Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:53

'Globus Plaza' sahibinin məhkəməsində etiraflar


"Globus Plaza"nın sahibi, keçmiş deputat Dünyamin Xəlilov
"Globus Plaza"nın sahibi, keçmiş deputat Dünyamin Xəlilov

Hazırda "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin rəhbərliyinə daxil şəxslər martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıblar. Onlar qanunsuz addım atdıqlarını etiraf etsələr də, məsuliyyəti bankın keçmiş rəhbəri Cahangir Hacıyevin üzərinə qoyublar.

Bütün bunlar Bakıdakı "Globus Plaza"nın sahibi, keçmiş deputat Dünyamin Xəlilovun məhkəməsində baş verib.

Buna da bax:​ Həbsdəki keçmiş deputat: 'Pullar xaricdə torpaq sahələrinə xərclənib'

Fəhləyə, xadiməyə verilən milyonlarla manatlıq kreditlər

Dünyamin Xəlilov rəhbərlik etdiyi müəssisələrdə çalışan adamların adlarına milyonlarla manat kredit götürüb qaytarmamaqda suçlanır. Ayda 200-300 manat maaş alan adamların hərəsinə, azı, 200 min manat kredit verilib. Amma işçilər o pulu görməyiblər.

"İntertekstil" şirkətində maşın mexaniki işləmiş Nizami Həmidov məhkəmədə deyib ki, onun da adına 200 min kredit ayrılıb: "Müdiriyyət demişdi, mən də gedib qol çəkdim. Amma pulu mən almamışam".

Belə böyük məbləğdə kreditlərin ayrılması üçün bankın Kredit Komitəsindən razılıq məktubu olmalıdır.

Buna da bax: Ali Məhkəmə Cahangir Hacıyevin şikayətinə baxacaq

"Cahangir Hacıyev göstəriş verib, mən də razılaşmışam"

Sözügedən kreditlər ayrılan dövrdə komitəyə rəhbərlik edən, hazırda isə ABB İdarə Heyətinin üzvü olan Akif Əliyev məhkəmədə deyib ki, bu kreditlərin ayrılmasına Cahangir Hacıyevin göstərişi ilə razılıq verib:

"Dünyamin Xəlilovu bankın layihələrini həyata keçirən məsul şəxs kimi tanımışam. Layihələri Dünyamin müəllim təqdim edirdi. Bilirdim ki, o, "General Construction" şirkətinin rəhbəridir. Cahangir müəllim demişdi ki, Dünyamin müəllim bankın layihələrini həyata keçirir. Cahangir Hacıyevlə razılaşdırıldıqdan sonra kredit verilirdi".

Buna da bax:​ Keçmiş deputatın işçiləri onun əleyhinə ifadə verdi

Sualları cavablarkən, 5 min manat əməkhaqqı aldığını söyləyən Akif Əliyev etiraf edib ki, kredit ayrılmasından ötrü tələb olunan sənədlər onlara tam şəkildə təqdim olunmasa da, o, razılıq məktubu verib.

"Sözsüz ki, qanun pozuntusu idi"

Hazırda ABB İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Emin Mustafayev də məhkəmədə dindirilib.

Vaxtilə Cahangir Hacıyevin müavini çalışmış Emin Mustafayev sonradan onun həbsinin səbəbkarına çevrilib. Cahangir Hacıyev haqqında cinayət işi rəsmən Emin Mustafayevin şikayət məktubu əsasında başlanıb.

Buna da bax: Keçmiş deputatın məhkəməsi başlanıb

Dünyamin Xəlilovun işində bəhs olunan kreditlər ayrılan dövrdə isə Emin Mustafayev ABB Kredit Komitəsinin sədri işləyib. Hakim Beynəlxalq Bankın bu cinayət işində bəhs olunan 85 milyon manat vəsaitinin dağıdılmasında onun rolunun olub-olmadığını soruşanda, keçmiş müavinin cavabı belə olub: "Mən Kredit Komitəsinin sədri olarkən, Cahangir Hacıyevin göstərişini yerinə yetirmişəm. Kreditlərin verilməsinə icazə sənədini imzalayıb, filiallara çatdırmışam. Bu işdə haqqında söhbət gedən kreditlər fiziki şəxslərin adına rəsmiləşdirilir, amma özlərinə verilmədən, əvvəlki kreditlərin ödənilməsinə yönəldilirdi".

