Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:17

Cahangir Hacıyevə cəza istəndi - 17 il (Video)


Prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istədi
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istədi

Cahangir Hacıyevin 110 min manatlıq saatı da müsadirə oluna bilər

«Azərbaycan Beynəlxalq Bankı» ASC İdarə Heyətinin keçmiş sədri, 2015-ci ilin dekabrından bəri həbsdə olan Cahangir Hacıyevə prokuror 17 il həbs cəzası istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsində «Beynəlxalq Bank işi» üzrə sentyabrın 27-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Fərid Nağıyev bu təkliflə çıxış edib.

Prokurorun fikrincə, Cahangir Hacıyevə və onunla birlikdə mühakimə olunan 7 nəfərə verilmiş ittihamlar məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısı o biri təqsirləndirilən şəxslərdən Bakı Fındıq Emalı zavodunun sabiq rəhbəri Azad Cavadova 12 il 11 ay, Beynəlxalq Bank strukturlarının mühafizəsini həyata keçirmiş «Inter Security» şirkətinin rəhbəri İbrahim Hüseynova 11 il, müxtəlif vaxtlarda bankın Mərkəz, Nəqliyyat, Nərimanov filiallarına rəhbərlik etmiş Anar Sultanova 8 il, Məmməd Cahangirova 8 il, Kənan Orucova 7 il 6 ay, İlqar Abdullayevə 8 il, Yusif Ələkbərova 11 il həbs cəzası istəyib.

Buna da bax: Cahangir Hacıyev: 'Qızımın banka borcu olmayıb'

«Müşahidə Şurasının qərarını icra etməyib, amma…»

Prokuror çıxışında qeyd edib ki, C. Hacıyev bankın Müşahidə Şurasının qərarını nəzərə almadan, böyük məbləğdə kreditlərin ayrılmasına dair tabeliyində olan işçilərə göstəriş verməklə qanunları pozub: “C. Hacıyev deyir ki, Müşahidə Şurasının qərarları qanunazidd olduğundan, icra etməyib. Amma “Banklar və bank fəaliyyəti haqqında” qanuna görə, bankın fəaliyyətinə nəzarət edən orqan məhz Müşahidə Şurasıdır. Necə olur ki, C. Hacıyev özü Müşahidə Şurasının qərarına tabe olmur, amma öz tabeliyindəki filiallara göstəriş verir ki, müəyyən məbləğdən yuxarı kredit vermək üçün kredit komitəsinin icazəsi lazımdır?”.

Götürülmüş kreditlərin layihələrə yönəldilməsi barədə C. Hacıyevin məhkəmədə dediklərinə gəlincə, prokuror bunu inandırıcı saymır və fikrini belə əsaslandırır: “C. Hacıyev iddia edir ki, ayrılmış kreditlər xaricdə layihələrin həyata keçirilməsinə yönəldilib. Əvvəla, həmin vəsaitlərin layihələrə yönəldiyini sübut edən heç bir fakt ortaya qoyulmadı. Digər tərəfdən, əgər layihələrə yönəldilirdisə, niyə layihə, qaydalara uyğun olaraq, banka təqdim edilməyib, müzakirə aparılmayıb, həmin layihənin gəlir gətirib-gətirməyəcəyi proqnozlaşdırılmayıb?

Buna da bax: C.Hacıyev və yaxınları ABB-nin 184 milyonluq səhmlərini qaytarıblar

Əgər hər şey səmimi və qaydalarauyğun idisə, kreditlər niyə bankın daxili qaydalarına uyğun ayrılmırdı?”.

Kreditlər ABŞ-da, Avropada xərclənib?

Dövlət ittihamçısı çıxışında C. Hacıyevin özünə və yaxınlarına verilmiş iriməbləğli kreditlərə də toxunub: “Qanuna görə, banka aidiyyəti olan şəxslərə güzəştli kreditlər verilə bilməz. Amma C. Hacıyevin yaxınlarına təminatsız, faizsiz kreditlər verilib. Düzdür, C. Hacıyev burada dedi ki, həmin kreditlər bankdan səhmlərin alınması, yəni bankın kapitalının artırılmasına xidmət edib. Anlaşılmır ki, bankın bu cibindən çıxarıb, o biri cibinə qoymaqla bank nə qazanır? İş materiallarından görünür ki, C. Hacıyevin yaxınlarının kartlarına köçürülmüş kreditlər sonradan ABŞ-da, Avropa şəhərlərində otellərdə, gözəllik salonlarında, istirahət mərkəzlərində xərclənib, “onlayn” ödənişlər həyata keçirilib, bankomatlardan nəğd şəkildə çıxarılıb”.

Buna da bax: Cahangir Hacıyev Maliyyə nazirliyinə cavab verdi

Prokuror kreditlərin ödənildiyi barədə deyilənlərin həqiqəti əks etdirmədiyini də bildirib. Onun sözlərinə görə, ilk dövrlərdə həyata keçirilən ödəmələr də yeni götürülmüş kreditlərin hesabına ödənilib ki, bunu kreditlərin ödənilməsi kimi qiymətləndirmək doğru deyil.

Cahangir Hacıyev
Cahangir Hacıyev

Cahangir Hacıyevin yaxınlarının Beynəlxalq Banka nə qədər borcu qalıb?

“C. Hacıyev, digərləri ilə əlbir olaraq, 49 nəfərin adına 47 milyon 143 min 969 manat kredit götürüb. Həmin kreditin 26 milyon 916 min 191 manatı əsas borc olaraq hələ də ödənilməyib. C. Hacıyev və yaxınlarının adına 13 milyon manat, 64 milyon dollar, 13 milyon avro və 2 milyon funt-sterlinq borc hələ də ödənilməmiş qalır. Bütövlükdə ödənilməyən əsas borc 100 milyonu keçir”.

Prokuror böyük məbləğdə kreditlərin müqabilində xaricdəki müəyyən müəssisələrin, zavodların girov qoyulması barədə deyilənlərin də doğru olmadığını söyləyib və qeyd edib ki, ortada heç bir girov müqaviləsi yoxdur: “Ona görə də Dubaydakı, Albaniyadakı zavodların girov qoyulması barədə deyilənlər əsassızdır”.

Dövlət ittihamçısı çıxışında Beynəlxalq bankın C. Hacıyevlə birlikdə mühakimə olunan keçmiş filial müdirləriylə bağlı məsələyə də ayrıca münasibət bildirib: “Düzdür, onlar məhkəmədə dedilər ki, rəhbərliyin göstərişi əsasında kreditləri veriblər. Amma rəhbərliyin göstərişinə əməl etmələri onları məsuliyyətdən azad etmir”.

Buna da bax: 'Əynimi dəyişmək istəyirdim ki, dedilər, səni aparırlar'

110 min manatlıq saat və qızıl sikkələr…

Dövlət ittihamçısı çıxışında C. Hacıyevin evində axtarış zamanı götürülmüş 110 min manat dəyərində saatın, qızıl sikkələrin müsadirə olunaraq, Beynəlxalq Banka dəymiş ziyanın ödənilməsinə yönəldilməsini də təklif edib.

İş üzrə zərərçəkmiş qismində tanınmış Beynəlxalq Bankın nümayəndəsi isə mülki iddiasının təmin olunmasını, 211 milyonun müştərək qaydada təqsirləndirilən şəxslərdən tutulmasını istəyib.

Vəkillər müdafiə çıxışına hazırlaşmağa vaxt istəyiblər. Məhkəmə oktyabrın 3-də davam edəcək.

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

XS
SM
MD
LG