Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:29

Direktor həbsdə, müəllimlərsə hələ də kredit ödəyir


Foto arxiv
Foto arxiv

-

«Direktor barəsində cinayət işi açılıb, istintaq bitib, bu gün – sabah iş məhkəməyə gedəcək, bizimsə kartımızdan bank hələ də pul tutur».

Aynurə Mirzəyeva Saatlıda məktəblərdən birində müəllimə işləyir. Hazırda analıq məzuniyyətindədir. AzadlıqRadiosuna danışır ki, hələ məzuniyyətə çıxmamışdan əvvəl o və müəllim işləyən həyat yoldaşı Sabirabaddakı 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva üçün öz adlarına «Kapital Bank»dan nağd pul krediti götürüblər. Ancaq direktor krediti ödəmədiyindən bank aylıq ödənişləri onların maaş kartlarından tutmağa başlayıb:

«FAİZLƏR DAYANDIRILMIR»

«Məsələ burasındadır ki, bu adam ev dustağıdır, istintaq da sübut edib ki, bizdən başqa təqribən 50 müəllimin adına kredit götürüb. Həmin müəllimlər də hazırda bizim vəziyyətdədirlər. Bununla belə, faizlər dayandırılmır, məbləğ bizim maaşdan çıxır. Dəfələrlə banka müraciət etmişik ki, adımıza kredit götürən adamın istintaqı gedir, heç olmasa, faizləri dayandırsınlar. Ancaq bank məhəl qoymur».

Aynurə Mirzəyeva deyir, 10 aydır ki, direktor ev dustaqlığına buraxılıb, ancaq bu müddətdə bircə müəllimin də adına götürdüyü krediti bağlamayıb:

«2015-ci ildən bizdən pul tutulur. Təkcə yoldaşımın adına 3500 manat götürüb. Ondan 145, məndən 25 manat tutulur. Analıq məzuniyyətində olduğumdan kartıma maaş oturmur deyə, indi pul tuta bilmirlər. Əvəzində isə məbləğ aybaay şişməkdə davam edir. Belə çıxır ki, analıq məzuniyyətim başa çatdıqdan sonra işə çıxanda, illərlə işləyib bu şişmiş məbləği ödəməli olacağam».

MƏHKƏMƏ ƏRİZƏNİ GERİ QAYTARIB

Bu ilin martında müəllimlər mülki iş üzrə iddia qaldırmaq istəsələr də, məhkəmə ərizənin düzgün yazılmadığını səbəb gətirərək geri qaytarıb.

Ötən ilin iyulunda müəllimlər kütləvi şəkildə şikayət ediblər. Sentyabrda məktəb direktoru barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Sonradan 308-ci maddə də əlavə olunub. Direktor əvvəl həbs olunub, ancaq sonra ev dustaqlığına buraxılıb. Bir ilə yaxındır ki, istintaqı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır.

Həmin vaxt Sabirabad polis şöbəsindən «Qaynar xətt»ə bildirilmişdi ki, məktəb direktoru banklardan Sabirabad sakinləri olan ayrı-ayrı vətəndaşların, əsasən isə rayon məktəblərinin müəllimlərinin adına xeyli məbləğdə pul krediti götürüb. Ancaq qaytara bilmədiyindən banklar kredit borcunu müəllimlərin əməkhaqqından tutur. Səbir kasası daşan müəllimlər də direktordan şikayət etmək məcburiyyətində qalıblar.

Sabirabad rayon təhsil şöbəsindən isə bildirilmişdi ki, Diləfruz Mustafayeva barəsində cinayət işi başlandığı üçün o, məktəb direktoru vəzifəsindən azad olunub.

DAHA ÇOX ZƏRƏRƏ DÜŞMƏMƏK

Hüquqşünas Vaqif Alıyev deyir, müqavilə üzrə krediti üzərinə öhdəlik götürən şəxs ödəməlidir:

«Əgər gələcəkdə məhkəmə ödəniş öhdəliyini barəsində hökm çıxardığı şəxsin üzərinə qoyarsa, bu, başqa məsələ. O zaman məhkəmə belə bir qərarı banka təqdim edir, bank da həmin qərara əsasən krediti həmin şəxsin üzərinə yönləndirir. Hazırkı durumda zərərçəkmişlər daha çox zərərə düşməməkdən ötrü yalnız istintaqın və məhkəmənin tezləşdirilməsinə nail olmalıdırlar. Nə qədər ki istintaq, daha sonra məhkəmə davam edəcək, öhdəlik həmin vətəndaşların üzərində olacaq».

Hüquqşünas deyir, yalnız məhkəmə belə bir qərar çıxararsa, təqsirləndirilən şəxs həm vətəndaşların qərar qüvvəyə minənədək banka ödədiklərini, həm də banklarda bitməmiş kreditləri ödəyəcək.

Elə müəllimlər də istintaqın yubanmasından narahatdırlar. Onlar 10 aydır ki, istintaqın davam etdiyini, bu müddət ərzində keçmiş direktor barəsindəki ev dustaqlığının iki dəfə uzadıldığını deyirlər.

XS
SM
MD
LG