Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:53

«Hakimiyyət özünü xilas etməyə çalışır»


Cəmil Həsənli
Cəmil Həsənli

-

Milli Şurasının sədri Cəmil Həsənli son əfv fərmanı və ölkədəki siyasi vəziyyətlə bağlı «Turan»ın suallarına cavab verib.

- Cəmil bəy, martın 17-də verilmiş əfv sərəncamı ilə 14 nəfər «siyasi məhbus» adlandırılan şəxs azadlığa çıxdı. İki gün öncə, Baş Prokurorluğun İntiqam Əliyevin cəzasının ağırlığından protest verdiyi məlum oldu. Nə deyə bilərsiniz?

- Bu adamlar heç həbs olmamalı idilər. Əslində, günahsız insanları saxta ittihamlarla azadlıqdan məhrum etdirmiş polis, təhlükəsizlik, prokurorluq və məhkəmə işçiləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. İntiqam müəllim də saxta ittihamlarla həbs edilmiş bu namuslu adamların biridir və azadlığa çıxmalıdır. Mən onun məhkəmələrində iştirak etmişdim və doğrudan da onun həbsi üçün heç bir hüquqi əsas yox idi. Amma İntiqam bəyin azadlığa çıxması ilə məsələ qapanmır. Siyasi məhbuslar hamısı azad edilməlidir və həbs dalğası durdurulmalıdır. Açığı, indiki anda belə yarımçıq addımları ilə Azərbaycan hakimiyyəti siyasi məhbusları deyil, özünü xilas etməyə cəhd göstərir. Amma o, bunu da yarımçıq edir. Beynəlxalq təzyiq altında Leyla və Arif Yunuslar evlərinə buraxılsalar da, cəzadan azad edilməyiblər. Etibarlı müayinə və müalicə hüququndan məhrum ediliblər.

- Bu, beynəlxalq təşkilatların və bir sıra aparıcı dövlətlərin əfv sərəncamı ilə bağlı açıqlamalarında da qeyd edilir. Yəni, digərlərinin də azadlığa buraxılması istənilir.

- Elədir. Xədicəni, İlqarı, Seymuru, İlkin Rüstəmzadəni və digər saxta ittihamlarla həbs edilmiş məhbusları əhatə etməyən əfv siyasi məhbus problemini gündəlikdən çıxara bilməz. Söhbət ölkə prezidentinin mühüm səfər ərəfəsində nümayiş etdirdiyi «humanizmdən» gedirsə, açığı, bir məsələni nəzərə almaq lazımdır. Onun ailə biznesini və digər yüksəkvəzifəli şəxslərin korrupsiya əməllərini araşdırdığına görə həbs edilmiş Xədicə İsmayılı azad etmədən bu səfərin uğurla nəticələnəcəyinə ümid bəsləmək çətindir. Qərbdə, xüsusilə Amerikada vəzifəli şəxsləri tənqid etdiyinə görə jurnalisti zindana atmaq çox pis qarşılanır. Azərbaycan hakimiyyəti daha artıq ifşa olunmaq, daha etimadsız duruma düşmək istəmirsə, Xədicəni, İlqarı, siyasi məhbus siyahısında yer alan digər məhbusları azad etməlidir. Buna siyasi və hüquqi əsaslar da var.

-Nədən ibarətdir dediyiniz əsaslar?

