Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:54

BMT Talibanla Birmadakı xuntanın tanınmasını təxirə salır


Birma, arxiv fotosu
Birma, arxiv fotosu

Əfqanıstanla Birmanın köhnə və yeni rejimləri BMT-də akkreditə olunmaq üçün ərizələrlə müraciət ediblər

BMT Əfqanıstanı idarə edən Talibanın və Birmadakı (Myanma) hərbi xuntanın tanınmasını qeyri-müəyyən müddətə təxirə salıb.

Dekabrın 6-da Baş Assambleyada səsverməsiz, konsensusla qəbul edilmiş qətnamə tanınma qərarını azı 10 aylığa təxirə salır.

Əfqanıstanla Birmanın köhnə və yeni rejimləri BMT-də akkreditə olunmaq üçün ərizələrlə müraciət ediblər.

Əfqanıstan

Avqustun ortasında Əfqanıstanda hakimiyyətə gəlmiş Talibanı heç bir ölkə, eləcə də BMT tanımayıb. Taliban insan haqları pozuntuları, qadınların təhsil, iş, siyasi və ictimai həyatda iştirak hüquqlarının təmin olunmamasına görə beynəlxalq təzyiqlə üzləşib.

BMT-yə Əfqanıstanın devrilmiş prezidenti Əşrəf Qaninin səfir təyin etdiyi Qulaq İsakzay sentyabrın 14-də qurumda qalmaq üçün ərizə verib.

Taliban isə sentyabrın 20-də BMT-dən xahiş edib ki, qruplaşmanın keçmiş sözçüsü Suhail Şahini ölkənin yeni təmsilçisi kimi qəbul eləsin.

Taliban BMT komitəsini seçdiyi səfiri təsdiqləmədiyinə görə tənqid edib.

“Akkreditə Komitəsi dünən qərar verib ki, indilik Əfqanıstanın BMT-dəki yeri bu ölkənin yeni hökumətinə verilməsin. Bu qərar hüquqi qaydalara və ədalətə əsaslanmır, çünki Əfqanıstan xalqını legitim hüquqlarından məhrum edib”, – Şahin tvitində yazıb.

Birma

Birmada fevralın 1-də hərbi çevriliş olub. Ölkənin Xarici işlər naziri Vunna Maunq Lvin avqustun 18-də keçmiş hərbi komandir Aunq Tureyni BMT-yə səfir təyin edib.

Amma keçmiş lider Aunq San Suu Kyinin təyin etdiyi Kyau Moe Tun vəzifəsindən getməyib. O, avqustun 21-də BMT-dən onu akkreditə etməyi xahiş edib.

“AP” BMT-nin adını çəkmədiyi diplomatlarına istinadla yazır ki, Birmanın xunta rejiminin və Talibanın tanınmaması qərarı onların hərəkətlərindən dolayı geniş dəstək qazanıb.

XS
SM
MD
LG