Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:08

2024-cü ildə büdcədən ən çox nəyə pul xərclənəcək?


Manat
Manat

Dekabrın 26-da Azərbaycan Respublikasının gələnilki büdcəsi təsdiqlənib. Dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 manat səviyyəsində proqnozlaşdırılır. Builki dövlət büdcəsi ilə müqayisədə gəlirlərin 283 milyon manat (0.8 faiz), xərclərin 139 milyon manat (0.4 faiz) artması diqqət çəkir. Gəlirlər elə proqnozlaşdırılan həddə olsa, dövlət büdcəsində təxminən 2.6 milyard manatlıq kəsir yaranacaq.

Bu illə müqayisədə gələn ilin dövlət büdcəsində ən çox diqqət çəkən məqamlardan biri hərbi xərclərdəki artımdır. 2023-cü ilin dövlət büdcəsində "müdafiə və milli təhlükəsizlik" başlığı ilə 6 milyard 54 milyon manat ayrılıb. Gələn il həmin rəqəm 6 milyard 421 milyon manata yüksəlib, yəni, 367 milyon manat artıb. 2024-cü ilin dövlət büdcəsindən xərclənəcək hər 100 manatın 17 manat 46 qəpiyi məhz müdafiə və milli təhlükəsizlik sahəsinə sərf ediləcək.

Ötən illə müqayisədə hərbi xərclərin tikinti xərclərini aşması özəlliklə diqqət çəkir. Bu ilin dövlət büdcəsindən "tikinti və şəhərsalma" başlığı ilə 7 milyard 462 milyon manat ayrılmışdı. Gələn il bu rəqəm 6 milyard 309 milyon manat olacaq. O da var ki, 2023-cü ildə tikinti xərclərinin bu qədər çox olmasının bir səbəbi də neft qiymətlərinin hökumətin proqnozunu üstələməsi idi. Hökumət gözlədiyindən daha çox gəlir götürdüyündən ilin ortasında büdcəni yeniləmiş və əlavə vəsaitdən tikintiyə önəmli ayırma edilmişdi. Bu üzdən gələn il də enerji qiymətlərinin gözləniləndən çox olması tikintiyə ayrılan vəsaiti bir qədər artıra bilir. Gələnilki büdcə hazırlanarkən 1 barel neftin orta satış qiyməti 60 dollardan götürülüb. 2024-cü ildə tikintiyə ayrılan 6 milyard 309 milyon manatın 3 milyard 825 milyon manatı işğaldan qurtulmuş ərazilərin bərpasına, 2 milyard 482 milyon manatı isə dövlət əsaslı investisiya qoyuluşlarına ayrılacaq. Tikinti və şəhərsalma ilə bağlı xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17.16 faizi qədərdir.

Dövlət borcları ilə bağlı xərclər artır

Gələnilki dövlət büdcəsində ən çox diqqətçəkən məqamlardan biri də dövlət borcu ilə bağlı nəzərdə tutulan ödənişlərdəki kəskin artımdır. 2024-cü ilin büdcəsindən dövlət borcuna 1 milyard 972 milyon manat ödəniləcək. Deməli, büdcədən xərclənən hər 100 manatın 5 manat 36 qəpiyi məhz dövlət borcuna sərf ediləcək. Builki büdcədən borclarla bağlı ayrılan vəsait 1 milyard 182 milyon manat idi. Başqa deyimlə, 2024-cü ildə 2023-cü illə müqayisədə büdcədən dövlət borcları üçün 790 milyon manat və ya 67 faiz daha çox vəsait ayrılacaq.

Gələn ilin büdcəsindən dövlət borcu üçün xərclənəcək 1 milyard 972 milyon manatın 500 milyon manatı daxili, 1 milyard 472 milyon manatı isə xarici dövlət borcu üçün istifadə ediləcək. Ödəniləcək bütün vəsaitin 1 milyard 121 milyon manatı faiz ödənişləri, 850 milyon manatı isə əsas borcla bağlı olacaq.

Açıqlanan rəqəmlərdən bəlli olur ki, 2024-cü ildə yerli gəlir və xərclər arasındakı fərqi qapatmaq üçün ölkənin cəmi yeddi rayon və şəhərinə vəsait ayrılacaq. Bu rəqəm öncəki illərlə müqayisədə aşağı düşüb. Amma bu azalma heç də regionlardakı gəlirlərin artımından qaynaqlanmır, sadəcə hökumət öncələr yerli xərc saydığı bəzi xərc maddələrini indən belə mərkəzi büdcənin xərci saymağa başlayıb. Beləcə, mərkəzi büdcədən vəsait alan rayonların da sayı azalıb. Rayonlar üzrə açıqlanan rəqəmlərdən görünür ki, gələn il büdcədən xərclərini qarşılamaq üçün vəsait ayrılacaq rayonların altısı ərazisi işğala məruz qalan rayonlardır. Onlardan başqa xərclərini yerli gəlirlər hesabına təmin edə bilməyən tək rayon Yardımlıdır.

Büdcədən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyada da kəskin azalma var. Əgər 2023-cü ildə dövlət büdcəsindən Naxçıvana 453 milyon manat ayrılmışdısa, 2024-cü ildə həmin rəqəm 343 milyon olacaq, yəni 110 milyon manat azalacaq. Azalmanın əsas səbəbi son zamanlar bəzi dövlət qurumlarının muxtar respublika nümayəndəliklərinin ləğv edilməsi, birbaşa mərkəzi icra hakimiyyəti orqanının tərkibinə keçirilməsidir.

Sosial xərclər necə dəyişir?

Gələnilki dövlət büdcəsindən sosial müdafiə və sosial təminatla bağlı 4 milyard 542 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2023-cü illə müqayisədə cəmi 227 milyon artım deməkdir. Deməli, 2024-cü ildə sosial müdafiə ilə bağlı kəskin xərc artımı gözlənilmir. Bu xərclərin toplam büdcə xərcləri arasındakı payı 12.35 faiz olacaq.

Büdcə xərclərinin 12.37 faizi sayılacaq təhsil istiqamətinə ayrılan vəsait 4 milyard 550 milyon manatdır. Təhsilə ayrılan vəsait ötən illə müqayisədə 43 milyon manata yaxın artıb. Bu xərclərin içində ümumi təhsil ən çox paya sahibdir. Nəzərdə tutulan xərclərin yarısından bir qədər çoxu məhz məktəblərlə bağlıdır. Gələn il 2023-cü ilin büdcəsi ilə müqayisədə məktəbəqədər və ümumi təhsilə daha çox, peşə, orta ixtisas və ali təhsillə bağlı isə daha az vəsait ayrılacaq.

2024-cü ilin büdcəsində səhiyyə üçün nəzərdə tutulan vəsait 1 milyard 871 milyon manatdır. Bu, gələnilki büdcənin 5.08 faizi deməkdir. Səhiyyə xərcləri 2023-cü illə müqayisədə cəmi 66 milyon manat çoxalıb. Səhiyyə ayırmaları içərisində əsas yeri icbari tibbi sığorta fonduna ayrılan vəsait tutur. Səhiyyə ilə bağlı xərclərin 74 faizi bununla bağlı olacaq.

XS
SM
MD
LG