-Əslində, keçmiş MTN ifşa olunanda, onun repressiyalarının qurbanı olan, saxta ittihamlarla həbs edilən vicdanlı, namuslu, ləyaqətli adamlar azadlığa çıxmalı idilər. Bu addımların atılmaması cəmiyyətdə belə rəy yaratdı ki, bu həbslərin arxasında MTN deyil, bilavasitə cənab İlham Əliyev özü dayanırmış. Əks təqdirdə, haqqında dəfələrlə Avropa Məhkəməsinin qərarı olmuş İlqar Məmmədovu qanunsuz olaraq həbsdə saxlamasının ayrı izahı yoxdur. Bu adamlar bilavasitə yuxarının tapşırıqları ilə tutulub, onların tapşırığı ilə də azad edilmələri Azərbaycan məhkəmə sisteminin iflasıdır. Eyni ittihamla tutulan, eyni zalda mühakimə edilən, az qala məhkəmə hökmləri nöqtə, vergülünə qədər eyni olan məhbusların biri azad edilir, o birisi yox. Buyurub izah etsinlər İlkin Rüstəmzadənin günahı hansı maddəyə görə digər gənclərdən daha ağır olub? Onun bu gün həbsdə saxlanması əfvin özünün də siyasi mülahizələrlə verildiyini ortaya qoymurmu? Halbuki İlkin Azərbaycan gəncliyinin ən vətənpərvər, ən istedadlı, ən fədakar, öz ideallarına sadiq bir nümayəndəsidir. Yaxud Facebook-dakı yazılarına görə cibinə narkotik atılıb 5 il 6 ay həbs cəzası verilmiş Əbdül Əbilovu götürün. Başqa bir gənclə bağlı quraşdırılmış saxta narkotik işinə baxın: Tarixçi tələbə Elvin Abdullayev həmin gün verdiyi imtahandan ən yüksək qiymət alır və həmin qiymətin sevincini ailə üzvləri ilə bölüşməyə macal tapmadan polis, təhlükəsizlik orqanları yolda ikən onun cibindən narkotik çıxarır. Ağır cinayət məhkəməsi isə bu saxta ittihamın təfərrüatlarını araşdırmaqda, həqiqəti üzə çıxarmaqda maraqlı olmayıb narkotik faktına hüquqi don geyindirməklə bu istedadlı gəncə nə az, nə çox 6 il iş verir. Müsavatçı Fərəc Kərimli, bloqqer Rəşad Ramazanov, vəkil Əlabbas Rüstəmov, ən stajlı siyasi məhbus Səid Dadaşbəyli və digərləri də belə cəfəng, qurama, saxta hökmlərlə həbsdə saxlanılırlar.

-Cəmil bəy, əfv və sonrakı addımların həbsdə olan AXCP üzvlərindən yan keçməsini necə qiymətləndirirsiniz?

- Bu gün AXCP-nin 10 nəfərə yaxın üzvü siyasi mülahizələrlə həbsdə saxlanılır. Onların təxminən yarısı partiyanın rəhbərliyinə daxil olan şəxslərdir. Fuad Qəhrəmanlı partiya sədrinin müavini, Məmməd İbrahim sədrin müşaviri, Seymur Həzi və Asif Yusifli partiya Rəyasət Heyətinin üzvləri, qalanlar isə AXCP fəallarıdır. Fuad bəy, əslində, bizim siyasi məhbusların azadlığı tələbi ilə keçirdiyimiz mitinqlərin əsas təşkilatçısı olub. Həbs olunması bilavasitə bununla bağlı olsa da, istintaq orqanları rəsmən qeyd etdilər ki, onu yazdığı statuslara görə həbs ediblər. Bu, söz azadlığına, ifadə azadlığına birbaşa təcavüzdür, ölkənin aparıcı müxalifət partiyası olan AXCP-yə qarşı zorakılıq aktıdır. Qarabağ qaziləri Asif Yusifli və Qadir Xudabaxşiyev də bilavasitə AXCP üzvləri olduğu üçün həbsdə saxlanılırlar. Buna necə göz yummaq olar? Ölkənin aparıcı müxalifət partiyası hakimiyyətin repressiyalarının hədəfindədir. Cənab İlham Əliyev dövlətin imkanlarından öz opponentlərinə qarşı istifadə edir. Partiya sədrinə gəldikdə isə, burada vəziyyət daha acınacaqlıdır.

-AXCP sədri Əli Kərimlini nəzərdə tutursunuz?

