Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:32

'Obyekt almaq istəyirdim ki, uşaqlarım dolansınlar'


Rəşad Məmmədov
Rəşad Məmmədov

►“Gedib 6 milyonu götürmüşəm, gətirib İsfəndiyara vermişəm. Həmin pulun da 4 milyon 700 minini Zabil Salmanova verib obyektini almışıq”​

"Pulum vardı, obyekt alıb tikmək istəyirdim ki, sabah uşaqlarım dolansınlar. Başqa qazanc yerim yox idi. Pul da qaldıqca ölürdü".

Bunu Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov məhkəmədə Nizami 44 ünvanındakı əmlakın birinci mərtəbəsini 6 milyona almasının səbəbilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Rəşad Məmmədov, eləcə də onunla birlikdə mühakimə olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov sözügedən ünvandakı obyektlərdən birinin alqı-satqısı zamanı dələduzluqda ittiham olunur.

“BELƏ ELƏMƏK İSTƏDİK, ELƏDİK”

Nizami 44 ünvanındakı əmlakın ikinci mərtəbəsində yerləşən mənzillər Rəşad Məmmədovun ailəsinə məxsus olub. Birinci mərtəbədəki mənzil və obyektlərin alınması üçün əmlak sahiblərilə İsfəndiyar İsfəndiyarov danışıqlar aparıb, qiyməti razılaşdırıb və Rəşad Məmmədova ümumi məbləğin 6 milyon olduğunu deyib.

Arzu Məmmədov İsfəndiyar İsfəndiyarovun bibisi oğludur və alqı-satqı zamanı alınan əmlaklar onun adına rəsmiləşdirilib. Sonradan Arzu Məmmədovla da Rəşad Məmmədovun həyat yoldaşı arasında alqı- satqı olub.

Amma bir müddət sonra Rəşad Məmmədovun istəyi əsasında məhkəmə qərarı ilə bu alqı- satqı ləğv olunub. Ardınca Arzu Məmmədovla Rəşad Məmmədovun qayınanası Elmira xanım arasında alqı-satqı olub və əmlaklar onun adına keçirilib.

____________________________________________________________

Bunlara da bax:
Prokuror Qənimət Zahidin qohumlarına ağır cəza istədi
Sovetskidə tarixi binanın üzlüyünü sökməyə başladılar

____________________________________________________________

Prokurorun hansı səbəbdən yoldaşı ilə alqı-satqını pozdurub, əmlakı qayınanasının adına keçirdiyi barədə sualını Rəşad Məmmədov belə cavablandırıb:

"Biz ailədə onu özümüz həll eləyirik. Belə eləmək istədik, elədik. Bu barədə suala cavab vermək istəmirəm".

Digər iki nəfərdən fərqli olaraq, Arzu Məmmədov həbsdə deyil. Bu ilin martında onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilib. Arzu Məmmədovun istintaqa ifadəsində Rəşad Məmmədovun, İsfəndiyar İsfəndiyarovun əleyhinə xeyli məqamlar var. Məsələn, ifadədə yazılıb ki, üçlükdə söhbətləşib, Zabil Məmmədovu aldatmaq məsələsini müzakirə ediblər; Rəşad Məmmədov göstəriş verib ki, əgər o, obyektini satmaq istəməsə, əlindən alsınlar, pulunu da ödəməsinlər və s.

““ZORLA AL” SÖHBƏTİ OLMAYIB”

"Allah göydən baxır, mənim Rəşad müəllimlə belə bir söhbətim olmayıb. Onu bir dəfə görmüşəm. Gedib 6 milyonu götürmüşəm, gətirib İsfəndiyara vermişəm. Həmin pulun da 4 milyon 700 minini Zabil Salmanova verib obyektini almışıq. Zabil bundan əlavə, Hüseyn Cavid prospektindəki iki otaqlı mənzil-obyektinin qarşısında artırma istəyirdi. Biz ona artırma məsələsini həll eləyəcəyimizi demişdik, amma bunu eləyə bilmədik. Amma "onu aldat, obyekti zorla al" söhbəti olmayıb", - Arzu Məmmədov bildirib.

Qeyd edib ki, dayısı oğlunun təklifilə razılaşıb əmlakların müəyyən müddətdə onun adına rəsmiləşməsinə icazə verib: "Buna görə özümü günahkar bilirəm".

İsfəndiyar İsfəndiyarov istintaq zamanı özünün də, bibisi oğlu Arzu Məmmədovun da təzyiqlərə məruz qaldığını deyib. Əlavə edib ki, təzyiqlərlə əlaqədar Baş Prokurorluğa da müraciət edib.

254 MİN 600 MANAT ZİYAN

Daha sonra Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi Hüseyn Əzimov şahid qismində ifadə verib. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin prezidentin sərəncamı ilə ləğv edildiyini və Dənizkənarı Bulvar İdarəsinə birləşdirildiyini deyən şahid qeyd edib ki, Rəşad Məmmədovun rəhbərliyi dövründə onlara 254 min 600 manat ziyan dəyib. Amma dəymiş ziyan bu il mayın 19-da Rəşad Məmmədovun yaxınları tərəfindən ödənilib. Ona görə də Rəşad Məmmədova qarşı hər hansı şikayət və tələbləri yoxdur.

Məhkəmə prosesi iyunun 14-də davam edəcək.

Rəşad Məmmədov və digər iki nəfər bir il əvvəl həbs olunub. Hər üç təqsirləndirilənə qarşı CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələrilə ittiham olunur. İttihama görə, Rəşad Məmmədov tabeliyindəki işçilərə lazım olduğundan daha çox pul vəsaiti verməklə, 200 min manatdan artıq vəsaiti israf edib.

Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

XS
SM
MD
LG