Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:48

Təklənmiş Banu... bütün yönləriylə [İz]


Fransızdilli Azərbaycan yazıçısı Banin
Fransızdilli Azərbaycan yazıçısı Banin

“Banini çevirərkən məndə elə hiss oyandı ki, sanki kitabı tərcümə etmirəm, özüm yazıram”

Bu sözləri AzadlıqRadiosu-nun “İz” proqramının fransızdilli Azərbaycan yazıçısı Baninin ölümünün 25 illiyinə həsr edilmiş sayında yazıçı Gülşən Tofiqqızı dilə gətirib.

“KİTABI SANKİ MƏN YAZMIŞDIM...”

Onun sözlərinə görə, tərcümənin gedişində yazıçı ilə öz arasında müəyyən oxşarlıqlar tapıb: “Elə bil bu olaylar dünən baş verib. Bizim ailəmizdə olan şeylərdir, mənim başıma gələn hadisələrdir... Elə bil yanımdakı adam bunu mənə söyləyir və mən yazıram”.

Buna da bax:​ 'Azərbaycan' himninin müəllifi nəyə güvənirdi?

QOHUMLAR

Gülşən xanım Baninlə qohum olduğunu bildirib: “Mənim Ələsgər babamla Ümm-Əl-Banu əminəvəsidirlər (Ümm-Əl-Banu Əsədullayeva (18 dekabr 1905 - 23 oktyabr 1992) məşhur neft milyonçuları Musa Nağıyevlə Şəmsi Əsədullayevin nəvəsi və Azərbaycan Cümhuriyyəti dövründə iqtisadiyyat naziri olmuş Mirzə Əsədullayevin qızıdır - red.). Başqa sözlə, Musa Nağıyevlə Ələsgər babamın atası Ağəli Nağıyev doğma qardaşdır. Mənə həm də buna görə maraqlı oldu tərcümə. Düşündüm ki, həm Baninin yubileyidir, həm qadındır, həm də özüm yazıçıyam. O üzdən tərcümə etməyə qərar verdim”.

“BANİN RUS DİLİNƏ ÇEVRİLMƏMİŞDİ”

Gülşən Tofiqqızı Baninin 2 əsərini Azərbaycan dilindən rus dilinə çevirib: “Hamlet Qocayev Baninin “Qafqaz günləri” və “Paris günləri” əsərlərini fransızcadan Azərbaycan dilinə çevirib. Mənsə rus dilinə çevirdim. İndiyədək, bildiyim dərəcədə, Banin rus dilinə çevrilməmişdi”.

Buna da bax:​ Baninin varisi Azadlıq Radiosuna danışdı

“TƏRCÜMƏ ETDİKCƏ AĞLAYIRDIM”

Gülşən xanım tərcümənin gedişində ara-sıra hirsləndiyini də deyir: “Banin çox acıdil, ədabaz bir xanım olub. Tərcümə vaxtı onun hərəkətlərinə mən də hirslənirdim. Amma sonra onu anladım... Tərcümə etdikcə başa düşdüm. Gərək onun yaşadığı zamanı sən içərindən keçirəsən. Onun yaşadığı durumlara düşəsən. Doğulan gündən yetim qalasan (Baninin anası Ümm-Əl-Banu doğuşda ölüb - red.).

Onun fantaziyaları çox idi. O, uşaqlıqdan özü üçün bir mühit, bir dünya yaratmışdı. Tərcümə etdikcə özümü saxlaya bilməyib ağlayırdım...”.

BANİN BAKIDA...70 İL SONRA

Verilişin bələdçisi Baninin ölümündən 25 il keçdiyini xatırladır: “Nə qədər elədim Baninə diqqət oyada bilmədim. Axırda oturub esse yazdım. Banini təzədən Vətənə qaytardım. Onun Bakıda keçirdiyi son gününü təsvir elədim. Qocalığında vaxtilə əzizləriylə vidalaşdığı bağa gəlməyini, bağdakı hovuzun başında ayrılarkən şlyapasını unutduğunu xatırlatdım. Mən özüm də Mərdəkandakı həmin bağda olmuşam. Uşaqlığım orda keçib”.

“MÜHACİRƏTDƏ NEÇƏ YAZIÇIMIZ OLUB?”

Gülşən xanım maraqlı bir nüansa diqqət çəkdi: ”İndi özünü XX əsr neft krallarına qohum çıxarmaq dəbə düşüb. Çoxu da burda mənfəət güdür. Amma axı neft krallarının Ümm-Əl-Banu kimi, başqaları kimi törəmələri var. Fikrimcə, onlar daha qiymətli sayılmalıdır. Bizim mühacirətdə yaşayıb-yaradan nə qədər yazıçımız olub ki? Elə də çox deyil...Qadınlar heç yoxdur. Məncə, ancaq Banindir. Bir də ki neftdir, puldur, - bunlar su kimi axıb gedir. Amma istedad Allah vergisidir - əbədi qalır... Məncə, Baninin ən böyük milyonu onun istedadıydı... Deyirlər onun bacısı da istedadlı rəssam olub. Bacısı uşaqlarının biri rəssam, o biri jurnalistmiş. Yəni yaradıcılıqla məşğul idilər. Bu da bir dəyər, sərvətdir”.

