Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:48

Rafiq Əliyev: 'Dövlətin saxlanması xatirinə kiminsə azadlığını pozmaq da olar'


Rafiq Əliyev
Rafiq Əliyev

Ölkə başçısı İlham Əliyev Azərbaycanın inzibati və cinayət qanunvericiliyinə din azadlığı ilə bağlı əlavələr təklif edib. Bu təkliflər Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılmalıdır.

Təkliflərdən biri Cinayət Məcəlləsinə dini fanatizm, düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması ilə bağlı əlavələr haqdadır. Sadalanan əməllərə yol verənlər 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs ilə cəzalandırılacaqlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev bu təkliflər haqda AzadlıqRadiosuna danışıb:

– Mənə elə gəlir ki, bu, düzgün qərardır. Başqa vaxt olsaydı, deyərdim ki, bu, çox çətin, ağır bir cəzadır. Yəni ərəb ölkələrindəki problemlər yaşanmasaydı, dini bu qədər radikallaşdırmasaydılar, ekstremistlər dindən hakimiyyəti devirmək, ölkənin nizam-intizamını pozmaq və onun yolunu-yönünü dəyişməkdən ötrü istifadəni gündəmə gətirməsəydilər, deyərdim ki, bu cəza sərtdir. Amma biz Suriyanın, Livanın, İraqın nə günə düşdüyünü görürük, mən şəxsən, istəməzdim dövlətimiz, xalqımız elə bir əzab çəksin. Demokratik yol, başqa yollar var. Amma güc yolu ilə hakimiyyəti dəyişmək, dini fanatizm əsasında dövlət qurmaq, monarxiya kimi bir şey yaratmaq istəyənlərin, indiki islamçıların etdiklərini, adam öldürməyi, baş kəsməyi Azərbaycana gətirmək niyyətində olanların yeri ömürlük həbsxana olmalıdır.

Rafiq Əliyev: 'Dövlətin saxlanması xatirinə kiminsə azadlığını pozmaq da olar' [audio]
Gözlə

No media source currently available

0:00 0:08:17 0:00
Direct-ə keçid

– Rafiq bəy, yəni hesab edirsiniz ki, Azərbaycanda dini fanatizm və onların hakimiyyəti zorla ələ almaq təhlükəsi realdır? Buna görə də qanunların sərtləşdirilməsinə haqq verirsiniz?

– Hesab edirəm ki, Azərbaycanda təhlükə ciddidir. Çünki İŞİD («İslam Dövləti» silahlı qruplaşması) deyilən təşkilatın, xurafatın rəhbəri Baghdadi müsahiblərində bir neçə dəfə deyib ki, «strateji hədəflərimizdən biri də Qafqazdır, Azərbaycandır». Azərbaycanı xüsusi qeyd edir, burda neft var, strateji nöqtədir. Bu yaxınlarda sizin radioya müsahibəmdə də bura gələn ərəb turistlərin çoxalmasını, onların içində radikalların olmasını qeyd etmişdim. Aydın şəkildə bizi də arada başa salırlar ki, «sözümüzə baxmasanız, sizi məcbur edəcəyik». Məcbur etməyin də başqa yolu yoxdur. Yalnız ölkədə təxribat yaratmaqla dövlət rəhbərinə təsir göstərmək olar. Biz də buna qarşı preventiv addımlar atmalıyıq. Yenə deyirəm, adi vaxtda olsaydı, deyərdim ki, «bu, ağır cəzadır, buna adi cinayət kimi baxmağımız lazımdır». Amma indi baş verənlər göstərir ki, söhbət dövlətə qarşı cinayətdən gedir. Suriyadakı cinayətləri görəndə, mən özüm o terrorçuları güllələmək istəyirəm. İnsanların başını kəsirlər, o yetim uşaqlar tökülüblər bütün Avropaya, suda boğulurlar. Ona görə də buna səbəb olanların yaşamaq haqqı yoxdur.

– Azərbaycanda bu təklif Türkiyədəki 15 iyul hadisələrindən sonra gündəmə gəldi. Belə düşünənlər də var ki, Azərbaycan eyni aqibətlə üzləşməkdən narahat olduğundan qanunları sərtləşdirir.

