Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:59

'Özünə və xalqına hörmət edən dövlət başçısı bunu etməməli idi'


Cəmil Həsənli
Cəmil Həsənli

“Məsələ Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinin islahatlara gətirib çıxarıb-çıxarmayacağında və ya bunun müsbət nəticələrinin olub-olmayacağında deyil. Bu gün təyinat faktının özünə münasibət bildirmək lazımdır”.

Milli Şuranın sədri Cəmil Həsənli "Turan" agentliyinə müsahibəsində belə deyib.

O, M.Əliyevanın təyinatının islahatlara doğru addım olması barədə fikirlərə skeptik yanaşır.

“20 il ərzində islahatlar keçirməyə kim mane olub? Mütləq Mehriban Əliyevanın təyinatını gözləmək lazım idi?”, - C.Həsənli sual edib.

Buna da bax:​ Qərbdən Əliyevanın təyinatına nə üçün müsbət reaksiyalar gəlmir? [müsahibə]

Vitse-prezident təyinatı “pis nümunə” oldu, ardınca...

Onun sözlərinə görə, bu təyinat Azərbaycanı gülüş obyektinə çevirib.

“XXI-ci əsrdə harada görünüb ki, prezident öz sərəncamı ilə həyat yoldaşını özünə müavin təyin etsin? Bu, “pis nümunə” oldu və bir neçə gün sonra daxili işlər naziri (DİN) Ramil Usubovun öz oğlunu nazirliyin idarəsinə rəis təyin etdiyi ilə bağlı məlumatlar yayıldı. Özünə və xalqına hörmət edən dövlət başçısı bunu etməməli idi. Konstitusiyanı dəyişəndə biz dedik ki, bütün oyunlar hakimiyyəti bir ailənin əlində cəmləşdirməkdən ötrüdür”, - C.Həsənli bildirib.

Milli Şura sədrinə görə, hakimiyyətin xalqın seçmədiyi şəxsə verilməsi qəbuledilməzdir.

Digər tərəfdən, Konstitusiyanın 7-ci maddəsinə görə, yaxın qohumlar bir-birinin tabeliyində çalışa bilməzlər.

Buna da bax:​ Mehriban Əliyeva: 'Biz çox götür-qoy etdik...'

“Konstitusiyanın qarantı olan İlham Əliyev qanunsuz təyinat həyata keçirib. Baş prokuror kimi qanunçuluğa nəzarəti həyata keçirməli olan Zakir Qaralov isə prezidentin bu qərarını ilk alqışlayandır ”, - C.Həsənli vurğulayıb.

İlqar Məmmədovu, Əli İnsanovu azad etməyən hakimiyyətdən islahat gözləmək...

Hadisələrin gələcək inkişafı ilə bağlı proqnozlara gəlincə, C.Həsənli hesab edir ki, böhran dərinləşəcək. Çünki hakimiyyət ölkənin problemlərini həll etməyə qadir deyil və ancaq repressiyalara söykənir.

“Hakimiyyət xəstəliklərə diaqnoz qoymağa və onu sağaltmaq yollarını tapmağa qadir deyil. Nə edirlərsə, hamısı kosmetik xarakter daşıyır. Bu hakimiyyətin ölkəni idarə etməyə mənəvi haqqı yoxdur, çünki korrupsiyanın olmadığı sahə yoxdur”, - C.Həsənli qeyd edib.

Buna da bax:​ Əli Həsənov Mehriban Əliyevanın təyinatından danışır

Onun fikrincə, ölkədə siyasi islahatlara, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına, demokratik seçkilərin keçirilməsinə ehtiyac var.

“Əgər bu hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq, İlqar Məmmədovu həbsdən buraxmırsa, keçmiş nazir Əli İnsanovu 11 illik həbsdən sonra yeni saxta ittihamla təqib edirsə ondan islahat gözləmək sadəlövhlükdür ”, - C.Həsənli bildirib.

Buna da bax:​ 'Məmləkət atasının malıydı. Arvadının adına rəsmiləşdirdi'

C.Həsənli deyib ki, Azərbaycanda prezident, baş nazir, parlament rəhbəri timsalında hakimiyyət nominaldır, ölkəni polis idarə edir.

“Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, digər polis idarələri vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) kimi konstitusiya nəzarətindən çıxıblar. 1937-ci ildə qanun müstəntiqlərə fiziki qüvvənin tətbiqi ilə ifadə almağa icazə verirdi. İndi isə polis bunu qanuni icazə olmadan edir”, - C.Həsənli bildirib.

XS
SM
MD
LG