Buna da bax:​ Yazıçı Baninin vəsiyyətnaməsi ilk dəfə Azərbaycan dilində...

DƏNİZ VƏ BANİN

Gülşən xanım Baninin əsərlərindən inciklik duyulduğunu da bildirib: “İncikliyi vardı. Qohumlarından, Vətənindən. Axıradək dərk eləmədən çıxıb gedib və o inciklik onun içərisində qalıb... Həyatını da bu inciklik üzərində qurub. Amma kitabının lap sonunda, bilirsiniz, nə yazıb? Deyir ki, mən dənizə baxırdım və birdən özümü Kaspi (Xəzəri daha qədim və beynəlxalq aləmdə yayılan adıyla çağırır – red.) dənizinin sahilində hiss elədim. Bəlkə də, biz orada qalsaydıq, xoşbəxt olardıq. Biz burda xoşbəxt ola bilmədik... Bax, bu sözlərə görə, mən onun bütün günahlarından keçdim...”.

AZƏRBAYCAN-İTMİŞ XƏYALLAR ÖLKƏSİ...

Aparıcının: “2014-cü ildə Baninin varisi (Rolf Stürmer) AzadlıqRadiosu-na müsahibəsində bildirib ki, düşüncələrinin dərinliyində, o, Azərbaycan haqda düşünmürdü. Özünün dediyi kimi, Azərbaycan onun üçün itmiş xəyallar ölkəsi idi...” fikrini belə cavabladı: “Mühacirətə gedəndə Baninin 19 yaşı, öləndə 87 yaşı vardı. Az qala, 70 il Vətəndən uzaqda yaşayıb o... Heç kəslə də ünsiyyəti yox idi. Bakıda da nə anasından, nə atasından tərbiyə ala bilib. Onu alman dayə böyüdüb.

Onu Vətənə bağlayan bir şey qalmamışdı... Amma mən təkcə onu günahlandırmıram. Yəqin yanındakıların da günahı olub. Vətəni ona heç kəs sevdirə bilmədi. Mən belə düşünürəm”.

Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'

BANİNİN YADDAŞINDA NƏ QALIB?

Gülşən xanım onu belə müdafiə edib: “Baninin yaddaşında Bakıdan nə qalmalıydı ki? Özünü dərk edər-etməz, bolşevik işğalı baş verdi. Atasını tutdular. Atasını həbsdən buraxdırmaq üçün məcbur olub özündən qat-qat böyük bir adama ərə getdi. Qaldılar yollarda... Gəldilər Fransaya. Orda da o evdən bu evə-kirayə həyatı... İş yox, pul yox... Ona görə axırda deyir ki, bəlkə biz orda qalsaydıq, xoşbəxt olardıq”.

BANİN UNUDULUB

“Vətənində Baninə münasibət sizi razı salırmı” sualını Gülşən Tofiqqızı belə cavablayıb: “Yox! Nə araşdıran var, nə tədqiq edən... Amma suçlandıranlar var. Sən gərək biləsən ki, bu adam niyə belə yazıb, niyə belə davranıb. Onun 100 illiyi olanda (2005-ci ildə - red.), hər iki kitabını təmənnasız çevirib çap etdirdim. İndi o kitablardan biri də qalmayıb. Hamı məndən o kitabları istəyir. Deyirlər, haradan tapmaq olar? Mənə verilən 50 nüsxəni kitabxanalara payladım. Gərək təkrar çap edilsin. Onun üçün də maliyyə dəstəyi olmalıdır”.

“NƏZƏRƏ ALINMADI”

Aparıcının: ”Siz bununla bağlı bir yerə üz tutmusunuz” sualını Gülşən xanım belə cavablayıb: “Bəli! 2015-ci ildə. Baninin 110 illiyi idi. Mədəniyyət Nazirliyinə yazdım. Yazdım ki, bəlkə bir tədbir təşkil edəsiniz? Xahiş elədim ki, tədbir edəndə məni unutmasınlar. Cavab gəldi ki, nəzərə alarıq... Nə tədbir oldu, nə də məni çağırdılar”.

TƏKLƏNMİŞ BANU...

Gülşən xanım sonda qohumu Banin haqqında bunları söyləyib: “İstedadlı adamlar həmişə zəif olur. Baninin zəifliyi ondaydı ki, axıracan həyatda yerini tapa bilmədi. Sonunadək intizardaydı. Mən elə başa düşürəm... Qadın kimi onu anlayıram. Bir qadın kimi, təklənmiş insan kimi... Kitablarını oxusan, o qədər də professionallıq yoxdur. Amma ürəkdən yazır. Ona görə hər şeydən keçmək olar. Həyat gül dəstəsi kimidir. Güllərin içində hər cürü var - tikanlısı da, ətirlisi-ətirsizi də... Bunları qəbul etmək lazımdır. Mən Banini bu cür qəbul edirəm - müsbət və mənfi tərəfləriylə birgə. Onun bütün romanlarının tərcüməsini oxumaq istərdim (Baninin 11 romanı var - red.). Bəlkə onda onu daha yaxşı tanıyarıq. Hələliksə, cəmi 2 romanına bələdik”.

Təklənmiş Banu
Gözlə

No media source currently available

0:00 0:29:55 0:00
Direct-ə keçid

XS
SM
MD
LG