– Məncə, Türkiyədə həmin cəhd baş tutsaydı, onun ikinci səhifəsi Azərbaycan olacaqdı. Mütləq Azərbaycanda da buna cəhd edəcəkdilər. Nəticəsi nə olacaqdı, bilmirəm, amma Türkiyənin Azərbaycanla bu sahədə bağlılığı çox ciddidir. Nurçuların bir hissəsi Azərbaycandadır, burda oxuyanların bir hissəsi Türkiyədə yüksək vəzifədə çalışırlar. Türkiyədə uğur qazansaydılar, bu, Azərbaycana da gəlib çıxacaqdı. Ona görə də Azərbaycan həmin hadisələrdən sonra çox şeyi nəzərə alır, qanunları sərtləşdirir, profilaktik işləri genişləndirir.

– Təkliflərdən biri də ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların səsləndirilməməsi, dini atribut və bayraqlar nümayiş etdirilməməsi ilə bağlıdır. Sizcə, bu normaldırmı? Bunu dini azadlıqların məhdudlaşdırılması kimi, dini azadlıqların ibadətgahın dörd divarı arasına sıxışdırılması kimi dəyərləndirmək olarmı? Bir də əcnəbilərin dini mərasimlərin icrası da qadağan oluna bilər.

– Əcnəbi vətəndaşların dini mərasimlərdə iştirak etməməsi haqda müddəa hələ 2001-ci ildə, Dövlət Komitəsi yaradılanda nizamnaməmizdə, dini etiqad azadlığı haqda qanunda nəzərə alınmışdı. Bizim məscidlərdə əcnəbilər moizə söyləyə bilməzlər. Bu, o vaxtdan vardı. O ki qaldı, müəyyən tədbirlərdə kiminsə dini bayraq qaldırıb-qaldırmamasına, başa düşürəm ki, kimsə bunu dini azadlığının məhdudlaşdırılması kimi qəbul edə bilər. Amma bütün qanunlar, dini kitablar elə insan azadlıqlarını məhdudlaşdırmağı, onları müəyyən bir çərçivəyə salmağı hədəfləyir... Biz deyirik ki, ekstremizm yolu ilə hakimiyyətə gəlmək istəyənləri 20 illik, ya da ömürlük həbsxana həyatı gözləyir. Bəs bunlar haradan başlayır? Birinci dəfə haradasa məclisdə danışır, ikinci dəfə bayraq qaldırır,üçüncü dəfə beş bayraq qaldırılır və s... Məqsəd də bunun kökünü kəsməkdir. Kimsə bunu din azadlığına qarşı addım kimi dəyərləndirə bilər. Hərənin öz baxışı var.

– Amma bəzən azadlıqların boğulması, bu yöndə sərt addımlar qarşı tərəfi daha çox radikallaşdırır. Bu da təhlükəli deyilmi?

– Doğrudur, sərt addım sərtlik gətirir. Belə deyək, dövlətimiz həmin insanların ömürlük cəza almamalarından ötrü bura gətirən yolun qabağını əvvəlcədən alır. Buna belə də baxmaq olar. Vətəndaş birdən-birə dövlətin quruluşunu dəyişmək istəmir ki? Bura gətirən yollar var. Ona görə kökündən kəsmək lazımdır ki, əmələ gəlməsin. Düzdür, insanların söz, düşüncə azadlığı pozula bilər. Amma biz realist olmalıyıq, dövləti saxlamaq, əmin-amanlığı qorumaq çətindir. Ona görə nəyəsə getmək, nəyinsə üstündən adlamaq lazımdır, kiminsə azadlığını pozmaq da olar, dövlətin saxlanması xatirinə buna da getmək olar. Mən şəxsən düşünmürəm ki, inzibati qaydalarda cəzalar sərtdir. Sadəcə, deyilir ki, «bayrağını qoy yerə, Azərbaycan bayrağını qaldır». Azərbaycan bayrağı var, Azərbaycan Konstitusiyası var. Dini bayraq dini dövlətin rəmzidir və bu dini bayraq bizim dünyəvi dövlətdə keçirilən mərasimdə niyə qaldırılmalıdır? Niyə onu Azərbaycan bayrağı əvəzinə qaldırırsan? Sən Azərbaycan bayrağının göy, ya da İŞİD bayrağı kimi qara olmasını istəyirsən? Bu bayraq bir neçə dəfə qaldırılandan sonra sayı da artacaq, yüzlərlə olacaq və insanlarınşüurunda dəyişmə baş verəcək. Bunun qarşısını almaq üçün də addımlar atılır.

Buna da bax-'Arvadım İŞİD-ə qoşulub'

"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

XS
SM
MD
LG