Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:29

Çin Rusiyaya silah verirmiş?


CQ-A avtomatı
CQ-A avtomatı

Gələn həftə Çinin rəhbəri Si Tsinpinin Rusiyaya səfəri gözlənilir.

Kremlin məlumatında deyilir ki, prezidentlər Vladimir Putin və Si Tsinpin “iki ölkə arasında hərtərəfli partnyorluğun və qarşılıqlı strateji əməkdaşlığın inkişafı” məsələlərini müzakirə edəcəklər.

Bu da xəbər verilir ki, Sinin səfəri əsnasında “mühüm ikitərəfli sazişlərin” imzalanması nəzərdə tutulub. Söhbətin məhz hansı sazişlərdən getdiyi açıqlanmır.

Çin Xarici İşlər Nazirliyi isə bildirib ki, iki prezidentin görüşündə “ikitərəfli münasibətlərin, beynəlxalq və regional məsələlərin dərin təhlili” aparılacaq.

Bu Çin liderinin Rusiya Ukraynaya hərbi müdaxilə edəndən bəri Moskvaya ilk səfəri olacaq.

Silah xəbərləri

Bu arada yayılan xəbərlərdə deyilir ki, Çin şirkətləri 2022-ci ilin dekabrından bəri Rusiyaya 1000-dək hücum tüfəngi, dronlar üçün detallar və zirehli canlıqlar göndərib.

Politico portalı yazır ki, bütün bunlardan hərbi məqsədlərlə istifadə oluna bilər.

Portal bu xəbəri ImportGenius gömrük məlumatları bazasının əsasında verib.

Bu malları Rusiyaya ixrac edən şirkətlər arasında Çinin China North Industries Group Corporation Limited şirkəti də var.

Sözü gedən həmlə tüfənglərini Rusiyaya məhz bu dövlət müdafiə sənayesinin şirkəti göndərib.

CQ-A adlı bu avtomatik tüfənglər Rusiyanın hərbi strukturları ilə bağlı “Texkrim” firmasına satılıb.

Rəsmən “ovçu tüfəngi”

CQ-tüfəngləri ABŞ-ın M16 hücum avtomatlarının analogiyası ilə istehsal olunur.

Politico yazır ki, “rəsmən “mülki ovçu tüfəngləri” kimi təsnif olunsa da, Çin və bir sıra ölkələrin polisi və hərbi polisləri bu avtomatlardan istifadə edirlər.

Ötən ilin axırlarından Rusiya müəssisələri Çin şirkətlərindən həmçinin 12 dəst dron komponentləri, çəkisi 12 tondan çox zirehli jiletlər alıb.

Əsasən akkumulyator və kameralardan ibarət dron detalları Çinin Da-Jiang Innovations Science & Technology Co şirkəti tərəfindən Rusiyanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) distribyutoruna satılıb.

Bu da qeyd olunur ki, sözü gedən avtomatik tüfənglərdən Rusiya tərəfinin istifadə etdiyinə dair məlumatlar yoxdur. Amma bundan bir gün əvvəl Ukrayna hərbçiləri Mugin-5 dronu vurduqlarını xəbər veriblər.

Bu dronları Çinin Mugin Limited şirkəti istehsal edir və onları biri 15 min dollardan Alibaba və Taobao internet satış platformalarından almaq mümkündür.

“Son dərəcə xoşagəlməz hal”

Politico yazır ki, Mugin Limited Ukraynada vurulan dronun məhz onun istehsalı olduğunu etiraf edib, amma hadisədən məyusluğunu bildirib.

Şirkətin nümayəndəsi bunu “son dərəcə xoşagəlməz hal” adlandırıb və əlavə edib ki, şirkət belə halların təkrar olunmaması üçün əlindən gələni edir.

Pentaqon bildirir ki, indilik Pekinin Moskvaya hər hansı letal silahlar verdiyini qeydə almayıb.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Pat Rayder (Pat Ryder) bu barədə deyib:

"Biz hələ indiyədək Çindən Rusiyaya döyüş meydanında istifadə üçün hər hansı letal silahların verildiyini müşahidə etməmişik. Biz bunu çox diqqətlə izləyirik. Mən bilirəm ki, mətbuatda hansısa ticari sövdələşmələr barədə bəzi məlumatlar gedir. Özlüyündə burada qeyri-adi heç nə yoxdur, belə ki, Çin və Rusiya arasında ticarət münasibətləri var. Ən əsası odur ki, biz indilik Çindən Rusiyaya Ukrayna döyüş meydanında istifadə üçün hər hansı ölümcül silahların verilməsini müşahidə etmirik”.

XS
SM
MD
LG