Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:58

Büdcədə investisiya xərcləri sual altında


Neft
Neft

Neft qiymətinin ucuzlaşması Azərbaycanda dövlət büdcəsinə yenidən baxmaqla bağlı müzakirələri gündəmə gətirib. Bu barədə ötən həftə dövlət başçısı da bəhs etmişdi.

"Neft" Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban AzadlıqRadiosuna deyib ki, Azərbaycanın gəlirlərinin 72 faizi xam neft satışından formalaşır. Onun sözlərinə görə, qaz və neft məhsulları da bura əlavə olunsa, bu rəqəm 89 faizə yüksəlir:

İ.Şaban
İ.Şaban

"Neftin qiyməti büdcə proqnozundan 3.5 dəfə aşağıdır"

"Odur ki, neftin qiymətinin ucuzlaşması ölkənin neft gəlirlərinin azalmasına təsir edən neqativ amildir. Neftin qiymətinin kəskin ucuzlaşması isə dünən (aprelin 20-si) Azərbaycanı öz neftinin barrelini 15 dollara satmağa vadar edib. Büdcədə isə bu, 55 dollar proqnozlaşdırılıb. Adi gözlə də görünən budur ki, neftin qiyməti büdcə proqnozundan 3.5 dəfə aşağıdır. Belə göstəricilər olan yerdə büdcənin qarşısında duran vəzifələri həyata keçirmək üçün əlavə xərclər tələb edilir. Bu mənada, əlavə xərc mənbəyindən biri Neft Fondunun vəsaitləri hesab edilə bilər". (Hazırda 41 milyard dollardır. İlin əvvəlindən 2 milyard dollar azalıb-red.)

Ekspertin fikrincə, Azərbaycanı ucuz neft qiymətlərindən əlavə, koronavirus pandemiyasının fəsadları da təhdid edir, bu da iqtisadiyyatın daralmasında özünü göstərir və büdcəyə qeyri-neft sektorundan daxil olan gəlirləri azaldır.

İ.Şaban hesab edir ki, bu məsələdə daha bir mənbə dövlət büdcəsində 6 milyard manata yaxın olan təmir-tikinti, abadlıq və sairə istiqamətlər üçün nəzərdə tutulan vəsaitlər sayıla bilər. Onun fikrincə, rasional xərcləmələr olarsa, kifayət qədər büdcə xərclərinə qənaət etmək mümkündür.

İ.Şaban vurğulayıb ki, dünyanın aparıcı istehlak bazarlarında durğunluqdur, bu durğunluq ancaq iqtisadiyyatlar dirçəldikdə bitə bilər, amma yaxın aylarda bunu müşahidə etmək mümkün görünmür.

V.Əhmədov
V.Əhmədov

"Büdcəyə onsuz da baxılmalı idi"

"Dövlət başçısı İlham Əliyevin dövlət büdcəsinə yenidən baxılması fikriylə tamamilə razıyam, çünki buna baxmaq üçün onsuz da əsas yaranmışdı". Bunu isə deputat Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, koronavirus pandemiyasının ölkənin sosial, iqtisadi və maliyyə həyatına təsirlərini azaltmaq üçün dövlət başçısının öncə 2.5 milyard, daha sonra isə əlavə 1 milyard manat ayrılması barədə bəyanatları büdcəyə baxmaq üçün bu əsası yaradıb: "Bu vəsait də haradan götürülə bilər? Bu dövlət büdcəsinin vəsaitləri ola bilər. Büdcədə sosial layihələr birbaşa əhali ilə əlaqədar olduğu üçün bu layihələrin vəsaitləri toxunulmaz sayılır. Burada mənbələrdən biri investisiya layihələri ola bilər ki, həmin layihələrə kifayət qədər vəsait ayrılıb. Daha bir mənbə isə büdcədə nəzərdə tutulan müəyyən xərclər var, onlara ayrılan vəsaitlər ola bilər".

V.Əhmədov hesab edir ki, həmin mənbələrdən götürülən vəsaitlər qarşıya qoyulan məsələni həll etməyə yetərli olacaq. O xatırladıb ki, investisiya xərcləri üçün büdcədə nəzərdə tutulan vəsaitlər 5 milyard manatdan çoxdur.

2020-ci il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 914 milyon manat təsdiq edilib.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusda yoluxanlardan 170 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 1436 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 19 nəfər vəfat edib.

Martın 24-dən aprelin 20-nə kimi Azərbaycanda da, dünyanın bir çox ölkələri kimi, xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Aprelin 18-də karantin rejimi eyni qaydalarla mayın 4-nə kimi uzadılıb.

XS
SM
MD
LG