Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:02

Slavyan Universitetində 226 minlik yeyinti iddiası: 'Dedi ki, pullar rektora çatır...'


Pul
Pul

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyeva 226 min manatlıq yeyintidə suçlanır. İddia olunur ki, o, universitetdə, əsasən, ikinci ali təhsil alan tələbələrin ödədiyi vəsaitləri mənimsəyib. Cinayət işinin materiallarında 123 nəfərin təhsil haqqı kimi ödədiyi pulların ələ keçirilməsindən bəhs olunur.

Sabiq şöbə müdiri özünü təqsirli bilmir. O deyib ki, dələduzluq, mənimsəmə, rüşvət verməyə təhrik kimi ittihamların heç birini qəbul etmir: "Özümü yalnız cinayəti bilib xəbər verməməkdə təqsirli bilirəm, bu ittihamları isə qəbul etmirəm".

Əliyeva deyib ki, şahidlər dindiriləndən sonra özü ifadə verəcək.

Universitetin keçmiş şöbə müdiri həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Hazırda bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

"4000 manat 3 ilin təhsil haqqı kimi alınmışdı"

Sentyabrın 6-da məhkəmədə Əliyevaya pul verdiyini iddia edən şahidlər dindirilib.

Övladları birlikdə eyni liseydə təhsil aldığına görə Əliyevanı tanıdığını deyən Afaq Qaybalıyevanın sözlərinə görə, özü M.Ə.Sabir adına Texnikumda təhsil almışdı. Bu universitetdə də ali təhsil almaq qərarı verib: "Dürdanə xanım mənə sənədlərin siyahısını verdi. Ona iki dəfəyə 4000 manat pul vermişəm".

Qaybalıyeva sonradan öyrənib ki, adı rəsmi sənədlərdə yoxdur. Bu üzdən ona verilən tələbə biletinin də hüquqi qüvvəsi yoxdur. Bunu biləndən sonra universitetin rektoru Nurlana Əliyevanın qəbuluna getmək qərarına gəlib: "Dürdanə xanım dedi ki, Nurlana xanım məsələdən məlumatlıdır. O, heç bir halda özbaşına möhür vura bilməz. Onu da bildirdi ki, alınan pullar Nurlana xanıma çatacaq. Məndən 4000 manat 3 ilin təhsil haqqı kimi alınmışdı".

"Universitetə indi də 4000 manat borcum var"

İlk ali təhsilini Azərbaycan Pedaqoji Universitetində almış başqa bir şahid Elnarə Hüseynova deyir ki, Bakı Slavyan Universitetinə ikinci təhsil üçün gələndə onu Əliyevanın yanına yönləndiriblər. Şahidin sözlərinə görə, şöbə müdiri ona birbaşa ikinci kursda oxuyacağını deyib. Oxumadığı birinci kursa görə isə əlavə 2000 manat istəyib: "Ona 2000 manatı öz kabinetində verdim. İki dəfəyə də 4000 manat bank hesabına köçürdüm. Pulu köçürəndə gördüm ki, universitetin yox, Dürdanə Əliyevanın şəxsi hesabıdır. Dürdanə Əliyeva bunu belə izah etdi ki, universitetin bank hesablarında texniki problem var. Verdiyim pulun 2000-i universitetə köçürülüb. Ona görə universitetə indi də 4000 manat borcum var".

Başqa şahidlər də sabiq şöbə müdirinə təhsil haqqı adıyla pul verdiklərini, lakin həmin pulların əksər hissəsinin universitetə köçürülmədiyini söyləyiblər. Şahidlərin sözlərinə görə, sonradan universitetə borclu olmaları haqda xəbərdarlıq alandan sonra pulun köçürülmədiyini biliblər.

Məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Dürdanə Əliyeva CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 32.312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu cinayət işi 2021-ci ilin yanvarında Bakı Slavyan Universitetinin tələbələrinin Baş Prokurorluğun "Qaynar Xətt"inə şikayətləri əsasında başlanıb. Tələbələr ödədikləri təhsil haqqının mənimsənildiyini iddia ediblər. Onların şikayətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb və nəticədə Əliyeva təqsirləndirilən şəxs qismində tanınıb.

Universitetin rektoru Nurlana Əliyeva 2021-ci il iyunun 22-də vəzifəsindən azad edilib. 75-yaşlı Əliyeva 2016-cı ildən bu vəzifəni tuturdu. O, həm də 2009-2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olub.

XS
SM
MD
LG