Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:18

Belarus Avropa ilə əlaqələrini kəsir?


Alyaksandr Lukaşenka (Kollaj)
Alyaksandr Lukaşenka (Kollaj)

Belarus Alyaksandr Lukaşenka rejiminin üzərinə Brüssel tərəfindən iqtisadi sanksiyalar qoyulmasının ardınca bildirib ki, Avropa İttifaqındakı daimi nümayəndəsini “məsləhətləşmələr üçün geri çağırır”.

Minsk habelə Avropa İttifaqının ölkədəki nümayəndəsinə “məsləhətləşmələr üçün Brüsselə qayıtmağı” “təklif” edib.

Avropa İttifaqı sanksiyaları Ryanair hava şirkəti təyyarəsinin məcburən Minskə endirilməsi və sərnişinlərin arasında olan müxalifət jurnalistinin həbs edilməsinə görə elan edib.

İyunun 28-də Belarus Xarici İşlər Nazirliyinin Facebook səhifəsində dərc edilmiş bəyanatda Avropa İttifaqı “sanksiyalardan suveren və müstəqil dövlətə qarşı alət kimi istifadə etməkdə” ittiham olunur.

Avropa İttifaqının sanksiyaları avtoritar Lukaşenka rejiminin xarici valyuta gəlirləri gətirən sahələrini hədəfləyir.

Minskin bəyanatında deyilir ki, bu sanksiyaların qoyulmasında iştirakı olanların Belarus ərazisinə daxil olması qadağan edilir.

Belarus XİN bunu da bəyan edib ki, Minks Şərq Tərəfdaşlığı proqramındakı iştirakını dayandırır.

Bu proqramda Belarusdan başqa daha 5 keçmiş sovet respublikası - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna iştirakçıdırlar.

Avropa Şurasının prezidenti Şarl Mişel Belarusun bu qərarını sərt tənqid edib və bildirib ki, bu addım “tərəflər arasında gərginliyi daha da artıracaq və Belarus xalqını bu əməkdaşlığın bəhrələrindən məhrum edəcək”.

Lukaşenka Avropanı miqrant axını ilə hədələyir

Mişel başqa bir tvitində yazıb ki, Belarus xalqı bundan sonra da Avropa İttifaqının dəstəyinə ümid edə bilər:

“Biz həmrəyliyimiz və praktik dəstəyimizlə sizin yanınızdayıq. Siz prezidentinizi yeni, azad və ədalətli seçki ilə seçmək hüququna maliksiniz”.

Minsk habelə Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə danışıqlarını da dayandırdığını bəyan edib.

Belarus XİN-in bəyanatında deyilir ki, bu addım Avropa İttifaqına “qanunsuz miqrant axınına və mütəşəkkül cinayətkarlığa qarşı mübarizəyə mənfi təsir göstərəcək”.

Belarus bunu da bildirir ki, Avropa İttifaqının bu ölkədəki nümayəndəliyinin başçısı Derk Şubelə bu barədə məlumat verilib.

Bundan bir gün əvvəl Litvanın baş naziri Aqne Bilotayte demişdi ki, bu il Avropa İttifaqına miqrant axınının kəskin artmasının arxasında Belarus hakimiyyəti dayanır və bu, əslində Belarus iqtidarının “yaxşı hazırlanmış planıdır”.

23 may - dönüş nöqtəsi

Belarus Xarici İşlər Nazirliyinin bu bəyanatından dörd gün əvvəl Avropa İttifaqı Belarusun əsas ixrac sənayeləri üzərinə sanksiyalar qoyub və Minskin Avropa bankları ilə əlaqəsi məhdudlaşdırılıb.

Brüsselin bəyanatında deyilir ki, Minsk üzərinə sanksiyalar iqtidarın vətəndaş cəmiyyətinə, demokratik müxalifətə və jurnalistlərə qarşı repressiyalarına, habelə blogger Raman Prataseviç və onun sevgilisi Sofya Sapeqanın həbsinə görə qoyulub.

Lukaşenka rejimi 2020-ci ilin 9 avqust prezident seçkisinin ardınca siyasi müxalifətə və müstəqil mediaya divan tutduğuna görə beynəlxalq təzyiq altındadır.

Müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını bildirirlər. ABŞ, Avropa İttifaqı və bir çox ölkələr Lukaşenkanın legitimliyini tanımadıqlarını elan ediblər.

Qərb və Belarus arasında gərginlik mayın 23-də Ryanair sərnişin təyyarəsinin məcburi qaydada Minskə endirilməsindən və jurnalist Raman Prataseviçin həbsindən sonra ən kəskin səviyyəsinə yüksəlib.

Avropa İttifaqı, ABŞ, Britaniya və Kanada bu hadisəyə görə Belarusun yüksək vəzifəlilərindən tutmuş Lukaşenkanın ailə üzvlərinədək sanksiyalar elan edib. Bu şəxslərin adları çəkilən ölkələrin ərazisinə daxil olmaları qadağan edilib.

Bundan başqa sözü gedən ölkələr və Avropa İttifaqı Belarus təyyarələrinin özlərinin hava məkanına daxil olmasını və ya onların hava limalarından istifadə etməsini yasaqlayıb.

XS
SM
MD
LG