursları da gərəkir. Axı iri aqrobiznes müəssisələrinin bəziləri öz heyətlərinə və təchizatçı fermerlərə təlim keçməkdən ötrü beynəlxalq mütəxəssislər gətirir. Bostançılığın inkişafına dəstək üçün yaradılmış bir sıra ticarət birlikləri də eyni işi görür. Ancaq təşəbbüslərin əhatə dairəsi qısıtlı olduğundan yeni yaradılmış birliklərin bu sektorlara dəstək göstərməyə təcrübə və resursları yoxdur.

Dünya Bankının hesablamasına görə, hökumət belə ehtiyacları aradan qaldırmasa, yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığı 2060-cı ilədək, orta hesabla, 14-20 faiz azalacaq. Yüksək dəyərli bitkilərdə isə daha çox azalma gözə çarpacaq. Üstəlik, indi Azərbaycanda suvarılan bitkilər də su çatışmazlığı riski ilə üz-üzədir. Bu problem cənub rayonlarında bəzi bitkilərin 60 faizdən, Şərqi Aşağı Kür hövzəsində isə 20 faizdən çoxunun itirilməsi ilə nəticələnə bilər

XS
SM
MD
LG