Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:57

Bərdədə dindarlar saxlanıb


Namaz
Namaz

Ötən həftədən Bərdə rayonunda dini zəmində gərginliklər yaşanır. Yanvarın 13-də Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Həsənqaya kəndində yerləşən «Əl Kəvsər» deyilən məsciddə əməliyyat keçiriblər.

Özünü həmin məscidin imamı kimi təqdim edən Əziz Qasımov məsələ ilə bağlı müraciət yayıb. Müraciətdə qeyd edilir ki, yanvarın 13-də namaza az qalmış məscidə gələn polislər din adamlarına kobudluq ediblər: «Onlar əllərində siqaret, ayaqlarında kirli ayaqqabı məscidə daxil oldular. Camaatı təhqir edərək, «niyə namaz qılırsınız», «çıxın bayıra, yoxsa sizi polis bölməsinə aparacağıq» deyə hədələdilər. Mülkigeyimli bir nəfər məni də təhqir etdi. Onlardan bizə namaz qılmaq üçün 5 dəqiqə vaxt vermələrini xahiş etdik. İşə yaramadı. Mülkigeyimli bir polis işçisi mənim saqqalımı yoldu və kobud şəkildə, ayaqqabısız maşına basaraq polis şöbəsinə apardılar. Təkcə məni yox, bütün namaz qılanları apardılar».

Buna da bax-Hökumət Aşuranın küçələrdə keçirilməsini qadağan edir - səbəbi ekspert şərhlərində

«BİR İLDİR YALANDAN MULTİKULTURALİZM DEYİRLƏR»

Əziz Qasımov yazıb ki, onlar konstitusion hüquqlarını yerinə yetirirlər: «Cümə namazı Allah-təalanın buyurduğu fərzdir və onu inkar etmək küfrdür. Polislər bizim əqidəmizə toxundular. Biz onlara qarşı heç nə etmədik. Bir ildir yalandan multikulturalizm deyirlər, halbuki bizim kənddə heç kim bir-birinin dini əqidəsinə, məzhəbinə söz demir, qarışmır. Sünni-şiə qardaşlığı var, uzun illərdir camaat halında namaz qılırıq. Biz siyasi proseslərə qoşulmuruq, heç bir məzhəbi də müdafiə etmirik».

Əziz Qasımov bildirir ki, bir məscidi dağıtmaq onu bağlamaq anlamındadır: «Biz 3 ay əvvəl ölkə rəhbərliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanları İdarəsinə müraciət etmişdik ki, kəndin içərisində yarıtikilmiş məscid var. Onun tikilib başa gəlməsinə və dini icma kimi qeydiyyatdan keçməsinə köməklik etsinlər. Dini Komitə iki aydır bizi yubadır, «məsələnizə baxılır» deyilir, Bu yandan da polislər gəlib bizim namaz qılmağımıza mane olur».

Dindarların «hicab aksiyası»-2010
Dindarların «hicab aksiyası»-2010

Bərdə Rayon Polis Şöbəsindən MeydanTV-yə bildiriblər ki, yanvarın 13-də məscid əhlindən iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisininqanuni tələbinə qəsdən tabe olmama) maddəsilə protokol tərtib edilib. Daha sonra məhkəməyə çıxarılan hər iki şəxsə 10 sutka iş verilib.

Əziz Qasımovun həyat yoldaşı Arzu Qasımova da deyib ki, yanvarın 14-də məhkəmə onun ərinə və da bir nəfərə 10 sutka inzibati həbs verib: «Əziz Qasımov və onunla tutulan hazırda Tərtər rayonundakı müvəqqəti saxlanma məntəqəsindədirlər. Həyat yoldaşım kəndin mollasıdır».

Buna da bax-Ötən il İslamla mübarizə, bu ilsə İslamla həmrəylik ili

ƏZİZ QASIMOV İMAM KİMİ TANINMIR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədr müavini Səyavuş Heydərov da Bərdə rayonunda bəzi dindarların saxlanmasına münasibət bildirib.

Onun deməsinə görə, Bərdə rayonu Həsənqaya kənd sakini Əziz Qasımovun həyətində dini ibadət yeri kimi istifadə olunan tikilidə qanunsuz mərasimlərin keçirilməsinə cəhdlər edilib.

S.Heydərov bildirib ki, bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilib: «Yanvarın 13-də qeyd olunan tikiliyə Bərdə rayonunun hüquq-mühafizə orqanlarının və Dövlət Komitəsinin regional şöbəsinin əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Qanunsuz dini mərasimə, bir nəfər yetkinlik yaşına çatmamış şəxs olmaqla, 31 nəfərin cəlb olunduğu müəyyən edilib. Polis orqanlarının qanuni fəaliyyətinə tabe olmadığına görə Əziz Hüseyn oğlu Qasımov və Ayxan Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsilə 10 sutkalıq həbs-qətimkan tədbiri seçilib. Digər şəxslər izahatları alındıqdan sonra sərbəst buraxılıblar».

S.Heydərov bildirib ki, baxış prosesində həmin tikilidən 119 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb: «İslam dini icmaları yalnız məscidlərdə yaradılır və həmin icmalar təşkilat məsələlərində Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər. Həmçinin, İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri DQİDK-ya məlumat verilməklə, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir».

XS
SM
MD
LG