Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:06

Sələmə pul vermiş deputat 328 min dollarını istəyir


Deputat Rüfət Quliyev
Deputat Rüfət Quliyev


Deputat Rüfət Quliyev vaxtilə dostluq etdiyi, 2015-ci ilin martında dünyasını dəyişmiş Namiq Səfərovun ailəsini məhkəməyə verib. İddiaya Səbail rayon Məhkəməsində baxılır.

Deputat iddia ərizəsində göstərib ki, 2011-ci ildə Namiq Səfərovla aralarında öhdəlik müqavilələri bağlanıb. Həmin müqavilələrə əsasən, aylıq 8-10 faiz olmaqla, Namiq Səfərova ümumilikdə 81 min 850 dollar pul verib. 2014-cü ildə o, verdiyi pulu və faizləri tələb edib.

Ərizədə yazdığına görə, sonuncu dəfə aralarında 2015-ci ilin fevralında bu mövzuda söhbət olub. Namiq Səfərov xahiş edib ki, fevraldan faizlər dayandırılsın, yaxın 3-4 ay ərzində həm əsas borcu, həm də yığılıb qalmış faizləri ödəyəcək. Amma həmin ərəfədə N. Səfərov dünyasını dəyişib.

328 MİN DOLLAR TƏLƏB EDİR

2015-ci ilin aprelində deputat Namiq Səfərovun evinə gedib və həyat yoldaşı Nuranə Səfərovadan pulu tələb edib. Lakin o, həyat yoldaşının kimsəyə borcu olmadığını bildirib və pulu ödəmək istəməyib. Deputat da 2015-ci ilin noyabrında məhkəməyə müraciət edib. Rüfət Quliyev mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edir.

O vaxtdan bəri deputatın iddiası əsasında məhkəmə prosesi gedir. Bu işə Səbail rayon Məhkəməsində hakim Zaur Əliyev baxır.

Avqustun 18-də keçirilən məhkəmə iclasında cavabdeh tərəfin vəkili Ceyhun Yusifov hakimin bu işə obyektiv baxmadığını, deputatın maraqlarını müdafiə etdiyini və prosesi aylardır uzatdığını əsas gətirərək, iddiaya Zaur Əliyevin sədrliyilə baxılmasına etiraz edib. Vəkil etirazını əsaslandırarkən qeyd edib ki, Zaur Əliyev qanunsuz olaraq, deputatın istəyilə Nuranə Səfərova və övladlarının əmlakının, o cümlədən Bakıda və Qəbələnin Vəndam kəndində yerləşən evlərinin, avtomobilin, qarajın üzərinə həbs qoyulması barədə qərardad çıxarıb.

***Bunlara da baxın:
- Rafiq Əliyev: 'Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam'
- BƏƏ-dən gələn turistlər çoxalıb
- Nardaran işində: 'Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər'
- ABŞ-ın BMT-dəki səfirindən Azərbaycana çağırış


OQTAY ƏSƏDOVA ŞİKAYƏT EDİB

Deputat və nümayəndəsi Kamandar Nəsibov məhkəmədə iştirak etmədiyindən onların etiraza münasibəti bəlli deyil.

Hakimə verilmiş etiraza məhkəmənin sədri baxıb qərar verməlidir. Bu məsələyə avqustun 23-də baxılacaq.

Qeyd edək ki, Nuranə Səfərova deputat Rüfət Quliyevdən Milli Məclisin sədri Oqtay Əsədova şikayət edib. Məktubunda xahiş edib ki, sələmlə pul verdiyini iddia ərizəsilə etiraf edən deputatla bağlı məsələ parlamentin İntizam Komissiyasının iclasında müzakirəyə çıxarılsın və buna hüquqi qiymət verilsin.

“DEPUTAT VERGİ ÖDƏYİBMİ?”

"Deputat Rüfət Quliyev həyat yoldaşımın ölümündən, mənim də kimsəsizliyimdən sui-istifadə edərək, 40 ildən çox yaxın dostluq etdiyi şəxsin başsız ailəsinə qarşı açıq şəkildə təqiblər həyata keçirir. Özünün deputat statusuna da məhəl qoymayaraq, hərəkətinə hüquqi "əsas" yaratmaq üçün primitiv formada öhdəlik müqaviləsi hazırlatdırıb məhkəməyə təqdim edib. Mənim həyat yoldaşımın maddi durumu elə idi ki, Rüfət Quliyevdən faizlə pul almasına ehtiyac yox idi. İkincisi belə bir hal olsaydı, mütləq mən bunu bilərdim.

Ən əsası, deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər Rüfət Quliyevin lisenziyası vardı? Deputat bu fəaliyyətinə görə vergi ödəyibmi?

İnanın ki, başıma gətirilənlər nəticəsində son əlac kimi, intihar həddindəyəm",
– Nuranə Səfərova yazır.

“ƏLİMİZDƏ SƏNƏDLƏR VAR”

Deputatın nümayəndəsi Kamandar Nəsibov AzadlıqRadiosuna bildirib ki, qarşı tərəfin səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyil. Vəkil deyir ki, cavabdeh tərəf deputatı şantaj edib, bu yolla onun verdiyi puldan imtina etməsinə nail olmaq istəyir:

"Bizim əlimizdə sənədlər, sübutlar, e-mail yazışmaları var. Rüfət Quliyev o pulu oğlu Toğrul Rüstəmzadənin xahişi ilə verib. Biz lazımi sübutları məhkəməyə təqdim etmişik. Bunlar mətbuatda yox, məhkəmə baxışında araşdırılası məsələlərdir. Məhkəmə də baxıb, öz qiymətini verəcək. Hüquqşünas olan və ya olmayan adamların bu cür məsələləri mətbuatda, internetdə müzakirəyə çıxarması yanlışdır".

XS
SM
MD
LG