Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:38

Beynəlxalq Bankın pullarını çayçı mənimsəyib?


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ikinci cinayət işində dostu, keçmiş deputat Dünyamin Xəlilov və bacanağı İsmayıl Hidayətzadədən başqa daha 19 nəfər də var ki, onlar heç nədən xəbərləri olmadığını deyirlər. Ancaq o adamların adına Beynəlxalq Bankdan on milyonlarla kreditlər götürülüb.

Həmin 19 nəfərin əksəriyyəti D.Xəlilovun «General Construction» şirkətinin işçiləri olub. Aralarında şirkətdə çayçı işləyəndən tutmuş, proqramçıya qədər müxtəlif peşə sahibləri var. Onların hər birinin adına şirkət yaradılıb və Beynəlxalq Bankdan kredit götürülüb. Kreditlərin də əksəriyyəti qaytarılmayıb.

Sözügedən 19 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Həbs edilməsələr də, 8 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində C.Hacıyev, D.Xəlilovla birlikdə mühakimə olunurlar. Prokuror onlara şərti cəza verilməsini təklif edib. Amma onlar təqsirsiz olduqlarını bildirir və bəraət istəyirlər. Avqustun 15-də məhkəmədə vəkilləri də bu barədə danışıb.

«Heç bir vəsaiti mənimsəməyib»

Təqsirləndirilən Sərxan Rəsulovun vəkili deyir ki, müvəkkili Şəki Olimpiya Kompleksində və «General Construction»da işləyib: «Dünyamin Xəlilov onu yanına çağırıb, yeni yaradılan şirkətin rəhbəri təyin edib. Adı şirkətin direktoru olsa da, özünün direktor kimi heç bir fəaliyyəti olmayıb. Sadəcə, sənədlərə qol çəkib. Yəni formal rəhbər olub, şirkətin fəaliyyətindən tamamilə xəbərsiz olub. O iki dəfə adına bankdan götürülmüş pulu 10 bankdan çıxarsa da, rəhbərliyə təqdim edib. Bunu təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri də təsdiq edir. Ona verilən mənimsəmə ittihamı əsassızdır. Çünki o, heç bir vəsaiti mənimsəməyib».

Təqsirləndirilən Mahir Qafarovun vəkili də oxşar məzmunda çıxış edib. Deyib ki, D.Xəlilov 2011-ci ildə faktiki özünün rəhbər olduğu şirkətə Mahiri direktor təyin edib: «Mahir Qafarov şirkətin fəaliyyətindən xəbərsiz olub, onun cinayət törətmək məqsədi olmayıb».

Təbriz Abduləmidovun vəkili də hüquqlarını müdafiə etdiyi şəxsin sabiq deputatın şirkətlərindən birində formal direktor olduğunu söyləyir:

«O, ancaq kredit götürülməsi və buna bənzər məsələlərlə bağlı sənədlərə qol çəkib. Hər hansı mənimsəmədə iştirak etməyib. Sadəcə, yeni şirkətdə adı direktor kimi getdiyinə görə «General Construction»dakı işinə görə maaşına 100 manat da əlavə edilib».

Vəkil əlavə edib ki, verilən ittihamla bağlı epizodlar 12 il əvvələ aid olduğu üçün məsuliyyətə cəlbetmə müddəti keçib.

Təqsirləndirilənlər Natiq İmanov, Samir Hacıyev, Ramin Əhmədov, Adil Mikayılovun vəkilləri də müvəkkillərinə bəraət istəyiblər.

Məhkəmə avqustun 19-da davam edəcək.

Xatırlatma

Prokuror bu işdə C.Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli hesab edib. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün bu ittihamla cəza təyin edilməsini istəməyib. C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

Dövlət ittihamçısı C.Hacıyevin əvvəlki cəzasını da birləşdirməklə, ona 17 il həbs verilməsini istəyib.

D.Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İ.Hidayətzadənin isə 6 il azadlıqdan məhrum edilməsi təklif olunub. Adları çəkilən iki nəfər də həbsdə idi, onların da əvvəlki cəzaları nəzərə alınmaqla, bu müddətlər təklif olunub.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

XS
SM
MD
LG