Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:42

Dolların rolu azala bilərmi – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Mərkəzi bankların rezervlərində dolların payı azalır. Dolların 1999-cu ildə 71% olan çəkisi 2021-ci ildə 59%-ə düşüb

Sentyabrda ABŞ-dan kənardakı bankların dollarla öhdəliklərinin həcmi 17 trilyon olub. Bu isə bütün dünyada digər valyutaların birgə ekvivalentindən iki dəfə çox idi. “The Economist” dərgisi Rusiyanın Ukraynaya qarşı müharibəsinin dolların dünyada dominantlığına mümkün təsirini araşdırıb.

Məqalədə deyilir ki, avrodollar depozitlərinin ABŞ-ın birbaşa nəzarətində olmamasına baxmayaraq, Amerika tranzaksiyanı qanunsuz elan etməklə hədəfin dollara çıxışını bloklaya bilir. Elə Rusiyaya qarşı son tədbirlər də bu cür görülüb.

Yarıdan çoxu dollarla aparılan ixrac

Bu maliyyə konflikti dolların dominantlığına zərbə dəyəcəyi, çoxqütblü valyuta sisteminin bərqərar olacağı haqda müzakirələrə yol açıb. Çin yuanının daha böyük rol oynayacağı haqda fikirlər var. Dərgi yazır ki, dolların dominantlığı təkcə Amerika iqtisadiyyatının böyük, hökumətinin güclü olmasına bağlı deyil. Sistemin likvidliliyi, çevikliyi və etibarlılığının da köməyi dəyib və buna görə də qlobal rolunu saxlayacaq.

2020-ci ildə Beynəlxalq Valyuta Fondunun dərc etdiyi araşdırmaya görə, qeyri-Amerika və qeyri-Aİ ixraclarının yarıdan çoxu dollarla aparılıb. Asiya və Latın Amerikası bazarlarında bu pay uyğun olaraq 75 və 100 faizdir.

Dolların dominantlığının digər sütunu sərhədlərarası ödənişlərdəki roludur. Uruqvayla Banqladeş arasında idxal-ixrac pesonu dollara, sonradan dolları takaya çevirməklə aparıla bilir, nəinki valyutaları birbaşa konvertasiya etməklə.

Tendensiyalar

“The Economist” indilik dollardan üz döndərməyin çox az əlaməti olduğunu yazır. Fevralda SWIFT sisteminin qeydə aldığı hər beş tranzaksiyadan yalnız biri dollarla olmayıb.

Ancaq Kornel Universitetindən Esvar Prasadın fikrincə, alternativ ödəniş sistemləri, məsələn, Çinin Beynəlxalq Banklararası Ödəniş Sistemi dolların rolunu azalda bilər. O deyir, rəqəmsal valyutalardan istifadənin artması sonucda dollara ehtiyacı azaldacaq.

Kaliforniya Universitetindən Barri Eyçenqrinin martda dərc etdiyi araşdırmaya görə, mərkəzi bankların rezervlərində dolların payı azalır. Dolların 1999-cu ildə 71% olan çəkisi 2021-ci ildə 59%-ə düşüb. Bu fenomen bir sıra mərkəzi banklarda müşahidə olunur və bunu valyuta məzənnələrində dəyişikliklərlə izah etmək mümkün deyil.

Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma keçib. Qərb Moskvaya sərt maliyyə sanksiyaları tətbiq edib. Rusiya və müttəfiqi Belarusun bəzi bankları beynəlxalq SWIFT sistemindən çıxarılıb, Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq qızıl-valyuta ehtiyatı dondurulub.

XS
SM
MD
LG