Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:56

Bəxtiyar Hacıyevin həbsi uzadılıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İyulun 22-də Bakının Xətai rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında ictimai fəal Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbirini 2 ay 10 gün- oktyabrın 8-dək uzadıb.

Vəkil Rövşanə Rəhimli deyib ki, Hacıyev ona qarşı irəli sürülən ittihamları qondarma sayır və təqsirsiz olduğunu bildirib.

Rövşanə Rəhimli bildirib ki, məhkəmədə Bəxtiyar Hacıyev bu qərarı qanunsuz adlandırıb və həbsinin siyasi motivli olduğunu deyib.

“Onun saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Amma psixoloji gərginliyi davam edir”, - deyə o bildirib.

Vəkil birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini də qeyd edib.

Buna qədər olanlar...

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başladığını açıqlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasını dayandırdığını deyib. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa etdiyini açıqlayıb. Hacıyevin bu dəfə aclıq aksiyasını onun 51-ci günündə dayandırdığı deyilir.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb edib. Bəzi hüquq müdafiəçiləri onun üzləşdiyi ittihamları siyasi sayırlar. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG