Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:40

Beynəlxalq Bankın reytinqi aşağı salındı, 'Unibank' isə...


«Moody's» beynəlxalq reytinq agentliyi «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin (ABB) reytinqlərinə «əl gəzdirib».

Bankın xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqi «Ba3» bəndindən «B1» bəndinə endirilib. Bununla yanaşı, bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi «Ba3»dən «B1» bəndinə, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə «B1»dən «B2»yə salınıb.

Paralel olaraq, qısamüddətli depozit reytinqi və risk qiymətləndirməsi «Not-Prime» səviyyəsində təsdiqlənib. Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnozu neqativdir.

Agentlik reytinqlərin endirilməsinin əsas səbəbi kimi 2016-cı ilin sonunda bankın maliyyə dayanıqlılığının pozulmasını göstərir. «Bank öz risklərini azaltmaq imkanı tapmayıb. Halbuki belə bir niyyət olub. Yaxın zamanda baş tutan 600 milyon manatlıq kapitalizasiyaya baxmayaraq, bankın kapital mövqeyi neqativdir. Buna isə əvvəllər yığılmış zərər səbəb olub», - deyə agentliyin açıqlamasında bildirilir.

Agentliyin mütəxəssislərinin hesablamalarına görə, 2016-cı ilin sonuna bankın xarici öhdəliklərinin həcmi 4 milyard manat və ya 2.1 milyard dollar təşkil edir: «Hazırda ABB-nin xarici valyutada məhdud likvidliyi var və bu məbləğ 830 milyon manat və ya 430 milyon dollardır».

«UNIBANK» ƏMƏKDAŞLIĞI DAYANDIRIR

Yeri gəlmişkən, Azərbaycanın «Unibank» Kommersiya Bankı ASC «Moody's»lə əməkdaşlığı dayandırıb.

Bankdan verilən məlumata görə, kredit reytinqi xarici bazarlardan vəsaitlərin cəlbi zamanı tələb olunur: «Bu gün daxili bazardan daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan bahalı reytinqin saxlanılmasına ehtiyac yoxdur. Bu səbəbdən də «Moody's» ilə əməkdaşlıq dayandırılıb.

Məlumatda qeyd olunur ki, əgər xarici bazarlardan vəsaitlərin cəlbi gündəmdə olarsa, bank yenidən əməkdaşlığı nəzərdən keçirəcək: «Reytinq üçün «Moody's»a kifayət qədər böyük məbləğdə vəsait ödənilirdi. Həm reytinqə ehtiyacın olmadığını, həm də xərclərin optimallaşdırılmasını nəzərə alaraq, agentlik ilə əməkdaşlığı dayandırmışıq».

BANKIN REYTİNQLƏRİ GERİ ÇAĞRILMIŞDI

Agentlik bundan öncə «Unibank»ın reytinqini geri çağırıb.

APA-nın xəbərinə görə, reytinqin geri çağırılmasından əvvəl isə bankın uzunmüddətli depozit reytinqi üzrə proqnozu neqativ olub.

Agentliyin analitikləri bildirir ki, reytinqin qorunub saxlanılmasından ötrü bank agentliyə kifayət qədər məlumat vermir və verilən məlumatlar da həqiqəti əks etdirmir. Buna görə, «Moody's» bankın reytinqini geri çağırmalı olub.

XS
SM
MD
LG