Dövlət noyabrdan bəri dördüncü dəfədir ki, Daşkəsən filizsaflaşdırma kombinatını müsabiqəyə çıxarır. Bu dəfə investorlara təkliflərini təqdim etməyə daha iki ay vaxt verilib. Şərtlər isə bəzi kiçik istisnalar nəzərə alınmasa, dəyişməyib.
Ötən ilin iyulunda üçüncü dəfə özəlləşdirməyə açılan «Daşkəsən Filizsaflaşdırma» ASC-yə bu dəfə də müştəri tapılmayıb. Hərçənd, belə bir ehtimal vardı ki, müəssisəyə «Baku Steel Company» MMC-nin (BSC) «gözü düşüb». Şirkət dekabrda Daşkəsən filizi əsasında Sumqayıtda 5 zavoddan ibarət qara metallurgiya kompleksi qurmaq planlarını açıqlamışdı. Lakin o vaxtdan bir irəliləyiş yoxdur.
Müəssisəyə pul qoy, məsləhətçini razı sal
«KPMG Azerbaijan Limited» şirkətinin tövsiyələri əsasında hazırlanmış investisiya müsabiqəsinin(https://goo.gl/wjrkyh) şərtləri olduğu kimi qalır: 5 il ərzində 600 milyon ABŞ dolları həcmində sərmayə proqramı və dövlət büdcəsinə 100 milyon manat bonus. Səhmdar cəmiyyətin özəlləşdirməyə hazırlanmasına görə bu məsləhətçi şirkətə 160 min manat ödəniş də öz yerində.
Maraqlıdır ki, dəyişən şərtlərdən biri dövlət büdcəsinə ödəniləcək, ən azı, 100 milyon manatın ödənilmə müddətidir. Əvvəlki müsabiqələrdə bundan ötrü 180 günlük vaxt qoyulmuşdu. İndi isə bu müddəti ƏMDK qalib şirkətlə öz aralarında müəyyən edəcək.
Ekspert: «Əsas baha satmaq deyil»
Əmlak Məsələləri Dövlət Komitəsini özəlləşdirilmə prosesinə dar bucaqdan baxmaqda qınayan iqtisadçı Nazim Bəydəmirli bu qurumu qonşu Gürcüstandan örnək götürməyə çağırır. Deyir ki, özəlləşdirməyə təkcə əmlakın satılması kimi yox, Gürcüstandakı və digər sivil ölkələrdəki kimi, iqtisadi inkişafın, rəqabətin yüksəldilməsinin, vergi daxilolmaların hərəkətverici qüvvəsi kimi baxılsa idi, 1997-ci ildə dövlət əmlakının xüsusi mülkiyyətə verilməyə başlandığı zamandan indiyədək nəticələr tamam başqa olardı.
O, hazırda Azərbaycanda xarici investisiya üçün biznes mühitinin elə də yaxşı olmadığını düşünür:
«Qoyulacaq yüz milyonlarla dolların qaytarılmasında problem ola bilər, çünki belə təcrübələr çoxdur. Yerli şirkətlərdən potensialı olan BSC-nın isə, yumşaq desək, imici korlanıb. O, müxtəlif yerli şirkətlərə açıq- aşkar reyder hücumu təşkil edib. Azərbaycanın investisiya mühiti ilə bağlı beynəlxalq reytinq agentiklərinin dəyərləndirmələrinin geriləməsində hesab edirəm ki, bu reyder hücumların da az rolu olmayıb».
Kombinatın maliyyə durumu ağırlaşıb
Durum isə heç də yaxşı deyil. İyulda özəlləşdirməyə açılandan müəssisə istehsalı dayandırıb. Maliyyə durumu isə aybaay pisləşir. İnvestisiya müsabiqəsi haqda elanda göstərilir ki, ASC-nin borcları 21,2 milyon manata çatıb. Bu, dörd ay qabaqkından 27,6 faiz və ya 4,6 milyon manat çoxdur. Təkcə alınmış kreditlərə görə borclar 2 milyon 42,5 min manatdan 3 milyon 680,7 min manata qalxıb. Müəssisənin alacağı isə müəmmalı şəkildə 3,5 milyon manatdan 452 min manata düşüb.
ƏMDK-da kombinatın özəlləşdirilməsinin «dalana dirənməsini» və maliyyə vəziyyətindəki bu dəyişiklikləri şərh etmirlər.