- Bəli, Əli Kərimli 8 ilə yaxındır gülünc və saxta bir cinayət işi ilə xarici pasportdan məhrum edilib. Avropa Məhkəməsi müvafiq qərar qəbul edib Azərbaycan hakimiyyətini bununla bağlı cəzalandırsa da, məhkəmənin qərarı indiyə qədər yerini yetirilmir. Bunun bircə adı var: iqtidarda olan rəhbər şəxsin dövlətin imkanlarından müxalifət əleyhinə istifadə cəhdi. Təsəvvür edin ki, hazırda nəinki cəbhəçiləri, Əli Kərimlinin sosial şəbəkələrdə yazılarını «layk» edən hər kəsi rayon polis orqanlarına gətirib sorğu-suala tuturlar. Hər bir rayonun polis idarəsində sosial şəbəkələrdə «layk»ları izləyən xüsusi qruplar yaradılıb...

- Cəmil bəy, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına niyə məhəl qoyulmur?

- Avropa Məhkəməsinin qətnamələrinin yerinə yetirilməməsi ölkəyə, ilk növbədə hakimiyyətin özünə böyük etimadsızlıq yaradır. İlqar Məmmədovun işi bunun ən parlaq nümunəsidir. 3 il əvvəl Əli İnsanov haqqında bəraət hökmü olsa da, indiyə qədər bu qərar yerinə yetirilmir. Bu, beynəlxalq öhdəliklərə, insan haqları məhkəməsinin qərarlarına və vətəndaşın haqqına etinasızlıqdır. Hakimiyyət, haqqında Avropa Məhkəməsinin qərarı olan məhbusları həbsdə saxlamaq, siyasi məhbusların dairəsini genişləndirmək üçün ən iyrənc vasitələrə əl atır, yeni formalar uydurur.

- Nələri nəzərdə tutursunuz?

- İndi məhbusların yeni nəsli, girov məhbuslar dəstəsi yaradılır. Əli və gücü çatmayan adamların övladları, qohum-əqrəbası uydurma ittihamlarla həbs edilib girov götürülür. Hətta vaxtilə Stalin repressiya maşını belə iyrənc üsullardan çəkinirdi. «Azərbaycan saatı» proqramının və «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin yaxın qohumları, Meydan TV-nin rəhbəri Emin Millinin qaynı, həmin media qurumunun əməkdaşı Günel Mövludun iki qardaşı, AXCP sədri Əli Kərimlinin qaynı, «Azadlıq» qəzetinin əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov məhz həmin girov məhbuslar sayıla bilər. Girov məhbuslar barəsində başlanmış cinayət işləri, irəli sürülən ittihamlar, çıxarılan hökmlər başdan ayağa qurama hoqqabazlıq, saxtakarlıq faktıdır. Bu günahsız insanlar yaxın qohumlarının hakimiyyəti təmin etməyən fəaliyyətinin girovuna çevriliblər.

- Hazırda dindarlar arasında da siyasi mülahizələrlə çoxlarının həbs edildiyi bildirilir.

- Elədir. Hacı Mövsüm, Hacı Abgül, bir sıra islam üləmaları artıq uzun müddətdir ki, nahaq ittihamların, ədalətsiz hökmlərin hədəfinə çevriliblər. Hakimiyyətin həyata keçirdiyi Nardaran əməliyyatı islamçı siyasi məhbusların dairəsini daha da genişləndirdi. Məhz MTN-nin iflasından sonra Daxili İşlər Nazirliyinin dini radikalizmlə mübarizə adı altında cəmiyyətdə qorxu yaratmaq niyyətləri ikisi polis olmaqla 7 vətəndaşın həyatını itirməsi, Tale Bağırzadə və Müsəlman Birliyi Hərəkatının rəhbərliyinin tam tərkibdə həbsi ilə nəticələndi. Nardaran əməliyyatından sonra islamçı məhbuslar istintaq prosesində ən ağır işgəncələrə məruz qalıblar, Hacı Taleyin döyüldüyü, işgəncələr nəticəsində onun burnunun sındırıldığı artıq sirr deyil. Ölkəmizdə siyasi məhbus problemi bütün kəskinliyi ilə davam etməkdədir. Bu problem qaldıqca, hakimiyyətin beynəlxalq etimadı və vətəndaşların etibarını itirməsi qaçılmazdır.

XS
SM
MD
LG