Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:36

Bolqarıstan prokurorluğu 'Azərbaycan pulları' ilə bağlı təhqiqata başlayır


Guardian qəzeti xəbər verir ki, Bolqarıstan prokurorluğu Londonda mənzillənmiş Avropada Yenidənqurma və İnkişaf Bankı (AYİB) direktorlar şurasının üzvü Kalin Mitrevə pul ödənişlərinə dair təhqiqata başlayıb.

Bundan əvvəl Guardian və başqa media partnyorları Azərbaycanın nüfuzlu Avropa rəsmilərini ələ almaq və çirkli pulları ofşorlara ötürmək məqsədilə 2, 9 milyard dollarlıq məxfi fond işlətdiyini yazmışdı.

Prokuror Sotir Tsatsarov deyib ki, o, Bolqarıstanın AYİB-dəki nümayəndəsi Kalin Mitrevə dair istintaqa başlayıb. Guardian yazır ki, Mitrev, mətbuatda “Azərbaycanın paltaryuyan maşını” adını qazanmış sxem üzrə azı 425 min avro alıb.

Mitrev bu ittihamları rədd edir. O deyir ki, bu pullar onun İsveçrə və Bolqarıstandakı bank hesablarına legitim məsləhətçilik xidmətlərinə görə keçirilib. Mitrev bunu da əlavə edib ki, pullar köçürüləndə o hələ Londondakı AYİB-in şurasında nümayəndə deyildi. Mitrev bunu da bəyan etmişdi ki, ona qarşı məqalələr, onun UNESCO-nun baş direktoru olan arvadı İrina Bokovaya qarşı “iflasa məhkum siyasi hücumdur”.

Lakin Bolqarıstan prokurorluğu bəyan edib ki, rəsmilər ortalıqda hər hansı vergidən yayınma və ya çirkli pulların yuyulması faktının olub-olmadığını araşdıracaqlar. Mitrev vəsaitlərin ilkin mənşəyindən xəbərsiz olduğunu deyib və bildirib ki, o, bütün gəlirlərini Bolqarıstanda bəyan edib və vergilərini tam ödəyib.

Guardian yazır ki, Bolqarıstanın hökumət kabinetində sentyabrın 7-də keçirilmiş müzakirədən sonra Mitrevin taleyi naməlum qalır. Kabinet görüşündən sonra maliyyə naziri Vladislav Goranov deyib ki, Sofiya Mitrevin AYİB-dən kənarlaşdırılması məsələsini qoymayıb, lakin bankdan bu məsələyə münasibətini bildirməsini istəyib.

Elə həmin gün AYİB bəyan edib ki, Mitrev barədə hər hansı ölçü götürmək və ya onu məsuliyyətdən azad etmək tam Bolqarıstana aid bir məsələdir. Bank bunu da əlavə edib ki, Mitrev sadəcə Bolqarıstanın səfiri olub və bankın əməkdaşı sayılmır.

Lakin belə başa düşmək olar ki, başqa Avropa ölkələrindən olan şura üzvləri “Paltaryuyan maşından” narahatdırlar və Mitrevin istefasını istəyirlər.

Guardian yazır ki, Bolqarıstanda aparılan təhqiqat bank üçün çox həssas bir zamana təsadüf edib, çünki AYİB Azərbaycana əhəmiyyətli məbləğdə kredit verilməsinin ərəfəsindədir. Hazırda AYİB-in prezidenti Suma Chakrabati Azərbaycanda ikigünlük səfərdədir. 1991-ci ildə təsis edilmiş AYİB şərqi Avropanı dəstəkləmək və özəl sektoru inkişaf etdirmək üçün qurulub.

Guardian yazır ki, hazırda Avropa İttifaqının Bakı ilə birlikdə həyata keçirdiyi ən böyük enerji layihəsinin – ziddiyyətli cənub qaz dəhlizinin taleyi həll olunur.

UNESCO baş direktoru Irina Bokova (ortada) Bakıdakı xalça muzeyində (2015)
UNESCO baş direktoru Irina Bokova (ortada) Bakıdakı xalça muzeyində (2015)

Əldə olunmuş razılaşmalara görə Avropa vergiödəyəninə aid böyük məbləğdə pullar Azərbaycan qazını İtaliyaya çıxaracaq kəmər tikintisinin ayrı-ayrı sektorlarına xərclənməlidir. Bu layihədə BP və Azərbaycanın dövlət neft şirkəti əsas partnyorlardır.

AYİB Azərbaycana 500 milyon dollarlıq kreditin verilməsi barədə qərarı oktyabr ayında qəbul etməlidir.

Platform kampaniyaçı qrupunun sözçüsü Sarah Shoraka deyib ki, Mitrevə edilmiş ödənişlər bankın reputasiyası üzərində “böyük ləkəyə” çevrilə bilər.

Shoraka deyib ki, bu məsələ lazımınca araşdırılmadan, AYİB qaz dəhlizi layihəsinə kredit verilməsini təxirə salmalıdır.

Bankların fəaliyyətini monitorinq edən Counter Balance təşkilatının direktoru Xavier Sol deyib ki, “Paltaryuyan maşın” açıqlamaları Aİ-nin Azərbaycan rejimi ilə bağlarını gücləndirdiyi bir vaxta təsadüf edib. Aİ hazırda Azərbaycanla partnyorluq razılaşmasını əvəz edəcək hərtərəfli saziş üzərində işləyir.

Sol deyib: “Avropanın ictimai bankları cənub qaz dəhlizi layihəsinə nəhəng kreditlər verilməsi məsələsinə baxır. Belə kreditlərin, ölkədə insan haqları pozuntularının davam etdirilməsinə baxmayaraq verilməsinin - Azərbaycan rejiminə dəstək kimi başa düşülməsi təhlükəsi var.”

Guardian yazır ki, Mitrev AYİB veteranıdır. O 1996-cı ildən bəri müxtəlif fasilələrlə bankın idarə heyətinin üzvü olub, hörmətli və nüfuzlu fiqur kimi tanınır.

Məqalədə qeyd olunur ki, onun Azərbaycan şirkətinə məsləhətçilik etdiyi barədə açıqlamalar, özünün BMT-də tutduğu vəzifəsinə görə Bokova üçün xoşagəlməzdir. O uzun müddətdir ki, Azərbaycanın UNESCO-dakı xoşməramlı səfiri, habelə ölkəsinin birinci ledisi və vise-prezidenti olan Mehriban Əliyevanı təşkilatın ən yüksək mükafatlarından biri – Mozart medalı ilə təltif edib.

Bokova ərinin işi və onun BMT-dəki vəzifəsi arasında maraq toqquşması olduğunu inkar edib.

XS
SM
MD
LG