Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:34

Video oyunlarına aludəlik rəsmən xəstəlik elan edilir


Dünya Səhiyyə Təşkilatı (DST) video oyunlarına aludəliyin ruhi xəstəlik kimi tanınmasına səs verib.

Bu xəstəliyin əsas simptomlarından birinin “kompüter oyunlarından insanın gündəlik həyatını dəyişəcək qədər ifrat və ya çılğın istifadə” olduğu bildirilir.

DST qeyd edir ki, fərdə bu diaqnoz qoyularkən kompüter oyunlarına aludəliyin onun şəxsi, sosial, təhsil, peşə və başqa mühüm funksiyalarını əhəmiyyətli şəkildə pozduğuna diqqət yetirilməlidir.

The Telegraph yazır ki, ötən il təşkilat video oyunlarına aludəliyi Beynəlxalq Xəstəliklər Təsnifatının 11-ci təftişinin siyahısına daxil etmişdi.

İndi isə DST-nin 194 üzvünün hamısı bu qərarın qəbul edilməsinə razılıq verib. Qərar 2022-ci il, yanvarın 1-də qüvvəyə minəcək.

Qərarda deyilir ki, oyun aludəliyinin rəsmi xəstəlik kimi qəbul edilməsi səhiyyə heyətinə aludəçilərə peşəkar yardım göstərmək imkanı verəcək.

Lakin DST-nin bu qərarı kompüter oyunları sənayesi tərəfindən əsəbiliklə qarşılanıb. Bu sahəyə daxil sənayeçilər məsələnin daha dərindən araşdırılmasını istəyirlər.

Qlobal Video Oyunları Sənayesi Assosiasiyalarının (Global Video Game Industry Associations) bəyanatında deyilir:

“DST-nin elmi icma ilə konsensus əldə etmədən belə bir qərar verməsi bizi narahat edir.Bugünkü qərarın həqiqətən də tibbi dəstəyə ehtiyacı olanlar üçün çox uzaqgedən, qeyri-ixtiyari nəticələri ola bilər”.

Bəyanatda bu da vurğulanır ki, DST-nin qərarı “kifayətli qədər inandırıcı faktlara” əsaslanmır.

Bu məsələdə doğrudan da kifayət qədər dəlillərin olmaması fikri ilə bəzi ekspertlər də razılaşırlar.

Journal of Behavioural Addictions jurnalında dərc edilmiş məqalədə deyilir ki, oyun aludəliyinin xəstəlik olması barədə qənaət “zəif elmi bazaya” əsaslanır və buna görə də DST bu məsələdə tələskənliyə yol verməməlidir.

Lakin Microsoft şirkəti bildirib ki, oyun sənayesi istifadəçilərin sağlamlığına görə “daha böyük məsuliyyət” nümayiş etdirməlidir.

Microsoft əlavə edib ki, valideynlər uşaqların oyundan istifadə və monitor vaxtını tənzimləyə bilərlər.

XS
SM
MD
LG