Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:44

Ermənistan-Rusiya dostluğunu sarsılmaz edən Qarabağdır


Serzh Sarkisian və Vladimir Putin Gümrü bazasında
Serzh Sarkisian və Vladimir Putin Gümrü bazasında

AzadlıqRadiosunun müxbiri Emil Danielyan yazır ki, Ermənistan Rusiyanı salamat qalmasının qarantı hesab edir.

AzadlıqRadiosunun müxbiri Emil Danielyan məqaləsinə 19-cu əsr erməni yazıçısı Xaçatur Abovyandan iqtibasla başlayır: “Mübarək olsun o gün ki, mübarək rus qədəmi bizim müqəddəs erməni torpağımıza toxunub”. Bu sözlər yazıçının Rusiya-İran münaribəsi zamanı yazılmış romanından götürülüb.

Mübarək olsun o gün ki, mübarək rus qədəmi bizim müqəddəs erməni torpağımıza toxunub

Danielyanın məqaləsindən belə bir nəticə çıxır ki, həmin vaxtdan bəri xristian ermənilərin Rusiyaya münasibəti çox da dəyişməyib. “1826-1828-ci illərin müharibəsində rusların qələbəsi müsəlman zülmünə və ermənilərin İran imperiyasındakı ikinci növ təbəə statusuna son qoyub”.

Müəllfin fikrincə bu qələbə, əslində müasir Ermənistan Respublikasının bünövrəsini qoyub.

Məqaələdə deyilir ki, 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin kütləvi qırğını bu oriyentasiyanı daha da gücləndirib.

“İstər Sovet Ermənistanının kommunist hakimləri, istərsə də dünya boyunca erməni diasporasının antisovet liderləri Ermənistanın düşmən müsəlman əhatəsində salamat qalmasının yeganə qarantı kimi Rusiyanı tanıyıblar” – yazır Danielyan.

Müəllif yazır ki, bu vəziyyət 1988-ci ildə, Qarabağla birləşmə hərəkatı başlananda bir qədər dəyişsə də, Ermənistanın strateji Rusiya seçimi Dağlıq Qarabağ müharibəsinin taleyini həll edib və bu ərazi ermənilərin nəzarətində qalıb.

Ən demokratik ermənilər də Qarabağı qaytarmayacaqlar

Danielyanın fikrincə son onillikdə Ermənistanda yerli jurnalistlər, vətəndaş cəmiyyəti üzvləri və gənclər hərəkatı fəalları arasında qərbyönlü meyllər güclənsə də, Rusiya oriyentasiyası dəyişməyib. Bu ona görə belə olub ki, hətta Qərbə meylli siyasətçilər də Qarabağın Ermənistanın tərkibində qalmasını istəyirlər.

O əlavə edir ki, üstəlik Qərbə meylli erməni siyasətçilər Ermənistan və Qarabağın təhlükəsizliyi üçün Rusiyaya heç bir alternativ təklif edə bilmirlər və həm də onlar hakim elitanı təşkil etmirlər.

Erməni ailəsini qıran rus əsgəri Permyakov da ermənilərin Rusiyaya rəğbətini azaltmayıb
Erməni ailəsini qıran rus əsgəri Permyakov da ermənilərin Rusiyaya rəğbətini azaltmayıb

Danielyan yazır ki, bəziləri ötən fevralda Gümrüdəki Rusiya konsulluğunun qarşısındakı qızğın etirazların, Moskvanın özünün ən sadiq müttəfiqi üzərində nəzarətini itirməsi ilə nəticələnəcəyini gözləyirdilər. Orada Rusiya hərbi bazasının əsgəri bütöv bir erməni ailəsini qətlə yetirmişdi.

Bunun ardınca ötən yayda Yerevanda elektrikin qiymətlərinin qalxması ilə bağlı izdihamlı etirazlar baş vermişdi. Bu etirazlar Ermənistanın elektrik şəbəkəsinə nəzarət edən Rusiya şirkətinə qarşı yönəlmişdi.

Müəllifin fikrincə, bəziləri hətta Ermənistanda “rəngli inqilabın” başlanacağını gözləyirdilər.

Lakin hətta bunlar da Ermənistan və Rusiya arasındakı sıx münasibətləri poza bilməyib.

Müəllfin fikrincə, bunun başlıca səbəbi Moskva-Yerevan müttəfiqliyinin hərəkətverici qüvvəsinin Dağlıq Qarabağ olması idi.

Azərbaycanın hərbi qüdrəti heç nəyi həll etmir

Danielyan yazır ki, Azərbaycan hərbiyyəsi son onillikdə 30 dəfə güclənib və hazırda qonşu ölkənin hərbi xərcləri Ermənistanın bütöv büdcəsinə bərabərdir. Azərbaycanın hərbi büdcəsinin bu il 3, 6 milyard dollar olacağı gözlənilir. Müəllfin fikrincə bu, Azərbaycan rəhbərliyinə “lazım gələrsə, Yerevan da daxil Azərbaycanın tarixi torpaqlarının azad ediləcəyi” barədə bəyanatlar səsləndirmək imkanı verir.