Emin Mustafayev qanunu pozduğunu boynuna alıb: "Sözsüz ki, qanun pozuntusu idi. Amma Cahangir Hacıyevin göstərişi idi. Onun göstərişi əsasında şirkətlərin fəaliyyətinə Dünyamin Xəlilov nəzarət edirdi. Yəni, Xəlilov da Cahangir Hacıyevdən göstəriş alaraq iş görüb”.

Təqsirləndirilən Dünyamin Xəlilov ondan "şirkətlərin fəaliyyətinə nəzarət edirdi" deyəndə nəyi nəzərdə tutduğunu soruşsa da, Mustafayevin bu sualı cavabsız buraxıb.

Buna da bax:​ Dünyamin Xəlilov həbs edilib

Emin Mustafayev hakimin sualına cavab olaraq, indi 4 min 500 manat maaş aldığını da məhkəmədə söyləyib.

"Pul ayrılsa da, adamların özlərinə verilmirdi"

Bir müddət əvvəl Cahangir Hacıyevlə birlikdə mühakimə olunan, amma ondan fərqli olaraq, şərti cəza alan keçmiş filial müdirləri də Dünyamin Xəlilovun məhkəməsində dindiriliblər. Beynəlxalq Bank işinə görə təxminən ilyarım həbsdə olan, Cahangir Hacıyev və digərlərinə hökm oxunarkən, şərti cəza ilə azadlığa buraxılan İlqar Abdullayev bildirib ki, 2012-ci ildə "İntertekstil"in işçilərinə kredit veriləndə, mərkəzi filial müdirinin müavini olub. O, həmin kreditlərin Emin Mustafayevin göstərişi əsasında ayrıldığını söyləyib:

"Emin Mustafayevin göstərişi ilə bir neçə nəfər filiala gəlmişdi. Həmin adamların hər birinə 200 min manat verilməli idi. Göstəriş olduğu üçün mən də vermişəm. Bu pullar da əvvəlki kreditlərin ödənilməsinə yönəldildi".

Buna da bax: C.Hacıyev və yaxınları ABB-nin 184 milyonluq səhmlərini qaytarıblar

Prokurorla dialoq

Prokuror:

- Bankdan bir telefon üçün kredit götürmək olmur. Fəhləyə, süpürgəçiyə 200 min pul ayırmısınız. Özünüz də deyirsiniz ki, pul onlara çatmayıb, başqa kreditlərin ödənilməsinə yönəldilib. Deməli, qanunu pozmusunuz...

İlqar Abdullayev:

- Mən, sadəcə, Emin Mustafayevin göstərişlərini yerinə yetirmişəm.

Bankın nəqliyyat filialının keçmiş müdiri Kənan Orucov, mərkəzi filiala rəhbərlik etmiş Anar Sultanov da şahid kimi dindiriliblər.

Anar Sultanov deyir ki, filial müdiri olaraq, onun 5 min manatadək kredit ayrılmasına təkbaşına qərar vermək səlahiyyəti olub. Bundan yüksək məbləğlərin verilməsindən ötrü isə Kredit Komitəsinin qərarı olmalı idi. Onun sözlərinə görə, bu işdə bəhs olunan kreditlər Kredit Komitəsinin qərarı ilə ayrılıb və bu qərarların icrası məcburi xarakter daşıyıb.

Buna da bax:​ 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

Keçmiş deputatın məhkəməsi aprelin 6-da davam edəcək.

Xatırlatma

Dünyamin Xəlilov mənimsəmə, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanır. Amma o özünü təqsirli bilmir və ayrılan vəsaitlərin bankın ölkə və xaricdəki layihələrinə xərcləndiyini deyir.

XS
SM
MD
LG