Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:47

'Xruşşovka'ların yerində 20-30 mərtəbəli binalar tikiləcək


«Xruşşovka»ların yerində bu binalar tikiləcək
«Xruşşovka»ların yerində bu binalar tikiləcək

«1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərara əsasən, köhnə 5- və 9-mərtəbəli yaşayış binaları söküləcək. Onların yerində yeni yaşayış binaları inşa ediləcək. Bu, layihə pilotdur. Layihə özünü doğruldarsa, digər mikrorayonlar da yenidən qurtulacaq».

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov martın 15-də 1-ci mikrorayonun yenidən qurulması qərarı ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib.

Onun bildirdiyinə görə, ilkin mərhələdə köhnə binalarda yaşayanların köçürülməsi planlaşdırılır. Yeni mənzillər hazır olanadək onlar kirayədə yerləşdiriləcəklər. Onların kirayə xərclərini dövlət qarşılayacaq. Kirayə haqlarının ödənilməsi zamanı bazar qiymətləri əsas götürüləcək.

«Sakinlərə veriləcək yeni mənzillərin sahəsi köhnədən 10 faiz artıq olacaq. Ola bilər ki, kimlərsə, yeni binalardan ev və obyekt istəməsinlər. Belə olan halda, onlara köhnə mənzillərini bazar qiymətinə satmalarına imkan yaradılacaq», - o, deyib.

Tikinti işləri ümumilikdə 29 hektar ərazini əhatə edəcək. E.Əsədov bildirib ki, hazırkı durumda həmin ərazidə 29 beşmərtəbəli, 4 doqquzmərtəbəli, 1 ədəd isə 16 mərtəbəli bina var.

Ərazidə yeni inşa edilən 6 ədəd 10-, 12- və 17-mərtəbəli yaşayış binaları da var. Həmin binalara toxunulmayacaq. Ancaq həmin binalar yeni yaşayış kompleksinə uyğun formada təmir ediləcək.

Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

E.Əsədovun deməsinə görə, yenidənqurma işlərinin ümumilikdə 1729 ailəyə təsiri olacaq: «Tikinti işləri 3 mərhələdə həyata keçiriləcək. 2017-ci ildə start veriləcək ilk mərhələdə bir və ya bir necə 5-mərtəbəli bina söküləcək, paralel olaraq yeni tikintinin hazırlıqları aparılacaq. İlkin mərhələdə sökülən binaların yerində 20-mərtəbəli binaların tikilməsi nəzərdə tutulur. Bunun ardınca inşa ediləcək binalar isə 30- və 35-mərtəbəli olacaq».

E.Əsədov onu da qeyd edib ki, tikinti işlərini aparacaq şirkətlərin seçilməsi müsabiqə yolu ilə həyata keçiriləcək, qanunvericiliyə uyğun olaraq tenderlər təşkil olunacaq.

XATIRLATMA

Nazirlər Kabineti martın 10-da 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərar qəbul edib.

Qərar sözügedən mikrorayondakı «xruşşovka»ların sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi əsası ilə sökülməsini nəzərdə tutur.

Mikrorayondakı yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilib.

Qərara əsasən, FHN 15 günə müfəssəl plan, onun əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasını əks etdirən layihə hazırlamalıdır. Həmin sənəd dövlət şəhərsalma, əmlak məsələləri dövlət komitələri və Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır.

Aparılacaq tikinti işlərinə özəl şirkətlərin və kredit vəsaitlərinin cəlb edilməsi qərarda nəzərdə tutulur.

«Xruşşovka»lar ötən əsrin 60-cı illərində SSRİ ərazisində müvəqqəti inşa edilən 5-mərtəbəli binalar olub. Həmin binalardakı mənzillərin də ölçüləri digər binalardakı mənzillərlə müqayisədə kiçik olur.

XS
SM
MD
LG