Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:06

Miyatoviç polisin Söyüdlüdə etirazı dağıtmasından narahatdır


Dunya Miyatoviç
Dunya Miyatoviç

Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç (Dunja Mijatović) Gədəbəyin Söyüdlü kəndində ətraf mühitlə bağlı etirazların dağıdılması və iştirakçıların həbsindən narahatlığını bildirib. Bu haqda komissar Daxili işlər naziri Vilayət Eyvazova məktubunda yazıb. Məktub iyulun 24-də yayılıb.

Komissar yazıb ki, polisin etirazçılara qarşı qeyri-mütənasib gücdən və çevik polis qüvvələrindən istifadə etməsi ciddi insan haqları məsələlərinə yol açır. Miyatoviç hüquq-mühafizə orqanlarının hesabatlılığını təmin etməyin, aksiyalara cəlb olunan polis əməkdaşlarının hamısına insan haqları standartları üzrə adekvat təlim keçməyin vacibliyini qeyd edir.

Gədəbəydə daşan zəhər gölü: Qərb rayonları təhlükə altına düşə bilər
Gözlə

No media source currently available

0:00 0:07:57 0:00

Bu etirazların dinc xarakterli olmasını nəzərə alaraq, komissar dinc etirazların dağıdılmasının hüquqi bazası və əsaslandırmasına dair izahat istəyir.

Miyatoviç etirazlardan sonra Söyüdlü kəndinə girişə məhdudiyyətlərin qoyulduğunu vurğulayır. Bütün bunların “yerli sakinlərin insan haqları, o cümlədən hərəkət azadlığı və şəxsi həyata sayqı ilə bağlı ciddi narahatlığa yol açdığını” yazır. Sözügedən tədbirlərin müstəqil jurnalistlərin, insan haqları müdafiəçiləri və vəkillərin legitim işini xeyli məhdudlaşdırdığı qeyd olunur. Miyatoviç bu tədbirlərin hüquqi əsaslarına, onların insan haqları standartlarına – ifadə azadlığı, sərbəst toplaşma, ictimai işlərdə iştirak, azad məhkəmə təminatı hüquqlarına uyğunluğu haqda informasiya istəyir.

Avropa Şurası Miyatoviçin məktubuyla yanaşı Azərbaycanın bu qurum yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılovun cavab məktubunu da yayıb. Məktubda deyilir ki, Söyüdlünün 2067 sakinindən 118-i “Azerbaijan International Mining Company Limited” şirkətində çalışır və yüksək maaş alır. Şirkət kənddə ikinci tullantı gölü qurmaq istəyəndə, Rusiyada yaşayan bir neçə azərbaycanlı kəndin 409 sakinini 4 il öncə yaradılmış WhatsApp qrupuna cəlb edərək onları kütləvi etirazlara, dövlət qurumlarına aktiv müqavimətə, iğtişaşlara həvəsləndirib.

Məktubda kənddə təşkil olunmuş aksiya zamanı bəzilərinin qanuni tələblərə əməl etmədiyi, polis əməkdaşlarını küt alətlərlə yaraladığı, polisin isə təmkinli, “peşəkar” davrandığı bildirilir.

Xatırlatma

İyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu deyilir. İyunun 22-də isə kəndin girişinə və çıxışına polis postları qurulub.

İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.

Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə ən azından səhlənkarlıq etdiyini deyib. Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağını istismar edən "Anglo Asian Mining" şirkətinin fəaliyyəti müvəqqəti dayandırılıb.

XS
SM
MD
LG