Məqalədə deyilir ki, Ermənistanın hərbi büdcəsi cəmi 500 milyon dollar olsa da, Yerevan neftlə zəngin qonşusu ilə hərbi balansı saxlaya bilib. Ermənistan Rusiya ilə hərbi sazişə malikdir. Üstəlik ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Danielyan yazır ki, bütün bunlar Ermənistana Rusiya silahlarını güzəştli qiymətlərə və müftə almağa imkan yaradır.

Rusiyadan Qarabağa “tank briqadası”

Məqələdə vurğulanır ki, son illərdə Dağlıq Qarabağın ordusu da xeyli güclənib. İndi burada 100 tankdan ibarət yeni briqada yaradılıb. Bunlar 2012-2013-cü illərdə baş verib. Müəllif qeyd edir ki, elə həmin vaxtlarda Rusiya Ermənistana 110 zirehli texnika və 50 raket sistemi verib. Başqa sözlərlə, bunu Rusiyanın Qarabağ ordusuna hərbi yardımı kimi də başa düşmək olar.

Ermənistanın ümdə və əsas ehtiyacı Rusiyanın Dağlıq Qarabağda quru qoşunlarına malik olması yox, Türkiyənin bu münaqişəyə birbaşa hərbi müdaxiləsinin qarşısını almasıdır

Danielyan qeyd edir ki, son vaxtlarda Yerevan və Moskva arasında Ermənistana təkmil Iskander-M raketlərinin verilməsi məsələsinin müzakirə edildiyi xəbər verilib.

Hazırda Ermənistan ordusunun raket cəbbəxanasında sovet dövründən qalma Scud-B və Tochka U sistemləri var. Bunlar 120-300 kilometrlik məsafədəki hədəfləri vura bilirlər. Azərbaycan tərəfi bu raketləri Rusiyadan aldığı S-300 yer-göy raketləri ilə neytarallaşdıracağına inanır.

Danielyan yazır ki, çox böyük ehtimalla Azərbaycan İskander raketlərinə qarşı bu qurğulardan istifadə edə bilməyəcək. Bu isə o deməkdir ki, Azərbaycanın Qarabağı geri almaq planlarına qarşı sipər çəkiləcək.

Məqalədə deyilir ki, Rusiya həmçinin erməni hərbçilərə pulsuz təlim və təhsil verir. İndiyədək 250-dək Ermənistan hərbçisi Rusiyanın hərbi akademiyalarında təhsil alıb. Bu Ermənistanın iki hərbi akademiyasında təhsil almış hərbçilərin sayı qədərdir.

Ermənistanın qorxusu Türkiyədəndir

Müəllfin fikrincə, Ermənistanda ölkənin ikinci böyük şəhəri olan Gümrüdəki Rusiya bazasının məqsədəuyğunluğu barədə debatlar, bir qayda olaraq, bu bazadakı Rusiya qüvvələrinin Azərbaycanla müharibə baş verərsə, Ermənistanın tərəfində açıq şəkildə döyüşüb-döyüşməyəcəyi sualına dirənir.

Qarabağ Rusiya tanklarından briqada yaradıb
Qarabağ Rusiya tanklarından briqada yaradıb

“Lakin Ermənistanın ümdə və əsas ehtiyacı Rusiyanın Dağlıq Qarabağda quru qoşunlarına malik olması yox, Türkiyənin bu münaqişəyə birbaşa hərbi müdaxiləsinin qarşısını almasıdır” - yazır Danielyan.

Müəllfinin fikrincə, Türkiyənin böyük hərbi-hava qüvvələrinin bombardman reydləri Ermənistanın havadan müdafiə sistemlərini dağıdaraq daha bir Dağlıq Qarabağ müharibəsinin müqəddəratını həll edə bilərdi.

“Rusiya belə müdaxilənin qarşısını almaqla, ermənilərə öz hərbi qüdrətlərini Azərbaycana qarşı yönəltmək imkanı verir” – deyilir məqalədə.

Abovyanın müdrikliyi

Danielyan yazır ki, Bakı ilə bütün silah ticarətinə baxmayaraq Moskva Dağlıq Qarabağ münaqişəsində Ermənistanın məğlub olmasında maraqlı deyil, çünki bu, Ermənistanın Rusiyadan asılılığına son qoyardı.

Məhz buna görə də, yazır Danielyan, Dağlıq Qarabağ münaqişəsi çözülmədən qaldıqca Ermənistanın Qərbə inteqrasiya imkanları son dərəcə məhdud olacaqdır.

Məqalədə deyilir ki, Ermənistanda hətta daha legitim, daha demokratik və buna görə də daha qərbyönlü hökumət də Rusiya-Qərb qarşıdurmasında Qərbin tərəfində ola bilməyəcək.

“Sadə ermənilərin əksəriyyəti, Rusiyaya rəğbətləri əvvəlki qədər olmasa da, Rusiya ilə ittifaqı dəstəkləyir, - yazır Danielyan.

Onun fikrincə, Dağlıq Qarabağ sülhü kövrəkliyində qaldıqca, ermənilər yazıçı Xaçatur Abovyanın müdrikliyi ilə razılaşmalı olacaqlar.

XS
SM
MD
LG