Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:42

'Nazirlik iki bankın öhdəsindən gələ bilmədi'


Əkrəm Həsənov
Əkrəm Həsənov

Azərbaycan Beynəlxalq Bankı və «Azər Türk Bank»ın rəhbərliyindəki dəyişikliklər «qara bazar» söhbətlərini yenidən gündəmə gətirib. İlkin məlumatlara görə, bu iki dövlət bankı «qara bazar»ı valyuta ilə təmin edirmiş. Bank məsələləri eksperti Əkrəm Həsənov uzun müddətdir deyirdi ki, «qara bazar»ın arxasında banklar durur. O, fikrini belə əsaslandırır: «Bu qədər valyuta yalnız banklarda ola bilər. Təbii, ən çox da iki dövlət bankında. Elə məhz onların da rəhbərləri dünən buna görə vəzifəsindən kənarlaşdırıldı. İndi təsəvvür edirsinizmi, bank sistemimiz nə gündədir?! Ölkədə iki dövlət bankı olsun və hər ikisi də dövlətə, xalqa daim xəyanət etsin – buna nə ad verəsən?».

«MALİYYƏ NAZİRLİYİ NÜFUZDAN DÜŞÜB»

Ekspertin qənaətinə görə, baş verənlərdən sonra ölkənin ən iri bankı olan Beynəlxalq Bankın özəlləşdirilməsi sürətlənəcək: «Baş verənlərin ikinci mənfi nəticəsi Maliyyə Nazirliyinin nüfuzdan düşməsidir. Ölkədə qismən də olsa, nüfuzlu maliyyə orqanı həmin nazirlik idi. Amma tabeliyində olan iki bankın belə öhdəsindən gələ bilmədi».

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı-ekspert Qubad İbadoğlu Facebook səhifəsində yazır ki, dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları alan Beynəlxalq Bankı ətrafında bitməyən söhbətlər dövlət mülkiyyətində qalanadək davam edəcək: «Bankın özəlləşdirilməsi ilə bağlı müzakirələr 2000-ci ilin ortalarında Beynəlxalq Valyuta Fondunun təşəbbüsü ilə başlasa da, hələ də bu istiqamətdə iş getmir. Əgər bu bank vaxtında özəlləşdirilsəydi, nə dövlət 7 milyard manat və 1 milyard dollar əlavə xərcə düşər, nə də bu bankdan kredit götürən şəxslər 6 ilə 10 milyard manata qədər vəsait oğurlaya bilərdilər».

«BİRİNCİ GÜNAHKAR HÖKUMƏTDİR»

Q.İbadoğlunun fikrincə, bank özəl olanda, oğurlanan dövlətin deyil, onun idarəçiliyi üzərində korporativ nəzarəti həyata keçirən səhmdarların vəsaitləri olur: «Özəl bankların səhmdarları belə halların qarşısını vaxtında almaqdan ötrü xeyli rıçaqlara malikdir. Bu isə Beynəlxalq Bankda olduğu kimi, uzunmüddətli dövrdə dəhşətli dərəcədə böyük korrupsiyalara yol açmır. Odur ki, Beynəlxalq Bankda baş verənlərin birinci günahkarı islahatları vaxtında aparmayan hökumətdir».

Q.İbadoğlu bildirir ki, gələn ildən hər iki bank özəlləşməyə hazırlanmalı və bu proses mümkün qədər tez başa çatdırılmalıdır: «Özəlləşdirmə isə açıq olmalı, orda maraqlı investorların sərbəst iştirakına şərait yaradılmalıdır».

Natiq Cəfərli
Natiq Cəfərli

Digər iqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, əgər ölkədə «qara valyuta bazarı» varsa, deməli, həmin ölkənin bank sistemində, iqtisadiyyatında ciddi problemlər var: ««Qara bazar» istənilən ölkənin ayıbıdır, normal maliyyə-bank sistemi olan ölkədə, bazar iqtisadiyyatının, heç olmasa, əlifbası olan ölkələrdə «qara bazar»ın yaranması mümkün deyil».

XATIRLATMA

Dekabrın 8-də «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısında Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.

Elmar Məmmədov Cahangir Hacıyevdən sonra bu bankın İdarə Heyətinin sədri vəzifəsinə gətirilmişdi. C.Hacıyev bu il vəzifə səlahiyyətlərini aşma, küllü miqdarda dövlət əmlakını mənimsəməkdə və başqa iqtisadi cinayətlərdə ittiham edilərək 15 il həbs cəzası alıb.

Qara bazarda pul alıb, satanlar
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

XS
SM
MD
LG